AZ EN RU

Azərbaycan gəncliyinin milli ideoloji inkişafı Naxçıvan nümunəsində

    Hər bir xalqın taleyində müsbət mənada iz buraxan, əbədiləşən nümayəndələri olur. Azərbaycanlılar, bu mənada, dünyanın ən şanslı xalqlarındandır, – desək, yanılmarıq. Çünki bütün sahələrdə adını tarixə qızıl hərflərlə yazdırmış elm və ictimai-siyasi xadimlərimiz, musiqiçilərimiz, qəhrəmanlarımız olmuşdur və müasir dövrümüzdə də yetişməkdədirlər.

    Xalqımızın mentalitetində önəmli yeri olan Vətən və xalq sevgisi, mərdlik, dövlətçiliyimizə sədaqət milli ideologiyamızın özəyini təşkil edir. Müasir dövrümüzdə də gənclərimiz bu yöndə tərbiyə edilir; istər regional, istərsə də beynəlxalq səviyyədə icra olunan islahat və layihələr gənclərimizin inkişafına, yüksək intellektli, savadlı, dünyagörüşlü, eyni zamanda Vətəni, xalqı üçün faydalı vətəndaşlar kimi yetişdirilməsinə hesablanmışdır.
    Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilir və ölkə başçısının gənclər siyasəti sahəsindəki uğurlu fəaliyyəti məhz ulu öndərin siyasətinə və siyasi məktəbinə  sadiqliyinin əyani təzahürüdür. 

    “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir”, – deyən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev hər nitqində, hər məqamda məqsədyönlü gənclər siyasətinin əhəmiyyəti və vacibliyini vurğulayır, gənclərin ölkəmizin rifahı, inkişafı və gələcək qüdrəti üçün mühüm rol oynadığını diqqətə çatdırır. 

