AZ EN RU

Azərbaycan mədəniyyətinin nadir incisi

Bu dəfə Şuşa “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” 

kimi dünyada tanınacaq

Onu hələ görməmişəm. Ancaq, ürəyimdə həmişə ona böyük sevgi bəsləmişəm. Məğrurluğu, yenilməzliyi, əyilməzliyi, təbii, incə ruhu onu mənə doğma edib. Cıdır düzündə keçirilən tədbirləri izlədikcə hər dəfə böyük qürur, fərəh hissləri keçirirəm hər bir vətəndaşımız kimi.
Azərbaycanın incisi, Qarabağın gözü, qədim abidələr məskəni Şuşamız görkəmli şəxsiyyətlər diyarı, muğam sənətimizin beşiyi, elm və mədəniyyət mərkəzidir. Qarabağ xanı Pənahəli xan tərəfindən dağların zirvəsində, möhkəm və keçilməz yerdə salınan bu şəhər alınmaz qala kimi şöhrətini qoruyub saxlayıb. Şuşamız işğal altında olanda belə milli ruhunu – Azərbaycan ruhunu saxlaya bilib, əyilməyib, öz doğmalarının yolunu gözləyib. Uzun həsrətdən – düz 28 ildən sonra Şuşamıza qovuşduq. Şanlı Vətən müharibəsinin igid, qeyrətli, rəşadətli Vətən oğulları canları-qanları bahasına onu bizə qaytardı. 2020-ci il noyabrın 8-də əsgərlərimiz əliyalın, silahsız sıldırım qayalar, dərələr-təpələr aşaraq Şuşamızı işğaldan azad etdi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Şəhidlər xiyabanından bu şad xəbəri verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu böyük Zəfər yenilməz Azərbaycan əsgərinin gücünün, qüdrətinin, Vətənə sədaqətinin, bir dəmir yumruq ətrafında birləşən xalqımızın dirçələn qürurunun, ləyaqətinin rəmzi idi. Bütün Azərbaycan  “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə bu günü böyük sevinc və coşqu ilə qeyd etdi.  Bu gün üçrəngli bayrağımız Şuşamızda, işğaldan azad edilmiş digər torpaqlarımızda əbədi dalğalanır. Hər il 8 noyabr tarixi – Şuşanın işğaldan azad olunduğu gün Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilir.
Azərbaycanın mədəniyyət paytaxtında qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili, Xurşidbanu Natəvan və Zəfər, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışı onu göstərir ki, Şuşamıza milli ruh, milli ənənələr qaytarılıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi gələcək iş birliyimizin istiqamətini müəyyənləşdirir. Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsi isə cənab Prezidentimizin Ata vəsiyyətini yerinə yetirən Lider kimi böyüklüyünü bir daha göstərir.  2022-ci ildə  “Şuşa ili” çərçivəsində Şuşa şəhərinin 270 illiyi böyük təntənə ilə qeyd edildi. Bu gün Şuşamız müasir quruculuq və bərpa dövrünü yaşayır. 
Prezident cənab İlham Əliyevin 17 aprel 2024-cü il tarixli “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı Şuşaya göstərilən xüsusi qayğının və həssaslığın daha bir ifadəsidir. Sərəncamda qeyd edilir ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq. Bu, Şuşanın mədəniyyət mərkəzi kimi həm də İslam aləmində oynadığı rola, tutduğu mövqeyə verilən böyük qiymətdir. Azərbaycanın parlaq incisi kimi Şuşanın gənclərin birliyi, əməkdaşlığı vasitəsilə beynəlxalq aləmdə təbliği çox böyük bir addımdır.  

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 18.04.2024 18:10