AZ EN RU

“Azərbaycan pedaqoji elmi: ustadlar, davamçılar, iddiaçılar” adlı layihəyə start verilib

    Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Azərbaycan pedaqoji elmi: ustadlar, davamçılar, iddiaçılar” adlı layihəyə start verilib.
    Layihənin keçirilməsində məqsəd gənc pedaqoqların pedaqogika elminin müasir nümayəndələrinin həyat və elmi-pedaqoji fəaliyyətləri haqqında məlumatlar əldə etməsi ilə yanaşı, davamçıların dilindən öz ustadlarının həyatı və elmi-pedaqoji fəaliyyətləri haqqında ətraflı məlumat verməklə nəsillər arasında əlaqəni təmin etməkdir. 
    Layihə çərçivəsində iddiaçılar – Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Hacıyevanın rəhbərlik etdiyi “Gənc pedaqoqlar” dərnəyinin üzvləri, davamçılar – Azərbaycan pedaqoji elminin müasir nümayəndələri, ustadlar isə Azərbaycan pedaqoji elminin görkəmli nümayəndələridir.
    Layihənin ilk tədbirində institutun rektoru Azad Novruzov çıxış edərək layihənin mahiyyəti və gənc pedaqoqların formalaşmasındakı təsir imkanlarından danışıb, layihənin işinə uğurlar arzulayıb.
    İnstitutun Pedaqogika və psixologiya kafedrasının müdiri İsmayil Əliyev bildirib ki, Gənc pedaqoqlar dərnəyinin bir sıra istiqamətlərdə fəaliyyəti nəzərdə tutulub ki, onlardan biri də bu gün reallaşan layihədir. Sevindirici haldır ki, layihənin iddiaçıları olan gənclərimiz bu layihədə olduqca həvəs və maraqla iştirak edir. Professor vurğulayıb ki, bu, gələcəkdə pedaqogika elminin dərinliklərinə yiyələnəcək gənc pedaqoqların formalaşması üçün əsas amillərdən hesab edilməlidir. 
    Layihənin ilk qonaqları davamçılar olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov və Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru professor Ləzifə Qasımova olub. 
    Gənc pedaqoqlar dərnəyinin üzvləri İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Əlizadə Səriyyə və Türkay Bayramova professorların elmi-pedaqoji fəaliyyəti haqqında, davamçılar isə öz ustadları olan Azərbaycan pedaqogika elminin atası, professor Əhməd Seyidov və pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun həyat və elmi-pedaqoji fəaliyyətləri haqqında dərnək üzvlərinə məlumat veriblər.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 27.12.2022 21:07