AZ EN RU

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XII regional konfransı Naxçıvanda keçirilib

    Dekabrın 8-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XII regional konfransı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini, Heydər Əliyev Muzeyini ziyarət ediblər. 
    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Ləman İbrahimova qeyd edib ki, ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafı da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən dövr ərzində bu sahədə mütərəqqi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib, müasir səhiyyə infrastrukturu yaradılıb. Ulu Öndərin sosial siyasət kursunu bu gün layiqincə davam etdirən Prezident cənab İlham Əliyev səhiyyənin inkişafına xüsusi diqqət yetirir. Müasir səhiyyə sisteminin qurulması, bu sahədə kadr hazırlığı, əhalinin sağlamlığının qorunması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Səhiyyədə qazanılan uğurları muxtar respublikamızda da görmək olar. 
  Vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikanın səhiyyə sistemində də müxtəlif tədbirlər, konfranslar keçirilir. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XII regional konfransı oftalmologiya sahəsində yenilikləri, nailiyyətləri araşdırmaq, eyni zamanda bu sahədə təcrübələri bölüşmək baxımından əhəmiyyətlidir. 
    Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov bildirib ki, mütəmadi olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti muxtar respublikada seminar və konfranslar təşkil edir, müayinə və əməliyyatların aparılmasında yaxından iştirak edir. 
    Elmar Qasımov Azərbaycan oftalmologiyasının inkişafında akademik Zərifə xanım Əliyevanın böyük rolundan bəhs edib, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub, mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ölkəmizdə yüksəkixtisaslı gənc oftalmoloqlar hazırlanır və oftalmologiya elmi sürətlə inkişaf edir. 
    Tibb üzrə elmlər doktoru Hicran Namazova çıxışında bu ilin Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə əlamətdar olduğunu deyib, Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın müəyyənləşdirdiyi ənənənin davam və inkişaf etdirildiyini qeyd edib.
    Çıxış edənlər konfransın işinə uğurlar arzulayıb.
    Sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx nümayiş etdirilib. Mövzu ilə bağlı oftalmoloq-həkimlərin çıxışları dinlənilib, müzakirələr aparılıb. 
    Qeyd edək ki, həmin gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti tibbi aksiyası Naxçıvan Muxtar Respublika Xəstəxanasında həyata keçirilib. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 08.12.2023 14:31