AZ EN RU

Azərbaycan Gənclər Fondunun Naxçıvan filialının təqdimatı keçirilib

Tədbir iştirakçıları əvvəlcə  Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra tədbir “Gənclər” Mərkəzində davam edib. Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək Gənclər Fondunun Naxçıvan filialının yeni direktoru Arzu Qasımovu   kollektivə təqdim edib. Bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti son illərdə daha geniş vüsət alıb. Gənclərin ictimai-siyasi fəallığının artırılması, düzgün istiqamətləndirilməsi məqsədi ilə artıq Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialı yaradılıb. Bu gün də biz həmin filialın əməkdaşları ilə görüş keçirib, onların görəcəkləri işlərlə tanış olub öz tövsiyyələrimizi verdik. Hesab edirik ki, yaxın zamanda Naxçıvan gəncləri öz aktuallığı ilə, yeni layihələrə müraciət etmə bacarıqları ilə indiyə qədər göstərdikləri nəticələrini daha da yaxşılaşdıracaqlar. Onlar ölkəmizlə yanaşı, beynəlxalq səviyyədə də öz layihələri ilə çıxışlar edəcəklər. Biz də Gənclər Fondu olaraq keçirdiyimiz layihələr, qrantlar çərçivəsində  həmişə Naxçıvan gənclərinin fəallığını müşahidə edirik. Bu filialın yaradılması ilə qarşıya qoyduğumuz hədəflərə nail olacağıq.
Tədbirdə  Gənclər Fondunun Naxçıvan  filialının direktoru Arzu Qasımov göstərilən ehdimata görə minnətdarlıq edib və fondun üç aylıq  görüləcək işlərinə dair planından söz açıb.  Bildirilib ki, Naxçıvanda gənclərin və gənclər təşkilatlarının problem və təkliflərinin öyrənilməsi üçün geniştərkibli görüşün keçirilməsi, zəruri olan avadanlıqların təmin olunması nəzərdə tutulur.  Qeyd olunub ki, “İdeyanı reallaşdır – 2023” qrant müsabiqəsi çərçivəsində gəncləri maarifləndirmək və digər fəaliyyətləri həyata keçirmək və  Naxçıvanda fəaliyyət göstərən könüllülük proqramlarının səmərəsinin artırılması istiqamətində müxtəlif işlər aparılacaq.                                    
Sonda  təkliflər  dinlənilib.  

Bülbül Quliyeva

Nəşr edilib : 05.04.2024 14:26