AZ EN RU

Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri

    “Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin müsahibəsi. Bu müsahibə jurnalın 1997 (5.3) sayında dərc olunub və ilk dəfə tərcümə edilir.
    Betti Bleyer: – Aşağıdakı müsahibə 1997-ci ilin avqustun 3-də Prezident Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri zamanı baş verdi. Bu onun Amerika Birləşmiş Ştatlarına 11 günlük (27 iyul-6 avqust) səfərinin səkkizinci günü, Nyu-Yorka, Vaşinqtona, Kolumbiya dairəsinə, Hyustona və Çikaqoya səfər etdiyi vaxt idi. İki gün əvvəl Prezident Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonla görüşmüşdü və Ağ Evdə üç əsas neft müqaviləsini imzalamışdı. Bu səfər Prezident Əliyevin Birləşmiş Ştatlara üçüncü səfəri idi. O, Birləşmiş Millətlər Təşkilatında (1994 və 1995) çıxış etmişdi və hər iki tədbirdə, 1994-cü ildə Budapeştdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Sammiti daxil olmaqla digər tədbirlərdə Prezident Klintonla qeyri-rəsmi görüşmüşdü.
    Nadir hallarda jurnalistlər Prezident Əliyevdən şəxsi suallar soruşmağa cəsarət edir. Xarici jurnalistlərin ondan müsahibə götürməyə imkanı olanda, adətən, regionda ən axırıncı siyasi və iqtisadi hadisələrlə əlaqəli cari sualları soruşurlar. Digər tərəfdən, azərbaycanlı jurnalistlər şəxsi mövzulardan uzaq olan, sovet dövründə müəyyən olunmuş daha çox formal, ənənəvi jurnalist üslubuna riayət etməyə meyillidirlər.
    Buna görə də mən 1993-cü ildən başlayan digər müsahibələrimdə, bir qayda olaraq, onun xarakterini, şəxsiyyətini və bəzi maraqlarını üzə çıxaran mövzuları təqdim etməyə cəhd etmişəm. Mən Amerika Birləşmiş Ştatlarına bu səfərdə Prezidenti müşayiət edən 60 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində yeganə qeyri-azərbaycanlı idim və gündəlikdə açıq müzakirə edilmiş adi problemlərdən düşünərək boyun qaçırdım. Bu müsahibə Hyuston və Çikaqo arasında təyyarədə uçuş vaxtı təşkil olundu.
     Betti Bleyer: – İcazə verin, sualıma burada, Amerika Birləşmiş Ştatlarında sizə göstərilən qonaqpərvərlik və səmimiyyətlə bağlı fikirlərinizi soruşmaqla başlayım. On ildən bir az əvvəl, Birləşmiş Ştatlar və sovet ittifaqı bir-birini ən qorxulu düşmən hesab edirdilər. Hər iki dövlət öz sisteminin digər sistemin üzərindəki üstünlüyü ilə özünü öydü. Və onların hər ikisi “hiyləgər pis oğlan” kimi biri digərini iblisləşdirmək üçün öz təbliğat alətlərindən sui-istifadə etdilər. Bu düşmənçilik və etimadsızlıq dövrünün əksinə olaraq, amma bu gün siz Birləşmiş Ştatlarda ən yüksək səviyyədə səmimiyyət və razılıqla qəbul edildiniz. Bəzən insanların bir-birinə qarşı necə soyuq və inamsız davrandıqlarını xatırlamaq çox çətindir. Siz bu görünməmiş hadisəni necə izah edirsiniz?
    Heydər Əliyev: – Bildiyiniz kimi, sovet ittifaqı artıq mövcud deyildir. Güclü dövlət kimi, sovet ittifaqı (Azərbaycan da onun bir hissəsi idi) Birləşmiş Ştatlar ilə rəqabət apardı. Soyuq müharibə bizim aramızda belə uzun zaman tüğyan etdi, çünki dünya, əsasən, iki düşərgəyə – kapitalistlərə və sosialistlərə bölündü. Sovet ittifaqı sosialist düşərgəsini idarə etdi və müxtəlif ölkələri, xüsusilə müstəqilliklərini qazandıqdan sonra Afrika ölkələrini müstəmləkəyə çevirmədən öz tərəfinə çəkməyi bacardı. Ancaq indi sovet ittifaqı dağılıb və soyuq müharibə qurtarıb. Əgər sovet ittifaqı tənəzzülə uğramasaydı, əlbəttə, Azərbaycan bu gün müstəqil ölkə ola bilməzdi. Əgər, ittifaq dağılmasaydı, özünün 50 milyondan çox əhalisi ilə Ukrayna da daxil olmaqla keçmiş sovet ittifaqı respublikalarının heç biri müstəqil ola bilməzdi.
