AZ EN RU

Azərbaycan Ordusunda xidmət etmək şərəfdir

    Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qayğısı ilə daha da qüdrətlənən ordumuzda peşəkarlıq, qətiyyət, vətənpərvərlik kimi üstün keyfiyyətləri özündə cəmləşdirən hərbçilərimiz xidmət edir. Əlbəttə ki, qalib ordunun zabiti, giziri, çavuşu, əsgəri olmaq insana fəxarət hissi yaşadır. Tədris ilinin qış və yay dövrlərində kurs, məşğələ və təlimlərdə, döyüş növbətçiliyində daha da peşəkarlaşan Azərbaycan hərbçisi regionda söz sahibi olan ölkənin ordusunda xidmət etməyi şərəf işi hesab edir. 
    Hər keçən gün gücünə güc qatan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və geridə qoyduğumuz 2023-cü ildə elə 23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Düşməni darmadağın edərək öz suveren ərazisində erməni separatizminə son qoyan Azərbaycan bir daha göstərdi ki, regionda əsl söz sahibidir və diktə edən tərəfdir. Azərbaycanın döyüş meydanında və siyasi arenada qazandığı zəfərlərə 2023-cü ildə yeniləri əlavə olundu və yenə də bütün dünya döyüş meydanında Azərbaycanın üstünlüyünə şahidlik etdi. 
    İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçirilən və Xankəndi stadionunda baş tutan futbol matçında Prezident cənab İlham Əliyev Azərbaycanın qazandığı parlaq qələbədən danışaraq bildirdi: “İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”
    Müzəffər Ali Baş Komandanın Xankəndi stadionunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması zamanı səsləndirdiyi fikirlər həm də Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığına və fədakarlığına verilən ən yüksək dəyərdir. Çünki milli-mənəvi dəyərlərə və dövlətçiliyə sadiq, vətənpərvər ruhda yetişən Azərbaycan hərbçisi 2023-cü ildə antiterror tədbirlərində böyük peşəkarlıq və insanpərvərlik nümayiş etdirdi. Erməni separatizmini dəstəkləyən qüvvələr belə Azərbaycan Ordusunun peşəkarlığı və humanistliyi qarşısında aciz qaldılar. Bütün dünyanın gözü qarşısında keçirilən antiterror tədbirlərində uzun illər separatçıların girovuna çevrilmiş mülki ermənilərdən bir nəfərin də olsun, burnu belə qanamadı. Bax budur Vətəninin və vətəndaşının azadlığı üçün döyüşən Azərbaycan hərbçisinin gücü və humanizmi!
    Dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Ordusunun peşəkarlığının daha da artırılması, şəxsi heyətin hərtərəfli hazırlığının yüksəldilməsi və təminat məsələlərinin yüksək səviyyədə həlli dövlətimizin qüdrətindən, dövlət-xalq-ordu birliyinin möhkəm təməlindən xəbər verir. Eyni zamanda Azərbaycanımızın beynəlxalq aləmdə artan nüfuzu, NATO və tərəfdaş ölkə­lərlə hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığı daha da genişlənir. Ən əsası da terrorla mübarizə əməliyyatlarını yüksək peşəkarlıqla və qətiyyətlə aparan, müdafiə sənayesini hər keçən gün daha da inkişaf etdirən qardaş Türkiyə ilə müttəfiqliyin inkişaf etdirilməsi Azərbaycanın hərbi gücünə güc qatır.
    Əlbəttə ki, bu gün rəşadətli Ordunun cəsarətli əsgərləri haqqında saatlarla danışıb, səhifələrlə yazsaq da, yenə azdır. Çünki qəhrəmanlığı ilə dastan yazan Azərbaycan hərbçisi Vətənimizin müdafiəsində cəsarətlə dayanır, döyüş növbətçiliyini uğurla təşkil edir və aparır. 
    Bir sözlə, Azərbaycan Respublikasının bütövləşdiyi 2023-cü ili şərəfli xidmətlə, ləyaqət və fəxarətlə başa vuran əsgərlərimiz 2024-cü ili də sevinc və qürurla qarşıladılar. Hər bir Azərbaycan zabiti, giziri, çavuşu və əsgərini hər bir vətəndaşımız ürəkdən təbrik edir. Bu soyuq, şaxtalı havalarda, çətin relyefli ərazilərdə, uca zirvələrdə xidmət aparan Azərbaycan Ordusu mənsublarına isti-isti təbriklər çatdırmaq, əlbəttə ki, xalqımızın Vətən sevgisindən xəbər verir. 
    Yeni ildə də düşməni qorxuda saxlayan əzmkarlığın, qətiyyətin, sayıqlığın və uğurların bol olsun, Azərbaycan əsgəri!

Nəriman Nəcəfov

Nəşr edilib : 07.01.2024 21:46