AZ EN RU

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi.

Azərbaycanda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olundu. Vurğulandı ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Nəşr edilib : 30.04.2023 16:10