AZ EN RU

Azərbaycan mənim üçün dinlədiyimiz bir mahnıdır

  Şəhanə Hüseynova Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kültəpə kəndində doğulub. Naxçıvan Dövlət Universitetinin kimya ixtisasının bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Almaniyanın Berlin şəhərində yaşayır və Berlin Texnik Universitetində tədqiqatçı alim olaraq çalışır. Ailəlidir və bir övladı var. 

 Azərbaycandan kənarda yaşadığımız 12 ilimizi tamamlayırıq. Biz təhsil almaq üçün İspanıyanın Santiaqo de Kompostela şəhərinə gəlmişdik və orada, təxminən, 7 il yaşadıq. 2019-cu ildə Almaniyaya köçmüşük. Vətəndən uzaqda yaşamaq, hər an darıxmaq deməkdir, xüsusilə də ilk illər. Mən ilk olaraq iki ölkəni (İspaniya və Almaniyanı) müqayisə etmək istərdim. Azərbaycandan kənarda həyata yenidən başlamaq, yeni dostluqlar qurmaq, ətraf mühit qazanmaq uzun bir zaman aparır. Amma bu prosesi çətinləşdirən ən mühüm faktorlardan biri də ətrafda həmvətənlərinin olmaması və ya barmaqla sayılacaq qədər az olmasıdır.  İspaniyada isə bu çətinlik, ən azından bizim yaşadığımız Santiaqo şəhərində həddindən artıq çox idi. İnsanın öz ana dilində günlərlə, həftələrlə bir söz belə eşitməməsi çox çətin, illərlə buna özünə alışmaq isə başlı-başına bir dərd idi. Almaniyaya köçdükdən sonra bu çətinlik qismən aradan qalxdı, çünki burada azərbaycanlılara daha çox rast gəlirdik və bu bizi çox sevindirirdi.

