AZ EN RU

Azərbaycan öz ərazi bütövlüyünün tamlığını qətiyyətlə müdafiə edir

Prezidentin Laçın səfərinə sözardı

    Vətən müharibəsindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri davamlı xarakter alıb. Xüsusilə son üç ildə dövlət başçısının əlamətdar tarixi günlərdə bu səfərləri reallaşdırması qürurverici olmaqla yanaşı, həm də rəmzi xarakter daşıyır. Elə bir neçə gün bundan əvvəl cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri, həm də 28 May – Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə birgə qeyd etməsi xüsusi əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısı özü də bildirdi ki, bu görüşü məhz 28 may tarixdə təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda istənilən nəticəni əldə etməyə qadirdir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhərinə qayıdış Böyük Qayıdış proqramının uğurlu icrasından və hədəflərə nail olmaq üçün bütün imkanların mövcudluğundan xəbər verir. 
    Dövlət başçısı Laçına səfəri zamanı rayon ərazisində bir neçə açılışlarda iştirak etdi, habelə bir çox müəssisənin, yaşayış məntəqəsinin təməlini qoydu. Həmçinin Prezident səfər əsnasında atdığı addımlarla, verdiyi bəyanatlarla göstərdi ki, bu torpaqların əsl sahibi, həqiqətən, Azərbaycan xalqıdır. Bu xalq erməni faşizmi tərəfindən viran edilmiş yurd yerlərimizi yenidən qurub-yaratmaq əzminə qadirdir. Həmçinin Prezident Laçın sakinləri ilə söhbətində onlara 2011-ci ildə Ağcabədidə həmin sakinlərlə görüşəndə dediyi sözləri xatırlatdı. Diqqətə çatdırdı ki, həmin vaxt əminliklə bildirmişdim ki, biz Laçına qayıdacağını əminliklə bildirmişdi və bu gün Laçın sakinlərinin öz doğma yurduna qayıdışı bu sözün təsdiqidir.
    Azərbaycan Prezidenti Laçında olarkən çox maraqlı bəyanatlarla çıxış etdi. Məsələn, dövlət başçısı bildirdi ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər: “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”. 
    Təbii ki, sülh üçün sərhədlərin delimitasiya məsələsinin öndə gəldiyini vurğulayan dövlət başçısı “Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”, – deyə bir daha bu haqda fikirlərini qarşı tərəfə, eyni zamanda bütün maraqlı qüvvələrə çatdırdı. Ölkə Prezidentinin  “Mən bu şərtləri, bax burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni onu da unutmasınlar” sözləri deyilənlərin qətiliyini bir daha əyani şəkildə ortaya qoydu. 
    Prezidentin Laçın sakinləri ilə görüşündəki bəyanatlarda diqqətçəkən məqamlardan biri də o idi ki, dövlət başçısı Qarabağda mövcud olan separatçı tör-töküntülərinə də çıxış yolunu göstərdi: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Ardınca dövlətimizin başçısı onlar üçün qalan yeganə yolu da açıqladı. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır. 
    Dövlət başçısı növbəti dəfə xatırlatdı ki, Azərbaycanın suverenliyi çərçivəsində, Azərbaycanın şərtləri daxilində yaşamaq istəyən Qarabağ ermənilərinin hər biri bizim vətəndaşımızdır. Başqa fikirlərdə olan, Azərbaycan bayrağı altında yaşamağı qəbul etməyənlərə qapı açıqdır. Dövlət başçısının ermənilərin özlərinin başa düşəcəyini, “Azərbaycan bayrağı altında yaşamağı qəbul edəcəyini gözlədiyimiz üçün heç bir addım atılmır” mesajından da aydın olur ki, istənilən an Azərbaycan lazımi addımlar ata, suverenliyini, milli təhlükəsizliyini və ərazi bütövlüyünə olan təhdidi aradan qaldırmaq üçün adekvat tədbirlər görə bilər.
    Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçında açıqlamaları mövcud vəziyyətin qiymətləndirilməsi, görüləcək işlərin əvvəlcədən verilən anonsu da sayıla bilər. Əsas odur ki, dövlət başçısının hər bir açıqlamasında günümüzün reallığı əks olunub və bu reallığı Azərbaycan özü yaradıb. Müharibədən sonrakı dövrdə bu məsələlərdə Azərbaycan düzgün siyasət həyata keçirərək öz mövqelərini gücləndirdi və ötən hər gün ölkəmizə etimad göstərən dövlətlərin sayı da durmadan artır. Təsadüfi deyil ki, cənab İlham Əliyevin Laçında verdiyi bəyanatları, xüsusilə Qarabağdakı separatçılarla bağlı ultimatumu bu günlərdə ABŞ və Avropa rəsmiləri tərəfindən də yüksək səviyyədə qiymətləndirildi. Görünən odur ki, bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, Avropada, həm də qlobal miqyasda ciddi tərəf kimi qəbul edilir. Artıq dünya üçün önəmli məsələlərlə bağlı qərarların qəbul edilməsində ölkəmiz sayılıb-seçilən mövqedədir. Prezidentin Laçın səfəri ilə bağlı verdiyi bəyanatların ümumi məzmunu isə bundan ibarətdir ki, Azərbaycan hüquqi olaraq öz müstəqilliyinin və ərazi bütövlüyünün tamlığın qətiyyətlə müdafiə edəcək. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 08.06.2023 18:55