AZ EN RU

Azərbaycan Gimnastika Federasiyası hər il yeni uğurlara imza atır

    Ölkəmizdə bir sıra sahələrdə olduğu kimi, idman siyasətinin də günün tələbləri səviyyəsində qurulması inkişafı və müasirləşməni şərtləndirən başlıca amildir. Müstəqilliyimizin bərpasından sonra iqtisadiyyatın, turizmin, mətbuatın, səhiyyənin və bir sıra aparıcı sahələrin inkişafı ilə yanaşı, idman da qısa zamanda öz uğurları ilə istər Vətənimizə, istərsə də bu istiqamətdə fəallıq göstərən gənclərimizə başucalığı gətirdi. Bu gün də Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşma və bu istiqamətdə aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir. Ölkədə fəaliyyət göstərən idman qurumları – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, eləcə də Azərbaycan Gimnastika Federasiyası vahid siyasət çərçivəsində ümumi işə xidmət edir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan dünya birliyinə idman dövləti kimi təqdim olunur. 

    Bu gün ölkəmizdə idmanın bir çox növləri kimi, gimnastika sahəsi xüsusilə fərqlənir. Hər il gənclərimizin bu sahəyə olan marağı daha da artır və peşəkar idmançılar ölkəmizi uğurla təmsil edirlər. Qeyd edək ki, bədii gimnastika üzrə 39-cu Avropa çempionatında bir qrup Azərbaycan gəncinin birincilik qazanması bu uğurların bir nümunəsidir. İstedadlı gənclərimizin nailiyyətlərini alqışlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Fondunun prezidenti Mehriban xanım Əliyeva şəxsi sosial şəbəkə hesablarında da bu istiqamətdə paylaşım edib: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”
    Diqqətə çatdırmaq lazımdır ki, idmanın bu istiqaməti üzrə peşəkar kadr hazırlığını Azərbaycan Gimnastika Federasiyası həyata keçirir. Qısaca həmin qurumun qazandığı uğurlara, nailiyyətlərə, bu illər ərzində ölkəmizdə göstərdiyi fəaliyyətə nəzər salaq. Əvvəla, onu qeyd etməliyik ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra federasiya 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. Federasiyanın 2002-ci il ok­tyabrın 7-də keçirilən təsis konfransında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə təşkilat yenidən qurulub və bu sahədə böyük dönüş yaranıb. Gimnastikanın bütün növləri üzrə maddi-texniki bazanın gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində 2002-ci ildən sonra bu sahədə yüksək uğurlar qazanılıb. Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb. Hazırda Azərbaycanda, təxminən, 10 minə yaxın yeniyetmə və gənc gimnastika ilə məşğul olur. Məlumat üçün bildirək ki, ilk dövrlərdə ölkəmizdə, əsasən, bədii gimnastika, akrobatika və tamblinq növləri fəaliyyət göstərib. 2013-cü ildən qadın idman gimnastikası, 2014-cü ildən isə batut və aerobika gimnastikası inkişaf etdirilib. Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibinə altı idman növü daxildir. Bunlara olimpiya növləri olan bədii gimnastika, qadın və kişi idman gimnastikası, batut, həmçinin tamblinq, akrobatika və aerobika kimi qeyri-olimpiya növləri aiddir. Təsadüfi deyil ki, ölkəmizdə ən yüksək nailiyyətlər bədii gimnastika sahəsi üzrə əldə olunub. 
    Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçilməsi ölkəmiz üçün o qədər ənənəvi olmayan gimnastikanın sürətli inkişafına və populyarlaşmasına imkan verib. İlk uğurlar özünü çox gözlətməyib. Təsis konfransından cəmi bir neçə ay sonra – 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil olunub. Həmin ilin sentyabrında isə Azərbaycanın bədii gimnastika tarixində ilk olimpiya lisenziyası əldə edilib. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında ­Dinara Gimatova qazanıb. Sonra uğurlar bir-birini əvəz edib. 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil edilib. Həmin il ölkəmiz Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında gimnastika idman növündə ilk dəfə təmsil olunub. Bu yaşlarda Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə aparıb. 2005-ci il Azərbaycan Gimnastika Federasiyasının tarixində xüsusilə əlamətdar il olub. Bakıda üçüncü dəfə “A” seriyasına aid bədii gimnastika üzrə Dünya kuboku keçirilib və ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi edib. 2006-cı ildə Mehriban xanım Əliyevanın yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verib. Bu mərhələdə ölkəmiz gimnastika idman növü üzrə nailiyyətlər qazanmaqla yanaşı, mötəbər tədbirlərə də ev sahibliyi edib. 2007-ci ildə Bakıda ilk dəfə olaraq bədii gimnastika üzrə 23-cü Avropa çempionatı təşkil olunub. Bu çempionatda gimnastımız Aliyə Qarayeva qızıl medal qazanıb. 2007-ci il Azərbaycan Gimnastika Federasiyası üçün daha bir uğurla yadda qalıb – Gənc­lər və İdman ­Nazirliyinin müəyyən etdiyi ilin idman yekunlarına əsasən Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri kollektivi ilin ən yaxşı komandası elan olunub... Bir-birinin ardınca keçirilən 25-ci, 26-cı...30-cu, 32-ci, 35-ci Avropa çempionatlarının son uğuru isə yuxarıda da qeyd etdiyimiz 39-cu Avropa çempionatında gənc idmançı xanımlarımızın qazandığı nəticə olub ki, bu da istər ölkəmizin, istərsə də federasiyanın tarixində daha bir nailiyyət kimi yaddaşlarda qalıb. Federasiyanın ən dəyərli qalibiyyəti isə, sözsüz ki, son iki İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi uğurla səciyyələnir. Belə ki, 2017-ci ildə ölkə­mizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda, ümumilikdə, 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazandılar. Bu, idmançılarımızın bir turnirdə əldə etdikləri medal sayına görə rekord göstəricidir. İdmançılarımız ikinci belə yüksək nəticəyə  isə 2022-ci ildə qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 8 qızıl, 7 gümüş, 2 bürünc olmaqla, ümumilikdə, 17 medal qazanmaqla nail olublar. 
    Onu da diqqətə çatdırmaq lazımdır ki, federasiya paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox yerlərində gənclərimizi bu sahəyə cəlb etmək üçün cidd-cəhdlə çalışır. Belə ki, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər federasiyanın dəstəyi ilə Sumqayıt, Naxçıvan, Şirvan, Balakən, Kürdəmir, Ağdaş, Gəncə, Xırdalan, Qusar, Göyçay və İsmayıllıda hər cür avadanlıqla təchiz olunmuş gimnastika bölmələri istifadəyə verilib. Həmçinin gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda Bakıətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. 
    Bu gün qürurla deyirik ki, idmançılarımız yüksək səviyyəli beynəlxalq yarışlarda uğurla çıxış edir, Vətənimizin şöhrətini günü-gündən artırırlar. Ölkəmiz yüksək səviyyəli beynəlxalq yarışların yüksək səviyyədə təşkili və keçirilməsində mötəbər idman qurumlarının, rəsmi şəxslərin etimadını qazanıb. Respublika idman və olimpiya hərəkatının inkişafını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti gənc nəslin idmanla məşğul olmasını son dərəcə vacib məsələ kimi vurğulayır və bu barədə  deyir: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki, ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir”. Biz də bu işdə dövlətimizə uğurlar arzulayır, idmançılarımızı daha böyük tədbirlərin qalibi görməyi diləyirik. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.05.2023 23:00