    Almaniyada 200 mindən çox etnik azərbaycanlı yaşayır. Həmvətənlərimiz, sadəcə, paytaxt Berlində deyil, eyni zamanda  Almaniyanın, demək olar ki, əksər bölgələrində məskunlaşıblar. Bu isə təkcə paytaxt Berlində deyil, eyni zamanda azərbaycanlıların məskunlaşdıqları şəhərlərdə və bölgələrdə də birlik yaratması, onların ancaq bir-birlərinə deyil, eyni zamanda ölkəmizin xaricdə layiqincə təmsil olunmasına dəstək deməkdir. Bu dəstək diasporun fəaliyyətinə də olduqca müsbət təsir göstərir ki, bunun ən bariz nümunələrini biz Vətən müharibəsi dövründə gördük. 
    Mən bir neçə misal çəkmək istərdim. Frankfurtda yaşayan azərbaycanlıların bir neçə aydan bir “Yeni dostluqlar” adıyla görüşləri keçirilir. Bu görüşlərdə məqsəd bir araya gəlmək, bir-birimizlə tanış olmaq və lazım gələrsə bir-birimizə dəstək olmaqdır. Bu görüşlərdən biri bu il aprel ayının 30-da keçirildi.  Müxtəlif yaş qrupundan olan və fərqli sahələrdə çalışan, təhsil alan həmyerlilərimiz saatlar boyunca bir-biri ilə söhbət edib, gözəl dostluqların təməlini qoydu. Görüşə təkcə Frankfurt Main şəhərində yaşayanlar deyil, Hessen torpağının digər şəhərlərində məskunlaşmış həmyerlilərimiz də gəlmişdi. Ümumiyyətlə, bu görüşlərə müxtəlif şəhərlərdə yaşayan və keyfiyyətli vaxt keçirmək istəyən hər kəs dəvətli olur. 
    Ən son – oktyabr ayında keçirilən görüşdə başlıca söhbət mövzusu Azərbaycanın Qələbəsi, torpaqlarımızın azad olunması idi. Hamı bir-birini təbrik edir, xoş sözlər deyir, arzularını ifadə edirdi. Hətta azad olunmuş torpaqlarımıza səyahət planları qurulurdu. Bu o qədər sevindiricidir ki, sözlərlə ifadə etmək olmur. Burada futbol komandamız da var. Bir ildir ki, fəaliyyət göstərir. Komanda sonuncu dəfə Müstəqilliyin Bərpası Günü münasibətilə bir oyun keçirib. Həm dövlətimiz, xalqımız üçün əhəmiyyətli olan bu tarixi qeyd etmək, həm yeni müzakirələr aparmaq, həm də komandamıza dəstək olmaq məqsədilə hər kəs yenidən bir yerə toplaşmışdı. Gələn həmtəvənlərin isə bir arzusu var idi: ”Hər şey çox gözəl keçdi, birliyimiz davamlı olsun!”
    Mən istərdim bir az da bu birliklərin Azərbaycana necə dəstək olmasından söhbət açım, xüsusilə də müharibə ərəfəsində. Bilirsiniz ki, xaricdə yaşayan azərbaycanlıların hər biri ayrı bir sektorda çalışır, yəni çalışdıqları sahələr çoxçalarlıdır və demək olar ki, hər gün Azərbaycana dəstək olmaq üçün bir fürsət yaranır. Təbii ki, müasir dövrümüzdə müharibə təkcə cəbhə ilə yekunlaşmır, sosial şəbəkələr də müharibə meydanına çevrilir. Eyni zamanda çalışdığımız iş yerlərində, oxuduğumuz universitetlərdə də görürük ki, arxa cəbhə fasiləsiz fəaliyyətdədir. Ümumiyyətlə, sosial şəbəkələr ölkədən kənarda yaşayanların, demək olar ki, bir-birilə ən tez və rahat əlaqə vasitəsinə çevrilib. Hamı bir-birini bu sosial şəbəkələr vasitəsilə tapır, əlaqə yaradır, harada hansı tədbir olacağından  yenə də sosial şəbəkələr vasitəsilə xəbər tuturuq.
    Elə lokal xarakterli antiterror tədbirləri ərəfəsində, bu prosesdən təxminən bir ay əvvəl, avqust ayında xəbər tutduq ki, Almaniyanın Giessen şəhərinin eyniadlı universitetinin qurumu olan AstA “Online vortrag: Der vergessene Konflikt am Rande Europas –  Armenien und Aserbaidschan. Der Krieg um Karabach, oder auch armenisch Arzach” (Avropanın kənarında unudulmuş münaqişə – Ermənistan və Azərbaycan. Qarabağ uğrunda müharibə, yaxud ermənilərin Artsaxı) başlığı altında onlayn seminar keçirəcəklər. Seminarın artıq başlığında – Qarabağ müharibəsi, yaxud ermənilərin Artsaxı – yazılmış qərəzli məlumat, təbii ki, hamının diqqətini çəkdi. Hər birimizi vaxt itirmədən bu məsələyə qarşı tədbir görməyə vadar etdi. 
