AZ EN RU

Azərbaycan nümayəndə heyəti meşə mühafizəsi sahəsində Türkiyənin təcrübəsini öyrənir

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin Meşə Təsərrüfatı Baş idarəsində olub.
Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən bildirilib ki, Baş idarədə keçirilən görüş zamanı meşə massivlərinin mühafizəsi və zərərvericilərlə mübarizə tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfi bu sahələrdə qardaş ölkənin təcrübəsinin öyrənilməsinə, Türkiyədə tətbiq olunan texniki nailiyyətlərdən istifadə edilməsinə hazır olduğunu bildirib.
Nazir müavininin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Bolu vilayətinin Meşə Təsərrüfat İdarəsində meşələrdə olan zərərvericilərlə mübarizə üzrə laboratoriyanın fəaliyyəti ilə tanış olub. Burada meşə massivlərinin mühafizəsi metodları ətrafında müzakirələr aparılıb.
Görüşlər zamanı Türkiyə nümayəndələri azərbaycanlı həmkarları ilə hərtərəfli əməkdaşlığa hazır olduqlarını vurğulayıb, habelə əmin olduqlarını bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin bu səfəri meşə təsərrüfatı sahəsində əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Nəşr edilib : 08.06.2024 13:45