AZ EN RU

Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub

Ümummilli Lider Heydər ƏLİYEV: “Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur. Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə – Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər.”
Prezident İlham ƏLİYEV: “Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları, həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.”
Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır. Azərbaycan qadını dövlət idarəçiliyində öz sözünü demiş və onların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bu gün zərif, incə qəlbli və möhkəm iradəli insanların – anaların, bacıların, qız-gəlinlərin bayramıdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə söhbətimizdə də ölkəmizdə bu zərif cinsin nümayəndələrinin tutduğu mövqe, onların ictimai-siyasi həyatda rolu və digər məsələlər barədə danışdıq. Ona ilk sualımız belə oldu:
    – Ramilə xanım, bu, bir həqiqətdir ki, ölkəmizdə dövlət-qadın siyasətinin güclənməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlamış, qadınların ictimai-mədəni həyatda yeri daha da möhkəmlənmişdir. İstərdik ki, bu barədə bir qədər geniş məlumat verəsiniz...
    – Tamamilə doğrudur. Ümummilli Liderimizin ölkəmizə rəhbərliyinin birinci dövrünə nəzər salanda Azərbaycan qadınının inkişaf dinamikasını görürük və bu belə bir fikri təsdiq edir ki, həmin dövr həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə, qadınların əkin-biçindən sənaye, iqtisadiyyat, elm sahələrinə keçidinə görə tariximizin ən parlaq səhifələridir. Ulu Öndər ideyaları iqtisadi inkişafda, milli-mədəni dirçəlişdə, milli özünüdərk duyğularında, milli ruhun yüksəlişində, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik düşüncəsinin formalaşmasında Azərbaycan qadınının hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratmış, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolda addımlamağına əsas vermişdir. Həmin illərdə 298 qadın fəxri ad və mükafatlarla, o cümlədən təkcə onu qeyd etmək kifayətdir ki, 11 qadın o dövrün ən yüksək adı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif olunmuşdur. 
    1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət qadın siyasəti daha da gücləndirilmiş, qadının cəmiyyətdəki fəallığının artırılması üçün məqsədyönlü addımlar atılmış və qadın hərəkatına dövlət tərəfindən qayğı xeyli dərəcədə artmışdır. Bunun nəticəsidir ki, Azərbaycan qadını ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilmiş və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına ciddi diqqət göstərilmişdir. 
    – Xüsusilə dövlət qadın siyasəti yeni mərhələyə qədəm qoymuşdur.
    – Bəli, həmin dövrdən başlayaraq Azərbaycan Respublikasında qadın hüquqları ilə əlaqədar möhkəm, dayanıqlı hüquqi baza yaradılmış, ölkəmiz müvafiq sahə ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşdur. Belə ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləmiş, qadınların demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratmışdır. Ümummilli Lider  qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət edirdi. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmçinin “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncam və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanın Ulu Öndər tərəfindən imzalanması ölkədə uğurla həyata keçirilən dövlət qadın və gender siyasətinin nə qədər önəm kəsb etdiyindən xəbər verir.
    – Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətəndaşında qürur, fərəh və şərəf hissi yaradır.
    – “Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hazırda müstəqil ölkəmizdə dövlət qadın və gender siyasəti uğurla həyata keçirilir. Qadınların hüquqlarının qorunması, sosial problemlərinin həlli ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilir, Dövlət proqramları qəbul edilir. Ölkəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətə başlaması, həmçinin müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, xüsusən də 2006-cı il 10 oktyabr tarixdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Gender siyasətinin tələblərinə uyğun olaraq hazırda ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. 
    Qürurvericidir ki, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət qurucu­luğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirmişdir. Fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  simasında dünya dövlətlərinə dərin bilik və intellektə malik ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanım Əliyeva həmişə əhalinin sosial məsələlərinin həll olunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan ailələrin, qadınların və uşaqların problemlərinin öyrənilməsi və onlara qayğı göstərilməsi istiqamətində xeyirxahlıq missiyasını həyata keçirir. Həmçinin Mehriban xanım beynəlxalq ictimaiyyət qarşısında nüfuz qazanan ictimai-siyasi xadim adını daşımaqla hər kəsə örnək olan ana, bacı, həyat yoldaşı və digər vəzifələri layiqincə yerinə yetirən əsl Azərbaycan qadını nümunəsidir. 
    Dövlət qadın və gender siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm göstəricilərindən biridir. 
    – Bu gün qürur duyuruq ki, Naxçıvan qadınları muxtar respublikanın sosial-iqtisadi, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Onlar dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil,  mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. 
