AZ EN RU

Azərbaycan-Qazaxıstan əlaqələri: Xəzərin hər iki tayını birləşdirən qardaşlıq körpüsü

Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. Son ilyarımda belə səfərlərin dinamikasına nəzər salsaq, Azərbaycan Prezidentinin Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidentinin isə bu səfərlə birgə ölkəmizə üçüncü dəfə gəldiyinin şahidi oluruq. Qazaxıstan dövlət başçısının Azərbaycana bu dəfəki səfəri isə bir çox əhəmiyyətli tərəfləri ilə seçilir. Xüsusilə bu yaxınlarda yenidən yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin Türk dövlətləri ilə əməkdaşlığın ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu açıqlaması qarşıdakı dövrdə mövcud əlaqələrin daha da dərinləşdirilməsi zərurətini ortaya qoydu. Qazaxıstan isə bu sırada daha çox gözlənilən idi. Çünki tarixi qardaşlıq əlaqələri ilə bərabər, həm də TransXəzər nəqliyyat dəhlizinin bir bağlantısı olan və ərazisinə görə dünyanın doqquzuncu ölkəsi sayılan Qazaxıstan Çindən Avropaya uzanan dəhlizin əsas halqası kimi Türk dünyasında da mühüm potensiala malikliyi ilə seçilir.

Vurğulamaq lazımdır ki, hər iki ölkənin dostluq və qardaşlıq ənənələri əsrlərə söykənir. İki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin avqust ayında qurulub. Ötən dövrdə Azərbaycan-Qazaxıstan münasibətləri böyük inkişaf yolu keçib və bu əlaqələr strateji səviyyəyə qədər yüksəlib. Bunun nəticəsidir ki, Qazaxıstan Prezidentinin hələ 2022-ci ilin avqustunda ölkəmizə səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Bu sənəd növbəti dövr üçün əlaqələrin xarakterini və formasını müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il noyabrın 2-də Qazaxıstana səfərində  Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Təsadüfi deyil ki, Qazaxıstan Prezidentinin Azərbaycana son səfəri kompleks xarakter daşımış, doqquz dövlətlərarası sənəd imzalanmışdır. Bu sənədlərin əhatə etdiyi sahələrə nəzər salsaq, qarşılıqlı əlaqələrin bir çox vacib istiqamətlər üzrə müəyyənləşdiyini deyə bilərik.

Qazaxıstan türk dövlətləri içərisində mühüm iqtisadi potensiala malik ölkələrdəndir. Kənd təsərrüfatı sahəsinə baxsaq, bu türk dövləti dünyada taxıl istehsalına görə ilk onluqdadır. 2011-ci ildə Qazaxıstan 27 milyon ton taxıl istehsal edərək rekord səviyyəyə çatmışdır. Aqrar sahə ilə yanaşı, maşınqayırma, mədən və kimya sənayesi də qardaş ölkədə inkişaf etdirilən əsas sahələrdəndir. Böyük dənizlərə çıxışı olmayan Qazaxıstan həm də Xəzərdə yetərli karbohidrogen yataqlarına sahibdir. Hələ 2009-cu ildə BP şirkəti Qazaxıstanda neftin sübut edilmiş ehtiyatlarının həcminin 6,5 milyard ton,  proqnozlaşdırılan ehtiyatların yalnız Xəzər dənizinin Qazaxıstan sektoruna aid olan yerlərində isə 17 milyard tondan çox olduğunu bildirmişdi. Həmçinin həmin ilin əvvəlinə olan məlumata görə, Qazaxıstanın aşkar edilmiş təbii qaz ehtiyatları 1,82 trilyon kubmetr təşkil edirdi ki, (BP-nin hesablamalarına əsasən) bu da dünya ehtiyatlarının 1,7 faizinə bərabərdir.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda yeni reallıqların yaranması həm Azərbaycan, həm də Qazaxıstan qarşısında böyük üfüqlər açır. Xüsusilə TransXəzər nəqliyyat dəhlizi hər iki ölkə üçün böyük perspektivlər vəd edir. Bu kontekstdə Azərbaycan Xəzəryanı ölkələr üçün nə qədər açar rolunu oynayırsa, Qazaxıstan da Çin, ümumlikdə isə Şərq ölkələri üçün bir o qədər əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Qazaxıstan liderinin Bakı səfərində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasiminin təqdimatı həm də bu layihənin əhəmiyyətini ortaya qoyurdu. Sözsüz ki, bu layihə digər sahələrlə bərabər Qazaxıstan və Azərbaycan arasında nəqliyyat-logistika tərəfdaşlığının da bariz nümunəsi kimi diqqəti cəlb edir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfərində maraqlı məqamlardan biri də hər iki ölkə arasında 300 milyon ABŞ dolları dəyərində investisiya fondunun yaradılmasının planlaşdırılması idi. Bu fond hər iki dövləti maraqlandıran layihələri, eləcə də  Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında birgə prioritet layihələrin maliyyələşdirilməsini də təmin edəcək. Sözsüz ki, son illərdə hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsi xarici ticarət dövriyyəsinin artmasına imkan verib. Hazırda bu sahədə müsbət dinamika müşahidə olunur. Belə ki, təkcə ötən il adıçəkilən iki ölkə arasında ticarət dövriyyəsi 598,47 milyon dollar olub. Eyni zamanda 2023-cü ildə tranzit yükdaşımaların həcmi 65 faiz artıb və 4,2 milyon tona çatıb. Ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında yükdaşımalar 2,5 dəfə artıb. Çindən konteyner daşınması isə 3 dəfə artıb. Səfər çərçivəsində Qazaxıstanın “KazMunayQaz” və Azərbaycanın SOCAR neft şirkətləri arasında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin həcminin 2,2 milyon tona çatdırılması barədə Sazişin imzalanması da iqtisadi əlaqələrin inkişafı üçün yetərli potensialın olduğunu göstərir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti çıxışında xüsusi olaraq vurğuladı ki, Xəzər dənizi Qazaxıstan ilə Azərbaycanı ayırmır, əksinə, iki qardaş dövlətin yaxınlaşması üçün körpü rolunu oynayır.

Təbii ki, Qazaxıstan və Azərbaycan arasında istənilən sahədə əməkdaşlıq ilk olaraq dostluq və qardaşlıq prinsipinə əsaslanır. Xüsusilə Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında hər iki liderin iştirakı, eləcə də dövlət başçılarının Şuşaya birgə səfəri, mətbuata bəyanatlarda məxsusi tezislərin vurğulanması qardaşlıq münasibətlərinin ruhundan irəli gəlirdi.

Bu səfər həm də onu ortaya qoydu ki, Qazaxıstan və Azərbaycan əldə olunan razılaşmalara əsasən bundan sonra bir-birinə daha yaxından dəstək göstərəcəklər. Hər iki ölkə istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istər enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılmasında, istərsə də milli təhlükəsizlik məsələlərində daha fəal iştirak edəcəklər. Əgər bəzi siyasi dairələrin düşüncəsinə görə Nazarbayev dövründən sonra Qazaxıstanının Türk dövlətləri arasında mövqelənməsi çətin görünürdüsə, bu səfərdən sonra həmin düşüncələr də tarixin arxivinə yuvarlandı. Artıq irəliyə getmək vaxtıdır. Türkün düşüncəsində isə qardaşı arxada qoymaq məntiqi yoxdur!

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 14.03.2024 10:52