AZ EN RU

Azərbaycan gəncliyi ölkənin etibarlı təminatçısıdır

    Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Onların hər bir sahədə inkişafı məqsədilə qoyulan investisiya dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bir millətin mövcudluğu və inkişafı, sözsüz ki, onun sağlam gəncliyinin olmasını şərtləndirir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Ölkə gəncliyinin inkişafı çoxşaxəli dövlət siyasətinin bəhrəsidir

Ölkəmizin hərtərəfli inkişafı, xüsusən insan kapitalına qoyulan sərmayə, rəqabətədavamlı insan kapitalı formalaşdırmaq naminə atılan addımlar, ilk növbədə, ölkənin sahib olduğu gənc nəsli doğru, düzgün və dövlətin gələcəyinin təminatçısı kimi formalaşdırmaqdan keçir. Bu mənada, Azərbaycan dövlətinin həyata keçirdiyi hərtərəfli siyasətin ən vacib komponentlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Bu siyasi istiqamət gənclərin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, onların arasında Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və digər taleyüklü məsələləri özündə ehtiva edir.
    Ümummilli Liderimiz Heydər Əliyev sağlam gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumunun keçirilməsi, bundan sonra hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü elan olunması bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Forumda gənclər təşkilatlarının və gənclərimizin qarşısında mühüm vəzifələr qoyulmuş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində ciddi tədbirlərin görülməsi aid dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir. 
    2003-cü ildən sonrakı dövrdə isə dahi siyasətçinin layiqli davamçısı Prezident cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqləndi və bu istiqamətlər üzrə əhəmiyyətli layihələr icra olundu. Bu sahədə görülən işlərin nəticəsidir ki, milli ruhda tərbiyələndirilən Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurlu fəaliyyəti, qazandığı nailiyyətlərlə yanaşı, tariximizin ən önəmli dövrlərindən biri olan 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı, siyasi və sosial aktivliyi ilə Vətən, xalq və dövlətçilik qarşısında mühüm faktor kimi özünü doğrultdu. Həmin gənclərin vətənpərvərliyi, şücaəti daim yüksək qiymətləndirilir və daha geniş kontekstdən yanaşdıqda, onların ümumi profili gənclər siyasətinin inikası kimi dəyərləndirilir. Ölkə Prezidentinin dediyi kimi: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”. 
    Bu fikirlər ölkə başçısının Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirakı zamanı sadalanan önəmli məsələlərdən, sadəcə, biridir. Xatırlamaq yerinə düşər ki, forum gənclərin ölkə başçısı ilə birbaşa dialoqu əsasında bir çox mətləblərin aydınca izahı və gələcək perspektivlərin müəyyənləşdirilməsi, yeni çağırışlar baxımından mühüm əhəmiyyətə malik idi. Buna misal olaraq ermənilərin Azərbaycan ərazisindəki ekoloji cinayətlərinə qarşı Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasını qeyd etmək olar. Havaların şaxtalı olmasına baxmayaraq, hələ də davam edən aksiyada gənclərin üstünlük təşkil etdiyi ekofəalların haqq mübarizəsi davam edir. Bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsi zamanı dövlət başçısı cənab İlham Əliyevin aksiyada iştirak edən gəncləri qürurla: “Onlar bizim fəxrimizdir”, – deyə bu mübarizəni yüksək səviyyədə qiymətləndirməsi, bir növ, gənclərə forumda təlqin etdiyi gözləntilərin qarşılığını görən liderin məmnuniyyəti idi. 
    Qeyd edə bilərik ki, ölkəmizin siyasi və iqtisadi inkişafı fonunda gənclərin cəmiyyətdəki mövqeyi bir qədər də güclənib, gənclərin təmsil olunduğu hökumət və qeyri-hökumət təşkilatlarının sayı artıb, bu müstəvidə fəaliyyət genişləndirilib. Təhsil və karyera imkanlarının yüksəldilməsi, qeyri-neft sektorunda investisiya artımı və ümumilikdə, sahibkarlığın inkişaf etdirilməsi amili gənc ixtisaslı kadrlara tələbatı da yüksəldib. Ölkə başçısının uğurlu və dərinləşən islahatları sayəsində uzun zamandır ki, dövlət idarəçiliyində və bir çox sahədə gəncləşdirmə mexanizmi tətbiq olunur. Nəticədə, Azərbaycanın inkişafına xidmət etməli olan vəzifəli şəxslərin, məsul şəxslərin qiymətləndirmə əmsalı cəmiyyət qarşısında konkretlik tapır: yüksək savad, dünyagörüş və digər göstəricilərin əsasında həqiqi vətənpərvərlik şərtdir və məhz belə insanlara etimad göstərilir. Gənclərin beynəlxalq arenaya çıxışı və fəaliyyətinin genişləndirilməsi Azərbaycanın tanıdılması və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından effektiv nəticələr verir. 