    Lakin, nəhayət, indi Azərbaycan 70 ildən sonra yenidən bir daha milli müstəqilliyinə nail olub! Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları və Azərbaycanın arasında belə səmimiyyət olmasının ən vacib səbəblərindən biri budur ki, biz indi müstəqilliyimizi qoruyub saxlamağa və gücləndirməyə cəhd edirik. Siz nəzərə almalısınız ki, bizim regionda müstəqilliyimizi boğmağa cəhd edən ölkələr var. Məhz ona görə, biz müstəqilliyimizi boğmaq istəyən o qüvvələrə qarşı müqavimət göstərən bir güc kimi Amerika Birləşmiş Ştatlarına inanırıq. Başqa sözlə, biz ümid edirik ki, Birləşmiş Ştatlar bir ölkə olaraq müstəqilliyimizi qorumaqda bizə kömək edəcək.
    İkincisi, biz Azərbaycanda hüquqi, dünyəvi və demokratik dövlət qururuq. Başqa sözlə, Azərbaycan Qərb meyarlarına uyğun yaşamaq üçün uğurlu addımlar atır. Bu, səmimiyyət və mehriban əlaqələr üçün başqa bir səbəbdir.
    Və üçüncüsü, biz Birləşmiş Ştatlarla çox geniş iqtisadi əlaqələr qurmuşuq. Siz Azərbaycana səfər edən Amerika şirkətlərinin bir çoxunu, xüsusilə neft şirkətlərini görmüsünüz. Bu ötən iki günün hər ikisində – dünən və bu gün mən bu şirkətlərin çoxunun prezidentləri və baş direktorları ilə görüşdüm. Bu göstərir ki, bizim ölkəmizdə təsis olunmuş və artıq işləyən şirkətlər fəaliyyətlərini genişləndirmək istəyirlər. Bizimlə işləməyə hələ başlamayan şirkətlər isə işə başlamaq üçün yollar axtarırlar.
    Məsələn, bir şirkət etiraf etdi ki, il yarım əvvəl onların idarə heyəti Xəzər dənizi regionuna sərmayə qoymamaq üçün qərar qəbul edib. Ancaq bu gün onlar fikirlərini tamamilə dəyişiblər. Onlar səhv etdikləri və gecikdiklərini mənə açıq etiraf etdilər. İndi Azərbaycanda inkişafda olan bir sahə ilə məşğul olmaq üçün onlara icazə verilməsini bizdən xahiş edirlər. Beləliklə, bütün bu amillər bizim burada, Birləşmiş Ştatlarda şahidi olduğumuz qonaqpərvər, səmimi münasibətlərə, eyni zamanda öz töhfəsini verir.
    Betti Bleyer: –  Ötən həftə ərzində siz çıxışlarınızda bir neçə əsas məsələləri vurğuladınız. Bizim oxucularımızın məlumatlanması üçün çox vacib hesab etdiyiniz digər mövzular varsa, onları da öyrənmək istəyərdim. Mən problemləri aşağıdakı kimi qruplaşdırardım: 1) Dağlıq Qarabağ münaqişəsinin həlli; 2) Konqresin Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvi üçün zəruri ehtiyac; 3) Açıq-aşkar Azərbaycanın əleyhinə istifadə edilməsi məqsədilə Rusiyanın Ermənistanı bir milyon dollar dəyərində silahlarla təchiz etməsinin qeyri-qanuniliyi; 4) Rusiya-İran əlaqələri; 5) Xəzər dənizinin neft ehtiyatlarını inkişaf etdirən və dənizin aid olduğu ölkələrlə münasibətdə Xəzərin statusu; 6) Və nəhayət, Azərbaycanda xarici sərmayəçilər üçün biznes imkanları. Mənim sualım belədir ki, oxucularımızın bilməsi üçün digər əsas müzakirələr də oldumu?
    Heydər Əliyev: –  Bunlar əsas problemlərdir. Əgər siz oxucularınıza bu fikirləri təqdim etməyə müvəffəq olsanız, bu məlumatlar kifayət qədər çoxdur. İcazə verin, oxucularınız o problemləri başa düşsün, sonra mən sizə bir qədər də məlumat verəcəyəm.
    Betti Bleyer: –  Siz vaxtınızın çoxunu burada, Birləşmiş Ştatlarda çıxışlar etməklə keçirdiniz. Geriyə qayıdanda Azərbaycanda da eyni olur. Sizin hər iki çıxışınız və Corctaun Universitetində izlədiyim görüşdəki sual-cavab, məndə xüsusilə təəssürat yaratdı. Çıxışınız dəqiq və yığcam olmasına baxmayaraq, eyni zamanda amerikalıların Azərbaycanla bağlı problemləri başa düşməsi və öyrənməsi üçün lazımlı, dəqiq məlumatları verdi.
