AZ EN RU

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkədir

    Son dövlər Azərbaycanın dünyada getdikcə artan nüfuzu, yalnız hərbi sahədə deyil, iqtisadi sahədə də beynəlxalq təşkilatlar çərçivəsində iştirakı və geniş əməkdaşlıq perspektivlərinin müzakirəsi hər birimizin tez-tez şahidi olduğu hadisələrdir. Bu isə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü siyasət və diplomatiya zəminində qonşuluq, keçmişə bağlı ənənələr istiqamətində görülən işlərin uğurlu nəticəsidir. Ötən həftə Azərbaycan Prezidentinin Tacikistana səfəri də bu aspektdən yeni meyarların ortaya çıxması, bu perspektivdə yeni layihələrə imza atılması baxımından yaddaqalan oldu. 

    Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəxri qonaq qismində iştirak etməsi bu istiqamətdə regional əməkdaşlıq çərçivəsində yüksək əhəmiyyətə malikdir. Bu proses həm region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqi, həm xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərin göstəricisi, həm də çoxplanlı əməkdaşlığımızın gələcək dinamikasını müəyyən edəcək mühüm bir hadisədir. 
    Prezident cənab İlham Əliyevin bu tədbirdəki çıxışı region ölkələri ilə əməkdaşlığın yeni bir müstəviyə keçdiyini və hansı istiqamətlərdə birgə fəaliyyətin daha çox səmərə verəcəyinə dair bəyanat kimi səslənir. Cənab Prezidentin xüsusilə vurğuladığı qarşılıqlı ticarət və sərmayələrin artımı, sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr, mehmanxana işi və turizm, nəqliyyat və logistika istiqamətində artıq reallaşdırılan layihələr və ya atılan ilkin addımlar ölkəmizin Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığının daha da inkişaf etdiyini bir daha sübut edir. 
    Ölkələrimizin gələcək nəqliyyat potensialını artırmaq məqsədilə Mərkəzi Asiyanın nəqliyyat və tranziti haqqında sazişlər hazırlanması, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tətbiq edilməklə yaradılması, nəqliyyat xidmətlərinin liberallaşdırılması üzrə Tədbirlər Planının tərtib edilməsi, icazə prosedurlarının optimallaşdırılması, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının yaradılması məsələsinin nəzərdən keçirilməsi, azərbaycanlı tərəfdaşların birgə işə fəal qoşulması təklifinin Məşvərət görüşündə Özbəkistan lideri Şavkat Mirziyoyev tərəfindən səsləndirilməsi isə Prezident cənab İlham Əliyevin “Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək” fikirləri kontektsində artıq bir çox strateji sahələrdə fəal əməkdaşlığın ardıcıl şəkildə və uğurla davam etdiyinin sübutu idi. 
    “Qafqaz bərzəxi”nin mərkəzi və əsas ölkəsi olan Azərbaycan liderinin regional əməkdaşlıq çərçivəsində bu kimi tədbirlərə dəvət olunması ölkəmizin Cənubi Qafqazda üstün mövqeyini qorumaqla yanaşı, eyni zamanda digər dövlətlərin də ölkəmizlə birgə fəaliyyətə marağını və qarşılıqlı əməkdaşlığa hazır olduqlarını bir daha göstərir. Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi “Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur” fikirləri Azərbaycan və Mərkəzi Asiya ölkələrinin sürətlə inkişaf edən strateji əməkdaşlıq reallığında olduqca aktual səslənir. 
    Azərbaycan və Mərkəzi Asiya ilə ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri də nəqliyyat və logistika sahəsidir. Prezident cənab İlham Əliyevin “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır” çağırışının bu sahənin perspektivini artırmaqla yanaşı, bu istiqamətə daha çox investisiya cəlb edəcəyinə də şübhə yoxdur. Çünki Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları və əks-istiqamətdə etibarlı tranzit ölkədir. Elə buna uyğun olaraq Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi istiqamətində də işlər davam etdirilir. 
    Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılması, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsi və ahəngdarlığını təmin etmək zərurəti, tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan olan Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması isə bu əməkdaşlığın gələcək perspektivlərini müəyyən edir.
    Beləliklə, Azərbaycanın sürətlə artmaqda və möhkəmlənməkdə olan beynəlxalq nüfuzu, etibarlı tərəfdaş imici, coğrafi cəhətdən yerləşdiyi geosiyasi və strateji mövqe ona tranzit ölkə kimi yüksəlməkdə olan marağı və gələcək inkişaf perspektivlərini ortaya çıxarır. Azərbaycan Prezidentinin fəxri qonaq qismində ilk dəfə iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü isə ölkəmizin qədim İpək Yolu və reallaşmaqda olan Zəngəzur dəhlizi vasitəsilə Uzaq Şərq ölkələri ilə Qərbi Avropa arasında nəqliyyat-kommunikasiya və ticarət əlaqələrinin sürətli inkişafına, eyni zamanda ölkəmizin Çin, Cənubi və Şərqi Asiya ölkələri ilə daha sıx əlaqələrinin formalaşmasına imkan verir. Bunun nəticələrini görmək üçün isə o qədər də uzun zamana ehtiyac yoxdur. Şahid olduğumuz reallıq bunu deyir. 

Məmməd BABAYEV 

Nəşr edilib : 15.09.2023 18:44