AZ EN RU

Azərbaycan-Qazaxıstan qardaşlığının uğurlu inteqrasiyası

    “Həmrəyliyimizin ən böyük ideyası – Azərbaycançılıq” rubrikasının qonaqlarından biri də Qazaxıstandan Vətəninə salam və qucaq dolu sevgi yollayan İlkin Orucovdur. “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru olan müsahibimiz 2013-cü ildə Belqorod Dövlət Milli Tədqiqat Universitetinin Mədəniyyətlərarası Rabitə və Beynəlxalq Münasibətlər bölümünü bitirib və Moskvada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında magistratura təhsili alıb. Ölkəsinə qarşı dərin sevgi bəsləyən, Vətəndən uzaqda olsa da, qəlbən yurduna bağlı olan həmsöhbətimiz indi yüz mindən çox azərbaycanlının yaşadığı Qazaxıstanda xalqımızı təmsil edir. İlkin Orucov öz fəaliyyətindən belə danışır: “Qazaxıstan və Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi böyük tərəqqi və nailiyyətlər bütün müstəqillik dövründə regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu ölkələrin bir-biri ilə birlik və həmrəyliyinin təşviqi həm Türk dünyası, həm də bütövlükdə, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 
    Müsahibim bildirdi ki, 2023-cü ilin fevral ayında “Azərbaycan Mərkəzi” İctimai Fondu yaradılıb. Azərbaycan Mərkəzi ölkənin aparıcı universitetlərindən biri sayılan Şahrmardan Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində yerləşir.
    Burada həmvətənlərimiz üçün bir çox imkanlar yaradılıb. Azərbaycan Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dil kursları fəaliyyət göstərir və mərkəzdə soydaşlarımız Azərbaycan dilini öyrənə bilərlər. Qazaxıstan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarına hüquqi və mənəvi dəstək göstərmək məqsədilə cari ilin sentyabr ayında “Konsultasiya kabineti” adlı sosial əhəmiyyətli layihəyə start verilib. 
    Bu ilin ilk və genişmiqyaslı tədbirlərindən biri də Azərbaycan Respublikasının Gənclər Günündə ilk “Azərbaycan-Qazaxıstan Gənclər əməkdaşlıq forumu”nun keçirilməsi idi. 
    Aktauda bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş böyük bayram konserti, Xalq yazıçısı Elmira Axundovanın qazax dilində “Zərifə və Heydər Əliyev – əbədi sevgi” kitabının təqdimatı yaddaqalan olub. 
    Müsahibimiz onu da qeyd etdi ki, bu bayram bizim üçün dərin məna kəsb edir. “Dəmir yumruq” kimi birləşərək, eyni məqsəd, eyni qayə uğrunda çalışaraq güclü Azərbaycan üçün hər zaman həmrəy olduğumuzun bütün dünyaya bəyan edildiyi gündür. Dəmir həmrəyliyimiz inanırıq ki, əbədi olacaqdır. Birlikdən qüvvət doğar, biz də birlikdə daim güclü olacağıq. 

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 30.12.2023 18:31