    Elm və texnologiyanın sürətli inkişafı, dünyada gedən siyasi proseslər və qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli sayılan insan kapitalının inkişafı zərurəti Azərbaycanda da gənclər siyasətinin vacibliyini gündəmə gətirmişdir. Məhz bu səbəbdəndir ki, 2007-ci ilin “Gənclər ili” elan olunması, ölkə Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici  ölkələrdə təhsili üzrə Dövlət Pro­qramı”nın qəbul edilməsi minlərlə gəncin dünyanın nüfuzlu universitetlərində təhsil almaları üçün şərait yaratmışdır. Sonrakı mərhələdə yüksək intellektli, fiziki-mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsi və onların müxtəlif sahələrdə fəaliyyətini təmin etmək məqsədilə ölkə başçısı tərəfindən 2015-ci il yanvarın 26-da imzalanmış “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Pro­qramı”nın təsdiq olunmasına dair Sərəncam məhz bu siyasətin davam etdirilməsinə xidmət etmiş, gənc­lərimizin separatizm, beynəlxalq terrorizm və dini ekstremizmin qurbanları olmasının qarşısının alınmasına hesablanmış və fiziki-ideoloji sağlam, yüksək intellektli gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəal iştirakını təmin etməklə nəticələnmişdir. 
    Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin ölkə rəhbəri ətrafında sıx birləşməsi, işğal altındakı torpaqlarımızın azad olunmasında göstərdikləri şücaəti təsdiq etdi ki, həqiqətən də, Azərbaycanda ölkə başçısının gənclər siyasəti uğurludur, öz nəticəsini verir və verəcəkdir!  
    Bu gün ideoloji, siyasi, fiziki, mənəvi baxımdan sağlam gənclər yetişdirmək və tərbiyə etmək məhz dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə atılan addımlar, gənclərlə keçirilən görüşlər, dövlət idarəçiliyində gənc və potensiallı kadrlara üstünlük verilməsi, hər il daha da təkmilləşdirilən dövlət gənclər siyasətinin işlənib hazırlanması təkcə paytaxtımız Bakı şəhərində deyil, müstəqil ölkəmizin bütün regionlarında sistemli və məqsədyönlü şəkildə icra olunur.
    Naxçıvan Muxtar Respublikasında da gənclər siyasətinə xüsusi önəm verilir və bu sahədə qəbul edilən qərarların icrası layiqincə həyata keçirilir. Muxtar respublikada elm, təhsil, mədəniyyət, incəsənət, bir sözlə, bütün sahələrdə gənclərin inkişafı, sağlam ruhda tərbiyə olunması və onlarda ruh yüksəkliyinin yaradılması üçün mütəmadi tədbirlər planı hazır­lanır və icra olunur. Heydər Əliyev siyasi kursuna sədaqət nümunəsi olan qədim diyarımızda  dövlət siyasəti, elm, təhsil, səhiyyə, iqtisadiyyat və başqa fəaliyyət sahələrində tətbiq edilən dövlət strategiyası, ümumilikdə, vətəndaşların, xüsusilə gənc nəslin rifahı və həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmışdır. 
    II Qarabağ müharibəsi dövründə bütün Azərbaycan vətəndaşları kimi, naxçıvanlı gənclərimiz də Vətənə sədaqət borcunu yerinə yetirərək ana torpağın harayına çatmış, canlarını düşmən gülləsinə sipər etməklə şəhidlik zirvəsinə ucalmış, qazi olmuşlar. Məhz şəhidlərimiz son mənzilə yola salınmaq üçün Naxçıvana gətirilərkən şəxsən Ali Məclisin Sədri cənab Vasif Talıbovun onları qarşılaması, ailələri ilə görüşərək onlara başsağlığı verməsi, maddi və mənəvi dövlət dəstəyinin göstərilməsi məhz xalq-rəhbər birliyinin bariz nümunəsi və muxtar respublikada vətəndaşlara göstərilən dövlət qayğısının təzahürüdür. Sonrakı mərhələdə şəhid və qazi ailələrinin evlə və ehtiyaclarına uyğun olaraq digər maddi vəsaitlərlə təmin olunması vətəndaşlara – gənclərə göstərilən qayğının əyani sübutudur. Məhz rəhbər qayğısı və rəhbər nümunəsi gənclərdə gələcəyə inamı artırır, onlar üçün üzərlərinə düşən məsuliyyəti dərk edərək daha böyük uğurlara, nailiyyətlərə aparan yolda ilham mənbəyi olur. 
    Çərçiboğan kənd  tam orta məktəbinin açılışı zamanı Ali Məclisin Sədri demişdir: “Bu gün yetişən gənclik XXI əsrdə yaşayır. XXI əsr isə yeni texnologiyalar əsridir. Məktəbdə kompüter sinfi, STEAM otağı, laboratoriyalar, kitabxana və başqa müasir tədris avadanlıqları istifadəyə verilir ki, gənclərimiz özlərini XXI əsrin gəncləri kimi hazırlaya bilsinlər. Müəllimlərin vəzifəsi isə Vətəninə, xalqına sədaqətli, vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. Bütün bunlar həyata keçirildiyi zaman ölkə­mizin müstəqilliyi də uzunömürlü olacaq, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini qoruyub saxlayacaq”.
    Ali Məclis Sədrinin hər il imzaladığı müxtəlif məzmunlu sərəncamlar – ali təhsil müəssisələrində ixtisasların hamiliyə verilməsi, yeni məktəb binalarının tikilməsi və əsaslı təmir olunaraq müasir texniki avadanlıqlarla təmin edilməsi, Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının, yeni tədris korpuslarının və Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması, müxtəlif sahələrdə öz istedadları ilə seçilən gənclərə fəxri adların, təqaüdlərin verilməsi, onların adlarının Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na salınması, dövlət idarəçiliyində gənc kadrlara üstünlük verilməsi və bu kimi bir sıra tədbirlər gənc­lərdə ruh yüksəkliyi yaradır, onların düzgün istiqamətdə tərbiyəsi və inkişafı üçün stimul vermiş olur. 
