AZ EN RU

Azərbaycan milli qadın geyimlərinin yaraşığı – kəlağayı

Milli dəyərlərimizi öyrənək və yaşadaq

      Qadın geyimləri içərisində yaylıq və örtüklər mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də Şərq ölkələrində, o cümlədən ölkəmizdə də belə geyim növlərinə ehtiramla yanaşılıb. Bunlardan örpəyi, şalı, çarşabı, çadranı, kəlağayını göstərmək olar. 

    Kəlağayı “kəlağayı ipəyi” adlandırılan parçadan hazırlanır. Bunun üçün 2-3 ipək telindən eşilmiş, boyanmamış ipək sapdan istifadə olunur. Kəlağayının forması bütöv bir parçadan toxunmuş kvadrat formalı olaraq 140-160 santimetrdir. Rəng çalarları isə ənənəyə görə, kəlağayını ya bütövlükdə, yaxud da bütün sahəni ağ rəngdə saxlayaraq yalnız haşiyələnmiş hissəsini (haşiyəsini) boyayırlar. Kəlağayının naxışları Azərbaycanda “basmanaxış” adlandırılan müəyyən texniki üslubda yerinə yetirilir. Eyni üslub dünyada “isti batik” texnikası kimi də tanınır.
    Kəlağayının tarixi əsrlərboyu ipəkçilik ölkəsi kimi məşhur olan Azərbaycanda bu sahənin inkişafı ilə bağlıdır. Tarixi faktlar təsdiqləyir ki, ölkəmizdə çox qədim zamanlardan bəri barama yetişdirilir, onlardan olduqca nazik ipək saplar əyirilirmiş ki, bunlardan da gözəl parçalar toxunaraq əsrarəngiz gözəlliyə malik nəfis məmulatlar istehsal edilirdi. 
    İpək kəlağayılar məişətdə həmişə tələbatlı və əvəzolunmaz idi. Xırda, ev emalatxanalarında əllə istehsal olunan kəlağayı parça həm gözəlliyi, həm də keyfiyyəti ilə fərqlənirdi. Bununla ailənin bütün üzvləri məşğul olurdu. Təsadüfi deyildir ki, Azərbaycanın ipək məmulatları, o cümlədən də təkrar olunmaz kəlağayılar, fərdi yaradıcılığın bəhrəsi kimi XIX-XX əsrlərdə keçirilən beynəlxalq sərgilərdə mükafatlar almışdır. 
   Kəlağayı hazırlanması dörd tamamilə fərqli fəaliyyət növündən ibarətdir. Birincisi, ipək parçanın hazırlanması, toxunmasıdır. İkincisi, ştampların qəliblərinin hazırlanmasıdır. Üçüncüsü, parçanın səthinə naxışların vurulması – basma və nəhayət, dördüncüsü, boyamadır. Bunların hər biri, öz növbəsində, müxtəlif işlərdən ibarətdir. Misal üçün özülün yığılması üzrə hazırlıq işlərini nəzərdə tutan toxumadır ki, bununla da ənənəvi olaraq “tərrahlar”, sonra isə toxucular məşğul olurdular. Ştampların (qəliblərin) hazırlanması taxta qəliblər üçün müəyyən ağac növlərinin dəqiqliklə seçilməsini, onun üzərində oymanın yerinə yetirilməsini, metal qəliblər isə metalı əymək məharəti və naxışın böyük dəqiqliklə təsvir olunmasını tələb edir. Basma naxışın parçanın səthinə vurulması (basılması) üçün usta “yağ” (rezerv) adlanan xüsusi məhlul hazırlamalı, onu müəyyən temperaturda qızdırmalı, qəlibi yağa batırdıqdan sonra parçanın üstünə qoyaraq yüngülcə onu basmalıdır. Boyama kəlağayının hazırlanma prosesinin ən mühüm hissəsidir ki, bu zaman ştamplanmış parça boya ilə dolu qaba (küpə) salınmalı, bir müddət orada saxlanılaraq ustanın fikrində tutduğundan asılı olaraq bir necə dəfə təkrarlanmalıdır. Boya təbii ola bilər, bu halda onu bişirmək lazımdır. Bunun üçün isə müəyyən ağac növlərinin budaqlarını, qabıqlarını doğrayaraq xırdalamaq, sonra onları qaynatmaq lazımdır. Boyama işləri ilə boyaqçı məşğul olur ki, o da kəlağayının hazırlanması prosesində ən vacib şəxs idi. Boyama yerinə yetirilən yer küpxana adlanır. 
    Kəlağayının ornamental kompozisiyaları çoxəsrlik tarixə malik naxışlardan ibarətdir. Kompozisiyalar konsentrik, eləcə də örpəyin (yaylığın) bütün perimetri boyu haşiyədən – köbədən ibarət ola bilər. Köbəli, misal üçün soğanı kəlağayı silsilələri ilk baxışdan sadədir, lakin basmanaxış boyama texnologiyasını nəzərə alaraq onların hazırlanması son dərəcə səliqəlik və böyük həcmdə material (yağ) tələb edir. 