    – Doğrudur. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, muxtar respublika əhalisinin 50,07 faizi, işləyən təbəqənin 39,23 faizi qadınların payına düşür. Təhsil sahəsində işləyənlərin 69,22 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 81,70 faizini, istirahət, əyləncə - incəsənət sahəsində işləyənlərin isə 61,11 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda işləyənlərin 24 faizdən çoxu qadınlardır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24,44 faizini qadınlar təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25 109-u, yaxud 46,7 faizi qadındır ki, onların da 113-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin  221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir. Muxtar respublikada Ali Məhkəmənin sədri, Ombudsman, komitə sədri və müavini, həmçinin icra başçısının müavinləri, hakim, vəkil və Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində çalışan qadınlarımız da vardır. Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. Muxtar respublikada 6 mindən artıq qadın idmanla məşğul olur ki, bu da idmanla məşğul olanların 24,06 faizi deməkdir.
    Muxtar respublikada təhsilin inkişafına xüsusi qayğı göstərilir. Yaradılan şəraitdən istifadə edərək yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran gənc nəsil yetişir və onlar arasında hər sahədə olduğu kimi, qızlarımızın da rolu diqqətəlayiqdir. Naxçıvan qadınları professor, elmlər doktoru, dosent, fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnərək elmi fəaliyyətləri ilə Azərbaycan elminə mühüm töhfələr verirlər. Belə ki, muxtar respublikada 1 professor,       6 elmlər doktoru, 60-dan artıq dosent, 120-dən artıq fəlsəfə doktoru olan qadın vardır.
    Məlumdur ki, qadın siyasətinin nüvəsini təşkil edən amillərdən biri də qadın sağlamlığıdır. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsi daim nəzarətdə saxlanılır. 
    – Ramilə xanım, bu gün artıq naxçıvanlı qadınları iqtisadi fəaliyyət sahələrində də görürük.
    – Bəli. Bu gün muxtar respublikamızda qadınların özünüməşğulluqlarının artırılması, eyni zamanda mikrosahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi üçün qrant layihələri həyata keçirilir. Belə ki, icra olunan sosialyönümlü layihələr çərçivəsində yüzlərlə qadın özünüməşğulluğa cəlb olunmuş, onlara sərmayə kapitalı verilmiş, maliyyə dəstəyi göstərilmişdir. Həmin qadınlar məşğul olduqları sahələr üzrə fəaliyyətlərini qurmuş, müvafiq sahədən gəlir əldə edərək onu daha da artırmışlar. Aid təşkilatlar tərəfindən daim onların sərmayə kapitalından düzgün istifadəsi ilə bağlı təsərrüfat sahələrində monitorinqlər həyata keçirilir. Bu da gələcəkdə qadınların kiçik və orta sahibkar kimi fəaliyyət göstərmələrinə zəmin yaradır. Hazırda muxtar respublikada 3681 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
    – Komitə olaraq qadınlarla bağlı həyata keçirdiyiniz tədbirlərin onlar tərəfindən razılıqla qarşılandığının da şahidiyik.­ ­  Bu barədə nə deyərdiniz?
    – Muxtar respublikamızda həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. Ötən il komitə tərəfindən  özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 223 şəxsin 15844 manat dəyərində 1528 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilmişdir.
    Həmçinin muxtar respublikada tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, şəhid, əlil, aztəminatlı, tək ailə başçısı olan qadınların problemlərinın həlli ilə əlaqədar tədbirlər görülür, onların məşğulluğunun təmini, müvafiq peşəyə yiyələnmələri, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün peşə kursları təşkil edilir, qadınlar peşəyönümlü təlimlərə cəlb olunurlar. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan qadını daim ailə dəyərlərinin qorunması, ailəsinin sağlamlığının təmin olunması, üzərinə düşən vəzifələrin istər ailədə, istərsə də cəmiyyətdə həyata keçirilməsi ilə bağlı əlindən gələni əsirgəməmişdir. Bunun nəticəsidir  ki,  Azərbaycan qadınının böyüdüb tərbiyə verdiyi igid, vətənpərvər, mərd oğulları sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu, torpaqlarımız işğaldan azad edildi.   
    Bütün dövrlərdə, xüsusən də ölkəmiz müstəqillik qazandığı ötən müddət ərzində muxtar respublika qadınlarının fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, 188 qadın Azərbaycan Respublikasının, 204 qadın Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 185 qadın isə orden, medal və nişanlarla təltif olunmuşdur. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət qurucu­luğu prosesində onların rolunu gücləndirir.
    Qeyd edilənlər deməyə əsas verir ki, Naxçıvan qadınları həmişə olduğu kimi  muxtariyyətin 100-cü ilində də ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, onlara göstərilən etimadı doğruldacaq, müstəqillik salnaməsini yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir. Bu gün beynəlxalq qadınlar günüdür. Ölkəmizdə də təntənə ilə qeyd olunan qadınların bu bayramı xalqımızın, müstəqillik ideyası ətrafında getdikcə daha sıx birləşən cəmiyyətimizin bayramıdır. Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
    – Müsahibə üçün sağ olun.

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 08.03.2024 10:54