AZ EN RU

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir keçirilmişdir

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş tədbir keçirilib.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva bildirib ki, dünyanın qədim və zəngin tarixə malik dillərindən olan Azərbaycan dilinin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Ulu Öndər ötən əsrin   70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına böyük qayğı göstərmişdir.

Vurğulanıb ki, dahi şəxsiyyətin siyasi hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.

Qeyd olunub ki, doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət dil siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları, həmçinin, ölkə başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli terminologiyamızın inkişafına, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələlərinə öz töhfəsini vermişdir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

          Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ən böyük milli dəyərimiz – ana dilimiz” mövzusunda çıxışında vurğulayıb ki, xalqımızın böyük ədəbi şəxsiyyətləri, şair və yazıçıları ana dilimizin saflığı uğrunda mübarizə aparıb, bu dildə gözəl sənət nümunələri yaratmaqla yaşamasına, unudulmamasına şərait yaradıblar. 

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Qafar Qərib, Elxan Yurdoğlu, Alməmməd Eldaroğlu və Vəli Qaraxan tərəfindən ana dili ilə bağlı şeirlər bədii qiraət olunub.

Tədbirin sonunda kitab sərgisinə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.08.2023 18:01