AZ EN RU

“Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsi çərçivəsində Naxçıvanda olan elm və media nümayəndələri ilə görüş olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlı və Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu Naxçıvan Bölməsinin qonağı olublar.
Tədbiri açan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev əvvəlcə qonaqları salamlayıb, Naxçıvan Bölməsində tanınmış elm və ictimaiyyət nümayəndələri ilə vaxtaşırı görüşlərin keçirildiyini diqqətə çatdırıb. Bu gün baş tutan tədbirin, aparılacaq fikir mübadiləsinin xüsusilə gənc tədqiqatçılar üçün maraq kəsb edəcəyinə əminliyini  söyləyən alim qonaqların hər biri haqqında ətraflı məlumat verib.
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli tədbirdə çıxış edərək AMEA Naxçıvan Bölməsi barədə təəssüratlarını bölüşüb, bölmə alimləri, onların apardıqları araşdırmalarla bağlı fikirlərini çatdırıb. Təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun müvafiq şöbələri ilə əməkdaşlığına xüsusi önəm verən alim həmin əməkdaşlığın mümkün bəhrələrindən söz açıb, Naxçıvanın elmi və ədəbi mühiti barədə danışıb.
Professor çıxışının sonunda AMEA-nın Naxçıvan Bölməsinə bağışladığı “Cümhuriyyət məfkurəsi” kitabını Əbülfəz Quliyevə təqdim edib.
Tədbirdə çıxış edən Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsi çərçivəsində nəşr olunan “Fövqündə” kitabı barədə məlumat verib. Bu gün Azərbaycan mətbuatına xidmət edən qələm sahiblərini düşündürən aktual problemlərdən söz açıb. Həmin problemlərin həllində elmin, ziyalıların rolunu xüsusi vurğulayan jurnalist dildə, eləcə də mətbuatda baş verən  bayağılaşma prosesinin səbəb olduğu problemləri diqqətə çatdırıb.
Daha sonra çıxış edən “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı milli mətbuat tariximizlə bağlı apardığı araşdırmalar, dərc olunan kitabları, eləcə də “Şərq” qəzetinin fəaliyyəti haqqında ümumi məlumat verib. “Şərq” qəzetinin qəzetçilik ənənəsini yaşatmaqla yanaşı, həm də saytının və yutub kanalının mövcud olduğunu bildirib, Naxçıvanda olmaqdan məmnunluğu ifadə edib.
Sonra bölmə alimlərdən Mehriban Sultan, Elxan Yurdoğlu, Ramiz Qasımov və Zülfiyyə İsmayıl çıxışlar ediblər, tədbir tədqiqatçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Sonda xatirə şəkli çəkilib, bölmədə nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 28.06.2024 19:17