    Mən bu illər ərzində sizi müşahidə etdiyimə görə, hesab edirəm ki, prezident kimi sizin gücünüzün böyük hissəsi natiqlik bacarığınız – özünüzü ifadə etmək və başqalarını inandırmaq qabiliyyətiniz ilə bağlanır. Mən düşünürəm ki, siz həyatınızı çıxışlar etməklə keçirmisiniz. Mən sizin gənc yaşda kütlə qarşısında çıxışlarınızda qazandığınız təcrübələriniz haqqında bilmək istəyirdim.
    Heydər Əliyev: –  Siz bu sualı verdiyiniz üçün mən sizə deyirəm ki, bu mənim anadangəlmə istedadımdır. Bu fitri istedaddır. Təhsil almaqla və ya gərgin işləməklə, hətta çoxlu nitq söyləməklə, bunu, sadəcə, qazanmaq olmaz. Şübhəsiz, mənim həyat təcrübələrim də mühüm rol oynayır. Mən çox işlər görmüşəm. Mənim çoxlu təcrübəm olub. Mən çox şeyləri görmüşəm və mən geniş auditoriyaların qarşısında tribunada çıxışlar etmişəm. Buna görə də təcrübənin rolu da danılmazdı.
    Ancaq mənim danışıq qabiliyyətimin əsası təbiətdən gələn istedaddır. İnsan bu qabiliyyətlə doğulur. Əgər bu yoxdursa, heç bir təcrübə kömək etmir. Bəli, bu, həqiqətdir ki, mən gəncliyimdən həmişə fikirlərimi aydın ifadə edən şəxs olmuşam. Mənim, təxminən, 17 və ya 18 yaşım olanda, mən təsirli nitqlər söyləməyə başladım. Ancaq siz mənim çıxışlarımı mətndən oxuduğumu heç vaxt görməmisiniz. Mən əvvəlcədən heç vaxt hazırlaşmıram.
    Betti Bleyer: –  Bəs sizin əksər başqa prezidentlər kimi heç bir məruzə yazanınız yoxdur?
    Heydər Əliyev: –  Xeyr, mənim məruzə yazanım yoxdur. İcazə verin, bir neçə gün əvvəl baş vermiş hadisəni sizə danışım. Biz Ağ Evdə olanda Klinton qeydləri əsasında çıxış etdi və Al Qor da mətni üzündən oxudu. Qor da Klinton kimi müqavilələrdən birini imzalayanda danışdı. Onların hər ikisinin mətnləri var idi. Ancaq mənimki yox idi. Hamısı buradadır (əli ilə ürəyini göstərir).
    Betti Bleyer: –  Siz məruzələrinizə əvvəlcədən hazırlaşırsınızmı?
    Heydər Əliyev: –  Xeyr. Danışıq prosesində fikirlərin doxsan faizi ağlıma gəlir. Ola bilsin ki, mən, təxminən, 10 faizi hazırlayıram. Ancaq mən danışığımın ortalarında elə vaxtlar olur ki, fikirlərimi dəyişirəm. Lakin, ümumiyyətlə, mən heç vaxt əvvəlcədən hazırlaşmıram.
    Betti Bleyer: –  Siz heç vaxt bir kəlmə də yazmırsınız?
    Heydər Əliyev: – Heç vaxt. Siz məni görübsünüz. Mənim heç vaxt heç bir qeydlərim olmur. Xeyr, hətta kiçik bir kağız da olmur. Heç vaxt. Mən onilliklər ərzində bu üsulla danışmışam. Hətta mən Siyasi Büronun üzvü olanda danışıq qabiliyyətimə görə başqalarından fərqlənirdim. Məndən başqa heç kəs birbaşa – ürəkdən danışmırdı. Hamı üzündən oxuyurdu. Hamının qeydləri var idi.
    Betti Bleyer: –  Ancaq ətrafda hərəkət edən insanlar, televiziya kameraları, mikrofonlar, otaqda bu qədər çox, həddən artıq diqqəti yayındıran danışıqlar olur. Baş verən çox şeylər var. Siz ətrafınızda baş verənləri nəzərə almayaraq, bu qədər diqqətli necə qala bilirsiniz ?
    Heydər Əliyev: –  Bu mənim xüsusiyyətimdir – fikrimi cəmləşdirmək mənim qabiliyyətimdir. 
