AZ EN RU

“Azərbaycan” qəzeti (1918-1920) kitabının təqdimatı

 “Naxçıvan” Universitetində “Azərbaycan” qəzeti (1918-1920) kitabının təqdimatı ilə bağlı konfrans keçirilib.

Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə mətbuat tariximizdə, xalqımızın milli şüurunun, istiqlal ruhunun formalaşmasında böyük roy oynayan Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin tam külliyyatının müasir Azərbaycan əlifbasına köçürülərək nəşrə hazırlanmasını yüksək qiymətləndirib. Bildirib ki, Cümhuriyyət tarixinin araşdırılmasında, öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların ilk mənbə kimi əhəmiyyəti olduqca böyükdür. Buna görə də “Azərbaycan” qəzetinin o illərdəki nömrələri şərəfli tarixi bir missiyanı həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirərək Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olub. 

“Azərbaycan” qəzetində erməni xislətinin ifşası” məruzəsi ilə çıxış edən “Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Nüşabə Məmmədova Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin orqanı olan “Azərbaycan” qəzetinin yaranma tarixindən söz açıb. Qeyd edib ki, Azərbaycan tarixini olduğu kimi xalqa təqdim edən bu mətbu orqanın böyük əhəmiyyəti vardır. Belə ki, qəzet erməni daşnakların Azərbaycan xalqına qarşı törətdiyi kütləvi soyqırımın gərçək tərəflərini üzə çıxarıb. Ermənilərin azərbaycanlılara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımları sübut edən dəyərli yazılar bu qəzetdə işıq üzü görüb.

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva “Azərbaycan” qəzeti Cümhuriyyət dövründəki həyatın ictimai-siyasi aynasıdır” məruzəsi ilə çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, XX əsr Azərbaycan mətbuat tarixində müstəsna yeri olan “Azərbaycan” qəzeti ilə bağlı bu maraqlı konfransı təşkil etdiyinə görə “Naxçıvan” Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, mürəkkəb bir dövrdə işıq üzü görən “Azərbaycan” qəzeti həmin dövrə qədər çap olunan bir çox qəzetlərdən fərli olaraq tarixi bir missiyanı həyata keçirib.Qəzet rəsmi mətbuat orqanı kimi o illərdə ölkədə demokratikləşmə və hüquqi dövlət quruculuğu naminə həyata keçirilən tədbirlərə geniş yer ayıraraq, hökümətin qəbul etdiyi qərarlar, fərmanlar, sərəncamlar barədə məlumatları dərc edib.

Naxçıvan Müəllimlər İnstitutunun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Həsənəli Eyvazlı “Azərbaycan” qəzetinin nəşri tarixi keçmişimizə ehtiramın bariz nümunəsidir” məruzəsi ilə çıxış edib. Diqqətə çatdırıb ki, 15 sentyabr 1918-ci il tarixindən başlayaraq həftədə iki dəfə çıxan və hər səhifəsində tarix yaradan, AXC-nin müstəqil fəaliyyətinə şahidlik edən “Azərbaycan” qəzetinin qısa müddətdə geniş fəaliyyətinin və möhtəşəm işlərinin şahidi oluruq. Qəzet ilk sayından başlayaraq Azərbaycan höküməti ilə xalqın birləşmə qaynağına çevrilib.

“Şanlı-şövkətli Azərbaycan-“Azərbaycan” qəzetinin Cümhuriyyət dövrünün çapı haqqında” məruzəsi ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Ramiz Qasımov qəzetin əhəmiyyətini vurğulayaraq bildirib ki, cümhuriyyətin bütün siyasi-ictimai, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsinin əks olunduğu bu qəzetin səhifələrində ölkədə baş verən bütün sahələrə toxunulub. Dövlət quruculuğu, hökümətin siyasəti, Azərbaycan qəzalarındakı vəziyyət, iqtisadi və sosial problemlər, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafı, siyasi qüvvələr arasındakı mübarizə, mühüm beynəlxalq hadisələr və bu hadisələrə Azərbaycanın münasibəti və s. bu kimi məsələləri qəzetin səhifələrində izləmək mümkündür.

“Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi, dosent İman Cəfərov “Azərbaycan” qəzetində çap olunmuş materialların mövzu dairəsi” adlı məruzəsində “Azərbaycan” qəzetinin tam külliyyatının ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək nəşr olunmasını XXI əsr Azərbaycan mətbuatşünaslığının ən böyük uğuru kimi qeyd edib. Bildirib ki, digər mətbu orqanlarımız milli maarifçilik uğrunda mübarizə aparmışlarsa, “Azərbaycan” qəzeti milli dövlətçilik uğrunda mübarizə aparıb. Bu mənada da qəzet milli dövlətçiliyə sadiqliyin nümunəsidir, milli örnəkdir, demokratiya, söz azadlığı tariximizin öyrənilməsinə xidmətdir.

Konfrans “Naxçıvan” Universitetinin Elmi Kitabxanasının müdiri Emelya Süleymanovanın kitabın elektron formatda istifadəsinin nümayişi ilə yekunlaşıb.

Nəşr edilib : 07.03.2023 18:04