Naxçıvan gənclərinin hərtərəfli inkişafına zəmin yaradılır

Ölkə başçımızın prinsipiallıqla reallaşdırdığı dövlət gənclər siyasəti Naxçıvanda da uğurla həyata keçirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir. Son dövrlərdə könüllülük hərəkatı geniş vüsət alıb. Gənclərlə iş sahəsində fəaliyyət göstərən məsul şəxslərin, o cümlədən könüllü gənclərin ölkəmizdə, eləcə də xaricdə təşkil olunan müxtəlif layihələrə, təcrübə mübadiləsi proqramlarına cəlbi müasir iş metodlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gənc nəslin şəxsi inkişafını sürətləndirmək və onlar üçün yeni karyera imkanları yaratmaq məqsədilə müxtəlif motivli təlimlər, seminarlar, kurslar təşkil olunur. Uğurlu fəaliyyəti ilə seçilən gənclər düşərgə tipli layihələrə cəlb olunur, əlamətdar günlərlə bağlı mərasimlərdə mükafatlandırılırlar. Şəhid ailələri və qazilərlə ardıcıl görüşlər, müxtəlif hərbi idman oyunları, sosial aksiyalar və digər bu kimi tədbirlər gənclərin vətənpərvərlik hissinin yüksəldilməsinə əsaslı zəmin yaradır. Sevindirici haldır ki, gənclərimiz əlverişli mühitdən yararlanaraq müxtəlif peşə sahibi kimi yetişir, aparıcı sahələrdə faydalı və uğurlu fəaliyyəti ilə cəmiyyətə xidmət edirlər. Naxçıvan gəncləri siyasi-ictimai, mədəniyyət, təhsil, idman və digər sferalarda üstün bacarıq və keyfiyyətləri ilə fərqlənir. Müxtəlif konseptdə intellektual yarışlar, innovativ bilik və bacarıqların gücləndirilməsinə aid layihələr, müxtəlif təlim və kurslar sayəsində gənclərin zehni inkişafı artırılır. Yaradıcı və istedadlı gənclərin fəaliyyətinə dəstək davamlı xarakter alıb. Bütün bunların fonunda gənc nəsil nümayəndələrinin uğurları da artmaqdadır. Səmərəli fəaliyyətinə görə dövlət səviyyəsində təltif olunanlar, mükafatlandırılanlar arasında Naxçıvandan olan gəncləri də görmək mümkündür. Ötən il Naxçıvandan olan gənclərdən daha biri (Əziz Qasımov) Prezident Mükafatına layiq görüldü, bir idmançımıza (Tayfur Əliyev) ölkə başçısı tərəfindən mənzil orderi təqdim olundu, bir gəncimiz (Aytac Hacızadə) də ölkə üzrə “İlin fəal könüllüsü” seçildi. 
    Gənc nəslin sağlam həyat tərzinə təşviqi, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi əsas prioritetlərdəndir. Muxtar respublikamızın mövcud və yenilənməkdə olan infrastrukturu bu sahədəki kütləviliyi daha da artırır. Məşqçi və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı görülən işlər, ölkə və dünya təcrübəsinə malik mütəxəssislərin Naxçıvana gəlişi, federasiyalardakı işgüzar aktivlik və bu sahədə fəaliyyət göstərən idman ictimaiyyəti nümayəndələrinin səyi hesabına yeni nailiyyətlər də əldə olunur. Təkcə ötən ilin statistik rəqəmlərinə nəzər salsaq, görərik ki, idmançılarımız ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya çempionatında 2, dünya kubokunda 2 medal olmaqla, ümumilikdə, 316 medal əldə ediblər. 

Azərbaycan gəncinə liderlik xüsusiyyətləri aşılanır

Ötən il fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənc­lər Forumu zamanı Azərbaycan Respublikasının Prezidenti cənabı İlham Əliyevin tarixi nitqi, gənclərin suallarını cavablandırarkən gənclərə yüksək etimad və qayğısı, gələcək fəaliyyət prinsiplərini müəyyənləşdirən dəyərli tövsiyələri bu gün gənc­liyim gələcək uğur harmoniyasını təşkil edir. Qazanılan uğurların arxasında güclü dövlət, qətiyyətli lider və qəhrəman xalq vəhdəti dayanır. Yaxın tarixdə yaratdığımız yeni reallıqlar Azərbaycanı birlik və bərabərlik içində yeni uğurlara səsləyir. Mövcud vəziyyət bütün sahələrdə inkişafa yol açır və bu istiqamətdə gənclərimizin üzərinə mühüm missiya düşür. Prezident cənab İlham Əliyev bu müstəvidə də gənclərin xidmətlərini yüksək qiymətləndirir, onlara olan etimadını və gözləntilərini daim açıq şəkildə bəyan edir: “Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil, əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq”.
    Ölkə rəhbərinin idmançılar qarşısında bütün ölkə gəncliyinə, xalqımıza xitabən səsləndirdiyi bu fikirlərdə həssas məqamlar çoxdur. Odur ki, müqəddəs Zəfərə layiq olmaq üçün dünəni unutmamalı, bu günü məsuliyyətlə yaşamalı, sabaha inamla irəliləməliyik. Həyatımızın hər anında ölkəmizin ümumi maraqlarına xidmət, milli təəssübkeşlik ön planda olmalıdır. Azərbaycan tarixi gəncliyini Vətən uğrunda, haqq uğrunda sipər edən, bu yolda canından keçən şəxsiyyətlərlə zəngindir. Yeni tarixdə imzası olan gənclərimiz bu dəyərlərdən təsirlənir, cəmiyyətdəki vəzifəsini aydınca dərk edir. Unutmaq olmaz ki, müasir Azərbaycan gənci həm də bizə qalib adını miras buraxan qəhrəmanların, “Dəmir yumruq”lu xalqın və onun liderinin davamçılarıdır.  

Emil SƏMƏDOV
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 01.02.2023 20:48