    Əlbəttə ki. etiraz etmək istədik, susmaq istəmirdik, susmamalı idik. Öz hüquqlarımızdan istifadə edərək səsimizi qanuni şəkildə eşitdirmək, etirazımızı lazımi səviyyədə bildirmək qərarına gəldik. Təbii ki, universitet binasının önündə etiraz aksiyası keçirə bilməzdik, çünki təhsil azaddır və gənclərin öyrənmələrinə mane ola bilməzdik. Buna görə də daha təsiredici vasitə tapmaq lazım idi. Nəhayət, bunun daha optimal yolunu tapa bildik. Ermənilərin keçirdiyi və qeyri-obyektiv şəraitdə baş tutmalı olan tədbirin, əslində, hansı məqsədə xidmət etdiyini və Qarabağ haqqında obyektiv gerçəkliyi əks etdirən bir mətn hazırlandı. Həmin məlumat mətni universitet rəhbərliyinin, seminar təşkilatçılarının, eyni zamanda da tələbələrin elektron poçt ünvanlarına göndərildi. Hətta həmin məktuba tələbələr üçün kiçik bir qeyd də əlavə etmişdik: “Öyrənmək yalansız, qərəzsiz və tərəfsiz olduğunda gözəldir”. Nəticədə, hər kəs onların tədbirində iştirakdan imtina etdi və tədbir baş tutmadı. 
    Vətən müharibəsi dövründə və ondan sonrakı proseslər zamanı yaşanmış bunun kimi onlarla nümunə qeyd edə bilərəm. Bütün bu hadisələrdə  ölkəmizlə həmrəyliyimizi göstərmək, əlimizdən gələni etmək üçün hər bir azərbaycanlı öz fikrini, etirazını dərhal bildirirdi. Almaniyada yaşayan azərbaycanlıların sosial şəbəkələrdə “Almaniyada yaşayan azərbaycanlılar” adlı qrupu var. Müharibə dövründə bu qrup, demək olar ki, xəbərləşmə mərkəzinə çevrilmişdi. Azərbaycan hansı şəhərdə, hansı bölgədə təkdir, hansı universitetdə dəstək lazımdır, hansı şəhərdə ermənilərin aksiyası keçirilir və biz “əks-hücum”a keçməliyik. Həmin qrup müharibə dövründə ancaq bu məqsədə xidmət edirdi. Sosial şəbəkələr informasiya müharibəsinin bir nömrəli meydanına çevrilmişdi, – desəm, qətiyyən yanlış olmaz. Ən böyük arzumuz isə hamı kimi eyni idi: Qələbə! 
    Nə gözəl ki, sonda bu zəfər münasibətilə bir-birimizi təbrik etmək imkanımız oldu, bir-birimizlə sevinc xəbərlərini paylaşmaq şansımız oldu. Əlbəttə ki, hər bir azərbaycanlı bu sevinci bizə, həmvətənlərinə, millətinə, dövlətinə yaşatmaq üçün canından, qanından keçən şəhidlərimizə borcludur. Biz də onlarım ruhu qarşısında baş əyirik, ailələrinə səbir diləyirik. Tək arzumuz isə Azərbaycanın bütövlüyünün daimi olmasıdır. Birliyinin, həmrəyliyinin daimi olmasıdır.
    Sonda qeyd etmək istərdim ki, Azərbaycan mənim üçün, bəlkə də, mənim kimi xaricdə yaşayan bir çox azərbaycanlılar üçün bəzən dinlədiyimiz bir mahnıdır, o mahnının valda təkrar-təkrar çalmasıdır. Bəzən yadımıza düşən bir tapmacadır, bəzən darıxmaqdan ağlamış və şişmiş gözlərdir. Bəzən isə həsrətlə gözlənilən və ancaq eşidilməyən sözlərdir... Bəzən küçədə “azərbaycanlısınız?” sualı ilə başlayan və həftəsonu axşam evdə birlikdə plov yemək dəvəti ilə bitən saatlardır. Azərbaycan biz xaricdə yaşayanlar üçün bəzən söylənməyən sözlər, ifadə edilməyən fikirlər, gedilə bilməyən toylar və qeyd oluna bilməyən bayramlardır... Bəzənsə bunların tam əksidir. Bəlkə də, Azərbaycanda yaşayanların belə yadına düşməyən adətlərdir, ənənələrdir. Qısacası, hər şeydir... Bu hər şey üçünsə elə hər şey də qurban edilir... 
    Ümid edirəm ki, ölkəmiz bir də heç vaxt müharibə ilə sınanmayacaq, bir də heç vaxt şəhid xəbərləri ilə qəlbimiz ağrımayacaq, gözlərimiz yaşlanmayacaq. Biz həmişə Azərbaycanın xoş günlərinə sevinəcək, uzaqda olduğumuz üçün o günlərin həsrətini çəkəcəyik...

Şəhanə Hüseynova 
Berlin Texnik Universitetində tədqiqatçı alim, kimya elmləri doktoru
Almaniya, Berlin

Nəşr edilib : 01.12.2023 17:33