    Betti Bleyer: – Siz nə vaxtsa evə gedir və “Mən vacib nəyisə deməyi unutdum. Mən nəyisə yaddan çıxardım” deyirsinizmi?
    Heydər Əliyev: –  Əgər sizi bunu bilmək maraqlandırırsa, icazə verin, deyim ki, mən çıxış edəndə beynim böyük enerji ilə işləyir, mən bu barədə çox intellektualam. Bəzi hallarda, mən, hətta özümü təəccübləndirirəm. Məsələn, biz müqaviləni imzalayanda, Prezident Bil Klinton bəyanat verdi və sonra mən bəyanatımı verməli oldum. Sizə həqiqəti deyim ki, mən əvvəlcədən nə deyəcəyimi bilmirdim, hazırlaşmamışdım. Ancaq çox tez, bütün ideyalar beynimə gəldi. Nəticədə, sonra çıxışımı mənə şərh edən bəzi insanlar kimi mən öz bəyanatımdan tamamilə razı qaldım.
    Betti Bleyer: – Siz bir dəfə mənə dediniz ki, böyüdüyünüz Naxçıvanda tez-tez teatra gedirdiniz. Teatrın sizin natiqlik qabiliyyətinizə güclü təsiri olubmu? (Azərbaycanın muxtar respublikası kimi tanınan Naxçıvan, Stalin tərəfindən Ermənistana verilən ərazinin bir zolağı ilə ayrılmış və ölkənin qərbində yerləşən Azərbaycanın ayrılmaz bir hissəsidir).
    Heydər Əliyev: – Xeyr, mən elə deməzdim. Teatr mənim hobbimdir. Mən teatra gedirəm, çünki mən ondan çox xeyir götürürəm.Teatr məndə dərin təəssürat yaradır. Onun mənim üzərimdə təsiri çoxdur. Ancaq mən deməzdim ki, teatr mənim nitq söyləməyimdə rol oynayır. Teatr onu başa düşən insanlar üçün çox güclü vasitədir, ancaq teatrı hamı başa düşmür. Mən teatrı başa düşürəm və etiraf etməliyəm ki, mənim üzərimdə teatrın hər ikisindən, televiziyadan və kinodan daha böyük təsiri var.
    Betti Bleyer: – Nəvənizin adı nədir?
    Heydər Əliyev: – Mən ona hələ ad qoymamışam. Mən bir neçə gündən sonra Londona (körpənin doğulduğu yerə) baş çəkəcəyəm və orada ona ad qoyacağam. (Ənənəyə görə, üç gün sonra, o, öz “Heydər” adını nəvəsinə qoydu. Bu, Heydər Əliyevin adını daşıyan ilk nəvəsidir).
    Bu səfərin digər şəxsi cəhəti doktor Maykl De Bakey ilə keçirilən görüş oldu. O, çox tanınmış bir şəxsdir. O, ilk dəfə “bypass” (xəstəliyə görə ürək normal fəaliyyət göstərmədiyi halda, ürək üzərində və ya onun yanında əməliyyat aparılır və qanın başqa yolla dövr etməsi təmin edilir – S.A.) ürək əməliyyatını aparan şəxs olub. Biz onunla bu gün görüşəndə, o bildirdi ki, altmış min insan üzərində cərrahiyyə aparıb. Təsəvvür edin, o, nə qədər insan həyatını xilas edib. Bildiyiniz kimi, doktor De Bakey yeganə xarici mütəxəssis idi ki, Rusiya Prezidenti BorisYeltsin onu bu yaxınlardakı ürək cərrahiyyəsində iştirak etməyə dəvət etdi.
    Betti Bleyer: – De Bakey çox yaşlıdır, elə deyilmi?
    Heydər Əliyev: – Onun 80 yaşı var. Buna görə də, mən ona elə çox hörmət bəsləyirəm. Bu yaşda olmasına baxmayaraq, o hələ də fəal işləyir. Siz onu gördünüz. Mən bilmirəm – ola bilsin ki, Amerika Birləşmiş Ştatlarında onu layiqincə qiymətləndirmirlər. Ancaq o, çox qiymətli insandır. Buna görə də, mən ona baş çəkmək istədim. Mən Hyustonda olarkən məhz ona görə proqramımda onunla görüşmək üçün vaxt müəyyən etdim. O, çox tanınmış şəxsiyyətdir – çox böyük insandır. Və o, səhranın ortasında, orada böyük bir tibb mərkəzi (Hyuston Tibb Mərkəzi) yaradıb. Mən onu müxbirlərin məqalələrindən tanımışdım. On il əvvəl mənim özümün ürək krizisi olduğuna görə, bura mənim maraqlandığım yerdir.
