AZ EN RU

Azərbaycan mədəniyyət mərkəzləri milli həmrəyliyimizin güclənməsinə öz töhfəsini verir

    Rubrikamızın budəfəki qonağı Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru, həmçinin Azərbaycanın Özbəkistandakı Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspor məsələləri üzrə birinci katibi Samir Abbasovdur.

    Həmsöhbətim deyir ki, xarici ölkələrdə Azərbaycan Mədəniyyət mərkəzlərinin yaradılması ölkəmizin tanıdılması, milli mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, qarşı tərəflə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm imkanlar açır. 
    Belə mərkəzlərdən biri də Mərkəzi Asiyanın köklü tarixə, mədəniyyətə malik böyük dövləti olan Özbəkistanda yaradılmışdır. Samir Abbasov Mərkəzin 2010-cu ildən fəaliyyət göstərdiyini bildirərək qeyd etdi ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd şəhərində azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunun Heydər Əliyev küçəsində yerləşir. Mərkəz Özbəkistanda öz fəallığı ilə seçilir və dəfələrlə digər ölkələrin təmsilçiləri arasında keçirilən böyük müsabiqələrdə “İlin ən fəal Mədəniyyət Mərkəzi” adına layiq görülüb.
    Ötən müddət ərzində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi tədbirlər nəticəsində Özbəkistanda Azərbaycan mədəniyyəti, ədəbiyyatı, turizminin təbliği genişlənmiş, dəfələrlə yüksək səviyyəli tədbirlər təşkil edilmiş və Özbəkistanda Azərbaycan mədəniyyətinə maraq xeyli artmışdır. Yerli təşkilatlar və qurumlarla əməkdaşlıq əlaqələri möhkəmləndirilmiş, iki ölkə arasındakı dostluq və mədəni əməkdaşlıq genişləndirilmişdir.
     Bununla yanaşı, “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Qarabağın tarixi, Azərbaycan ədəbiyyatı, turizmi, şəhərləri haqqında çoxsaylı bölmələr yaradılıb və hazırda bu iş uğurla davam etdirilir. 
    Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin ötən il ərzində Özbəkistanda Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, klassiklərinin əsərlərinin özbək dilinə tərcüməsini həyata keçirib və Daşkənddə Azərbaycana dair 100-dən çox adda kitablar işıq üzü görüb. O cümlədən Mədəniyyət Mərkəzinin layihəsi ilə “Nizami Gəncəvi İli” çərçivəsində ilk dəfə olaraq dahi şairin “Xəmsə”si özbək dilinə tərcümə olunub, hər iki ölkənin Dilçilik institutlarının iştirakı ilə “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca” lüğəti və danışıq kitabı hazırlanaraq çap edilib. Mərkəz Özbəkistanın aparıcı kitabxanalarına Azərbaycana dair minlərlə nəşr hədiyyə edərək Azərbaycan fondları, bölmələri yaradıb.      
    Özbəkistanda diaspor quruculuğu sahəsində görülən işlərə toxunan Samir Abbasov bildirdi ki, hazırda bu ölkədə 40 minə yaxın azərbaycanlı yaşayır. Bu azərbaycanlıların ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın həmrəyliyi ilə bağlı görüş və tədbirlərdə, habelə yaşadığı ölkənin ictimai həyatında aktiv iştirakı mərkəz üçün əsas məsələlərdəndir.
    Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin bu ölkədə doğru təbliğ olunmasında yaxından iştirak etdi. Hazırda da təmsil olunduğumuz mərkəz burada yaşayan hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Mərkəzin layihəsi ilə Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlıların xatirəsi əbədiləşdirilib, onların yaşadıqları evlərin üzərində barelyeflər vurulub, fərdi sərgiləri, yaradıcılıqlarına dair tədbirlər və çoxsaylı layihələr reallaşdırılıb. 
    Mərkəz Özbəkistan Kinemato­qrafiya Agentliyi ilə birlikdə “Özbək ədəbiyyatının Şekspiri” adlanan, dramaturq, tanınmış azərbaycanlı Maqsud Şeyxzadənin həyatı və yaradıcılığına dair sənədli filmi hazırlayaraq ictimaiyyətə təqdim edib. 
    Mədəniyyət Mərkəzinin Dostluq Muzeyində Özbəkistanda tanınmış azərbaycanlıların hər biri üçün büst qoyulmuş və onlara dair xüsusi guşə yaradılmışdır. 
    Əlavə edim ki, mərkəzdə təşkil olunan çoxsaylı kurs və dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq, yeniyetmə və gənc­lərinə Azərbaycan dili, Azərbaycan tarixi saatı, milli rəqslərimiz, rəsm, toxuculuq dərsləri tədris olunur, milli mədəniyyətimiz geniş təbliğ edilir. 
    Müsahibimiz bunu da bildirdi ki, mərkəzin layihəsi ilə Özbəkistanda 2023-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb, Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılışı olub. Muzeydə unikal guşə və eksponatlar yer alıb. Dostluq Muzeyində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad edilməsinə dair fotostendlər də yerləşdirilib.
    Təbliğat işlərinin daha effektiv aparılması məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın mədəniyyət müəssisələri, universitetlərində Azərbaycan ocaqları, auditoriyaları, guşələri yaradılıb. 
    Sonda isə Samir Abbasov qeyd etdi ki, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrlə yanaşı, turizm, elm, təhsil, mətbuat, diaspor, gənclər siyasəti sahəsində də ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə dəstək göstərir. 
    Bu gün Özbəkistanda yaşayan hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olaraq Azərbaycanımızın son illərdə əldə etdiyi böyük uğurlarla fəxr edir. İstər Vətən müharibəsi zamanı qazandığımız tarixi zəfər, istərsə də ölkəmizin dünyada nüfuzlu ölkəyə çevrilməsi bu ölkədə yaşayan hər bir azərbaycanlını qürurlandırır. Təsadüfi deyil ki, buradakı azərbaycanlılar Vətənimizin qüdrətlənməsi üçün daha səylə çalışır.
    İnanırıq ki, yerli azərbaycanlılar bundan sonra da öz fəallıqları ilə Azərbaycan-Özbəkistan arasında dostluq körpüsü yaratmaq, Azərbaycanın təbliği istiqamətində çalışmaqla dövlətlərimizin rifahına öz töhfələrini verəcəklər. 
    Azərbaycan Mədəniyyət Mərkəzi olaraq bundan sonra da milli həmrəyliyimizin güclənməsində, inkişafında daha yaxından iştirak edəcək, Azərbaycanımıza daha çox töhfə verməyə çalışacağıq. 

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 18.12.2023 17:42