AZ EN RU

“Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda respublika elmi konfransı keçirilib

    Naxçıvan Dövlət Universitetində keçirilən konfransda universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək  onun əhatəliliyi və elmi səviyyəsindən söz açıb. Rektor Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan Dövlət Universitetində də fəlsəfə fənninə böyük diqqət olduğunu deyib və konfransın işinə uğurlar arzulayıb.
    Bakı Dövlət Univesitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyə Aslanova “Türk xalqlarının fəlsəfi fikir tarixinin tədqiqinin aktuallığı” adlı çıxışında qeyd edib ki, türk xalqlarının milli dirçəlişi, sosial və mədəni həyatında baş verən dəyişikliklər, milli özünütəsdiq prosesinin sürətlənməsi və müasir dünyaya türk birliyinin inteqrasiya imkanlarının genişlənməsi Türk dünyasına diqqətin artmasına səbəb olan amillərdəndir.  
    Adıçəkilən ali təhsil müəssisəsinin Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova “Orta əsr Azərbaycan fəlsəfi fikir tarixində Şərq peripatetizminin rolu” mövzusunda çıxış edərək bildirib ki, Şərq dünyasında Məşşailik adı altında tanınan Şərq peripatetizminin tərkib hissəsi olaraq azərbaycanlı filosofların da bu zəngin fəlsəfə məktəbinə verdiyi töhfələrdən bəhs edib. 
    Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov “Qırmızı Professorlar İnstitutunun məzunlarının fəlsəfi tədqiqatları” adlı çıxışında vurğulayıb ki, Qırmızı Professorlar İnstitutunda təhsilin əsas forması tələbələrin Karl Marksın iqtisadi nəzəriyyəsini, fəlsəfə tarixini, o cümlədən materialist və dialektik təlimləri, inqilablar, sosial-iqtisadi tarixi araşdırdıqları və müzakirə etdikləri seminarlardan ibarət olub.
    Gəncə Dövlət Universitetinin dosenti Etibar Musayevin “Müasir mərhələdə Azərbaycançılıq fəlsəfi ideyalarının yaranmasında milli-mənəvi və ümumbəşəri dəyərlərin rolu” adlı çıxışında diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsinin əsaslarını, rüşeymlərini hələ sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi zamanı başladıb. Ümummilli Liderimiz Azərbaycançılığı milli ideyaya çevirməklə milli-etnik ayrı-seçkiliyi aradan qaldırmağa, ölkədə ictimai-siyasi stabilliyi yaratmağa, dövlətin inkişaf konsepsiyasını qurmağa nail oldu.  Bu, müasir, qloballaşan dünyada milli kimliyimizin tanınması istiqamətində mühüm bir addım idi.
    Plenar iclasdan sonra ənənəvi və onlayn bölmədə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı, Gəncə və Mingəçevir Dövlət universitetlərinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti olmaqla, ümumilikdə, 47 çıxış dinlənilib. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.06.2023 18:05