    Betti Bleyer: – Beləliklə, sizin onunla əlaqəniz olub?
    Heydər Əliyev: – Xeyr, o, cərrahiyyələrlə məşğuldur. Mənim cərrahiyyə olunmağıma heç bir ehtiyac yox idi. O zaman, 1987-ci ildə mənim ürəktutmam olanda, çox adam mənə dedi ki, mən çox uzun yaşamayacağam. On il əvvəl, 1987-ci ilin avqustu idi. Mən üç ay xəstəxanada qalmalı oldum. Həkimlər mənə dedilər ki, mən daha işləyə bilməyəcəm. Ancaq görürsünüz, bu da mən – hələ də sağ-salamatam və işləyirəm.
    Betti Bleyer: – Sizin iş qrafikiniz gərgindir. Siz heç dayanmırsınız? Hamı təyyarənin arxasında tükənir və taqətdən düşür. Bu sizin səfərinizin səkkizinci günüdür. Hər kəs elə yorulur, ancaq siz hələ də enerji ilə işləyirsiniz. Hər gün nə qədər istirahət edirsiniz? Nə qədər yatırsınız?
    Heydər Əliyev: – Çox az-altı saatdan çox olmur.
    Betti Bleyer: – Siz günün ortalarında istirahət edirsinizmi?
    Heydər Əliyev: – Xeyr, heç vaxt.
    Betti Bleyer: – Beləliklə, siz bütün bu gücü haradan alırsınız?
    Heydər Əliyev: – Bu, Tanrıdan gəlir.
    Betti Bleyer: – İcazə verin, sizin Amerika Birləşmiş Ştatlarına gətirdiyiniz hədiyyələrin bəziləri haqqında sizdən soruşum. Siz Prezident Klintona hədiyyə etdiyiniz xalça haqqında danışardınız. Mən öyrəndim ki, xalçada Bill Klintonun və həyat yoldaşı Hillarinin birlikdə portretləri xüsusi işlənib.
    Heydər Əliyev: – Mən, həmçinin onların qızları Çelsi üçün ayrıca xalça gətirdim. Prezident Klinton xalçalardan çox məmnun oldu. O mənə dedi ki, Çelsi həmin səhər xalçalara baxmaq üçün onun ofisinə baş çəkib. O dedi ki, Çelsi çox sevincli idi və xalçalar onların hamısının çox, lap çox xoşlarına gəlib.
    Betti Bleyer: – Bu ideyanı hər kəs düşünə bilməz. Prezidentə, hər ikisini – prezidenti, həyat yoldaşını və övladını əks etdirən hədiyyə vermək. Bunu etmək üçün ideya sizdə haradan yarandı?
    Heydər Əliyev: – Bu mənim ideyam idi. Mən bilirəm ki, hər bir insan üçün onun həyat yoldaşı və uşaqları ona çox əzizdir, çox qiymətlidir. Məhz ona görə mən bunu etdim. Bu əsrlərlə yaşayan incəsənət nümunəsində onların hamısının xatırlanmasının bir yoludur.
    Betti Bleyer: – İnsanların çoxunun Hillari haqqında müxtəlif fikirləri var. İnsanların çoxu, həqiqətən, onun haqqında fikir söyləyə bilmir.
    Heydər Əliyev: – Xanım Klintonla tədbirdə görüşməyimə baxmayaraq, mən onu çox yaxşı tanımıram. Mən şəxsən onunla danışanda, o məndə çox yaxşı təəssürat yaratdı. Hər halda hamının rəğbətini qazanmaq qeyri-mümkündür - xüsusilə də, ictimai xadimsənsə.
    Betti Bleyer: – Azərbaycanlıların səfərdən qayıdanda sevdiyi insanlara hədiyyə gətirmək adəti var. Sizin Azərbaycan xalqına hədiyyəniz nədir?
    Heydər Əliyev: – Ən böyük hədiyyələr bizim burada, Amerika Birləşmiş Ştatlarında qazandığımız nailiyyətlərdir. Biz Prezident Klinton ilə ölkələrimiz arasında çoxtərəfli əlaqələri gücləndirmək məqsədilə müqavilə imzaladıq. Bu müqavilələrin böyük tarixi əhəmiyyəti olacaq. Bundan əlavə, mən və cənab Klinton birlikdə ölkələrimizin vəziyyəti və əlaqələrimizi birlikdə çox səmimi müzakirə etdik.

İngilis dilindən tərcümə etdi:

Süsənbər AĞAMALIYEVA 
filologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 25.01.2024 09:55