       Konsentrik kompozisiyanın ornamental motivlərində nəbati və həndəsi naxışların, müxtəlif işarə və rəmzlərin, bütün elementlərin tarazlaşdırılmış ahəngi diqqəti cəlb edir. Haşiyəli (köbəli) kəlağayılarda zəmini daha çox (pirqəlib) və ya bir qədər az (seyrək) iri olmayan elementlərlə naxışlanmış kombinasiyalar da ola bilər. Bu növ kəlağayılar Gəncə və Ordubad bölgələri üçün səciyyəvidir. 
    Kəlağayının hazırlanmasında qəliblərin xüsusi yeri vardır. Qəliblər ölçüləri və hazırlanma üsulu ilə fərqlənir. Onları armud və ya cəviz ağacları kimi bərk ağac növlərindən oyma üsulu ilə kəsirlər. Digərləri isə sanki ulduz bürcləridir. Bunlar butalardır. Onlardan “bala buta”, “küsülü buta”, “gülü buta”, “hirsli buta”, “cüt buta”, “hamilə buta”, “sevgili buta”, “badam buta” və sairi göstərmək olar. Səttar Bəhlulzadənin “Kəlağayı ilə natürmort” adlı rəsm əsərində məhz “Basqal” kəlağayısı təsvir edilmişdir.
     İsmayıllı rayonunun Basqal kəndində yerləşən “Kəlağayı” İpək Mərkəzində kəlağayı hazırlanması ilə yanaşı, həm də tədqiqat işləri aparılır ki, bunun da əsasında “Kəlağayı” muzeyi təşkil edilmişdir. Bu muzey Azərbaycanda və postsovet məkanında yeganə muzeydir. Muzeyin eksponatları arasında ən mühüm yeri qəlib formalar tutur ki, onlardan bəzilərinin 200-300 il yaşları var. 
    Kəlağayı örtmə ilə əlaqədar xalqımızın öz qayda-qanunları olmuşdur. Belə ki, gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılmışdır. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtmüşlər.             Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı artıq bir neçə ildir ki, diyarımızda xalqımızın milli dəyərlərinin təbliği işinə çox ciddi töhfələr verməkdədir. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər böyük nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Qeyd edək ki, neçə-neçə xalq sənətinin təşəkkül tapdığı, formalaşdığı Naxçıvan torpağında da kəlağayılara xüsusi hörmət, ehtiram bəslənmişdir. Nənə və babalarımızın söylədiklərinə görə, bir zamanlar burada kəlağayı toxuma mövcud olsa da, sonralar bu sənət sıradan çıxmış, unudulmuşdur. Lakin misilsiz Ordubad ipəyindən hazırlanan bu milli baş geyimimiz yaddaşlarda özünə əbədi bir yer tutmuşdur.
    Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı  diqqət mərkəzindədir. Bu sənətin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
    Unutmayaq ki, milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Bu gün qürur duyuruq ki, 44 gün davam edən müharibədən qalib çıxan ölkəmizdə toxunan kəlağayılara daha bir gözəllik qatılıb. Bu ancaq Qarabağda yetişən xarıbülbülün əksinin kəlağayılarımızda da öz  yerini tapmasıdır. Bu yeniliyi baş örtüyümüz kimi sevilən, böyük ehtiram göstərilən kəlağayıya gətirilməsi hər birimizi ürəkdən sevindirir. Qadın milli baş geyimi olan kəlağayılar keçmişdə olduğu kimi, bu gün də sevilir, yaşadılır. Çünki kəlağayı bizim milli mədəniyyətimizin bir parçası, yaşadıcısıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, bu dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlərboyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir”.

  Əzizə MƏMMƏDOVA 
Naxçıvan Dövlət Universitetinin 
İncəsənət fakültəsinin Təsviri 
incəsənət kafedrasının müəllimi 

Nəşr edilib : 29.03.2022 18:20