    Bu sahədə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının da xüsusi rolu vardır. Partiya sıralarına günbəgün gənc üzvlərin qoşulması, partiya nəzdində Yeni Azərbaycan Partiyası Muxtar Respublika Gənclər Birliyinin yaradılması və birliyin aktiv fəaliyyətinin təmin edilməsi, müxtəlif fəaliyyət sahələrində öz istedadı ilə seçilən gənclərin mükafatlandırılması, mütəmadi şəkildə regionlarda birlik üzvləri ilə gənclərin görüşlərinin təşkil olunması onlarda ruh yüksəkliyi yaradır, istedadlı və potensiallı gənclərin üzə çıxarılması istiqamətində çox böyük əhəmiyyət kəsb edir. 
    Fəaliyyətini əsaslı şəkildə yenidən qurmuş və təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi dövlət gənc­lər siyasətinə sadiq qalaraq bu istiqamətdə öz töhfəsini vermək üçün var gücü ilə çalışır.  Birliyin nəzdində fəaliyyət göstərəcək “Könüllülük Proqramı” da məhz sadaladığımız məqsədlərə xidmət edəcək və gənclərin asudə vaxtlarının səmərəli təşkili, milli ideoloji və siyasi cəhətdən sağlam yetişmələri üçün mühüm rol oynayacaqdır. 
    Fiziki sağlamlıq məhz ideoloji və psixoloji sağlamlıqdan asılıdır. Çünki vicdan paklığı, əqidə təmizliyi, şüurlu inkişaf gənclərimizin fiziki cəhətdən sağlam olmaqlarına bilavasitə təsir edir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların düzgün istiqamətləndirilməsi, cəmiyyətdə sayılıb-seçilən və nümunə ola biləcək şəxslərin bu sahədə müsbət nümunə olması, mütəmadi keçirilən görüşlər, onların diqqət və qayğını əyani şəkildə hiss etməsi gənclərin pis vərdişlərdən uzaq olmasına, ideoloji və fiziki baxımdan sağlam gəncliyin yetişdirilməsinə xidmət edir.  
    Muxtar respublikada fəaliyyət göstərən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və digər dövlət qurumlarının, Həmkarlar İttifaqları Şurası, Naxçıvan Dövlət Universitetinin dəstəyi və Tələbə-Gənclər təşkilatlarının birgə fəaliyyəti sayəsində ali və orta ixtisas təhsili müəssisələrinin və könüllü gənc­lərin cəlb edilməsi ilə müxtəlif tədbirlər icra olunur. Qış məktəblərinin təşkili, gənclərlə bilavasitə ünsiyyət, onları dinləmək, çətinlik və qayğıları ilə maraqlanmaq və bu istiqamətdə həll yollarında köməklik göstərmək gələcək nəslin nümayəndələrində ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də onların bu motivasiyadan ilhamlanaraq daha aktiv fəaliyyətinə təkan vermiş olur. 
    İstənilən cəmiyyətin inkişafında mühüm rol oynayan müəllim və ziyalılar həmin cəmiyyətin zəka və inkişaf göstəricisi sayılır. Məhz buna görə də gənc nəsli milli ideoloji ruhda tərbiyə etmək, vətənpərvər, xalqını, Vətənini sevən və dəyərlərinə, dövlətçilik ənənələrinə sədaqətlə bağlı olan gənclər yetişdirmək ziyalı təbəqənin öhdəsinə düşür. 
    Ali Məclis Sədrinin də vurğuladığı kimi, dövlət gənclər siyasətinin icrasında ən önəmli məsuliyyət elm və təhsil müəssisələrinin və bilavasitə cəmiyyətimizin aparıcı qüvvəsi sayılan biz təhsil işçilərinin üzərinə düşür. Bu sahədə müəllimlərimiz üçün motivasiya isə yaradılan şərait və dövlət qayğısıdır. Pedaqoq və ziyalılarımız isə yaradılan şəraitə cavab olaraq üzərlərinə düşən məsuliyyəti dərk edir və vətənpərvər, fiziki-ideoloji sağlam gənc nəslin yetişdirilməsi üçün var qüvvələri ilə və vicdanla çalışırlar. 
    Biz müəllimlər dərk edirik ki, gənc nəslin təlim-tərbiyəsi zamanı milli-mənəvi dəyərlərin təbliği tariximizi, adət-ənənələrimizi, mədəni və mental dəyərlərimizi unutdurmamağa hesablanmalıdır. Bununla yanaşı, həm də çalışmalıyıq ki, gənclərimiz – gələcək nəsillər keçmişimizi, xalqımızın başına gətirilən faciələri unutmasınlar, keçmişdən nəticə çıxarsınlar ki, daha sağlam gələcək qura bilsinlər. Soy-kökümüzə, dilimizə, dinimizə bağlılıq etibarlı gələcək və sağlam gənc nəsil – müstəqil Azərbaycan deməkdir. Vətənpərvər, savadlı, dünyəvi biliklərə yiyələnən və eyni zamanda xalq-dövlət mənafeyini hər şeydən üstün tutan gənc nəsil yetişdirmək hər şeydən öndə gəlməlidir. Yalnız bu yolla, səmərəli fəaliyyətimizlə dövlət qayğısının və göstərilən yüksək etimadın nəticəsiz qalmadığını göstərə bilərik. 
    Muxtar respublikada yetişən və tərbiyə olunan gənc nəsil də, öz növbəsində, diqqət və qayğını dərk edir, daim yenilənən dünyadakı elmi, texnoloji, ictimai-siyasi proseslərdən faydalanaraq inkişaf edir. Hər il onlarla gəncimiz ölkəmizin hüdudlarından kənarda üçrəngli dövlət bayrağımızı zirvələrə qaldırır, istər idman, elm, təhsil, istərsə də siyasi arenalarda ən yüksək kürsülərdən haqq səsimizi dünyaya çatdırır, ölkə mənafeyini müdafiə edirlər. Lazım gəldikdə canını belə, əsirgəməyən, hər vasitə ilə xalqına, ölkəsinə xidmət edən nümunəvi gənclərimiz sonrakı nəsillərə örnək olmaqla yanaşı, həm də sübut edirlər ki, izlənən siyasi xətt, gələcəyə hesablanmış strateji yol düzgün seçilmişdir. 

    Bütün bunlar onu göstərir ki, Vətənə, xalqa, dövlətçiliyə sədaqət qarşılıqlı inam və etimad sayəsində mümkün olur və Naxçıvan Muxtar Respublikası bu sahədə örnəkdir! 

Aidə CƏLİLZADƏ
Naxçıvan Dövlət Universitetinin baş müəllimi, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
YAP Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin üzvü

Nəşr edilib : 26.02.2022 18:23