AZ EN RU

Azərbaycan ədəbiyyatının incisi Xurşidbanu Natəvana məktub

    Qarabağımızın xanı Mehdiqulu xanın yeganə övladı, Qarabağ xanlıqlarının sonuncu vərəsəsi, “Dürrü yekta” (Tək inci), “Xan qızı” Natəvan! 190 il bundan öncə dünyaya gəlişinlə ailənə sevinc bəxş etmişdin. İllər, aylar ötdükcə sarayda aldığın yüksək təhsil və mədəniyyət, ən əsası damarında axan əsilzadəlik qanı, Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlərdən aldığın dərslər şeirə və sənətə olan şövq və həvəsin sayəsində gözəl Qarabağın hüsnünə həsr etdiyin əsərlərin hələ də oxucularının dilinin əzbəridir. Bu gün xeyirxahlıq deyiləndə sənin adın ilk sıralarda çəkilir. Xeyirxahlığın, xeyriyyəçiliyin, əliaçıqlığın, yoxsullara kömək etmən, incə, lirik şeirlərin, Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etmənlə xalqın böyük məhəbbətini qazanmışdın. İstedadın, şairliklə bərabər gözəl rəsmlər çəkmən, musiqini, muğamı bilməyin dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirildiyi kimi müasir dövrümüzdə də layiqincə qiymətləndirilir. Yaradıcılığın həmişə diqqət mərkəzində olub, əsərlərin 1928, 1938, 1956, 1981, 1984, 2004 və 2012-ci illərdə çap edilib, ədəbi irsinin tədqiqinə dair kitablar işıq üzü görüb. Təşkil etdiyin “Məclisi-üns” ədəbi məclisinin sorağı bu günə kimi gəlib çatıb. Məhəbbət, təbiət gözəllikləri tərənnüm olunan “Gülün”, “Qərənfil” və sair qəzəllərin bu gün də sevilə-sevilə oxunur. İlhamla qələmə aldığın “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli ürəyəyatan əsərlərindəki yüksək sənətkarlıqdan təsirlənən Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Gəncə, Naxçıvan, Ordubad şairləri onlarca nəzirə və təxmis yazmışlar.
    Onu da bilirsənmi, xalqın sənə hədsiz sevgisi idi ki, dünyadan köçdüyün gün cənazən Şuşadan Ağdama qədər piyada aparılıb?! Şuşa sakinlərinin, qarabağlıların sənə olan sevgisi nə qədər çox idisə, onlar yetmiş kilometrə yaxın yolu piyada getmiş və bütün Qafqaza sənin necə sevildiyini nümayiş etdirmişlər. Dünyadan köçmən təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdi. “Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar və həyat fəaliyyətin haqqında yazılar dərc edilmişdi. Vəfatın şairlər tərəfindən “ədəbiyyat aləminə üz vermiş fəlakət”, şeir məclisində “Günəşin batması” kimi qələmə alınmışdır. Xalqın sevimlisi, xatirən həmişə əziz olub bu xalq üçün. 1960-cı ildə Bakıda heykəlin, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Şuşada büstün ucaldılmışdır. Çox təəssüf ki, 1992-ci ildə doğulduğun gözəl şəhər düşmənə satılmışdı xainlər, sapı özümüzdən olan baltalar tərəfindən. Şuşanın işğal edildiyi günlərdə sənin və böyük bəstəkar Üzeyir Hacıbəyovun heykəllərini güllələyən o mənfur düşmənin hirsi bununla da soyumamış, həmin bürünc heykəlləri əridib satmaq istəsələr də, xalqımızın qədirbilən rəhbəri, ümummilli lider buna imkan verməmiş, düşməndən pul qarşılığında o heykəlləri alıb Bakı şəhərinə gətirmişdir. 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Dahi rəhbərin davamçısı Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Tarixi Zəfərdən sonra həmin heykəllər yenidən Şuşaya gətirilmiş və şəhərin görkəmli yerinə qoyulmuşdur. Bu gün sənin və dahi bəstəkarımız Üzeyir bəyin Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstləri, eyni zamanda xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür. Ağdam azad ediləndən sonra isə məzarüstü abidən yenidən bərpa edilir. 
    Hələ bu harasıdır, sənə bir müjdəm də var. Doğulduğun, hüsnünə, gözəlliyinə aşiq olduğun Şuşa kimi son mənzilin Ağdam da 29 illik işğaldan sonra igid oğulların tərəfindən azad edildi. Narahat ruhun sakitlik tapsın, Xan qızı. 
    Sənə bir müjdəm də var, əziz Natəvan! Sən dünyaya gələn gün bunu təkcə Qarabağ xanlığı bayram etmişdi. Onda bir nəslin sevinci idin, bu gün isə bütöv Azərbaycan sənin dünyaya gəlişinin 190 illiyini qeyd edəcək. Bundan öncəki illərdə də yubileylərin keçirilib. Amma çox təəssüf ki, son 29 ildə sənin yubileylərini ürəyimiz istəyən və əlbəttə ki, sənin arzuladığın kimi qeyd edə bilmirdik. Axı necə də edərdik?! Şuşa qan ağlayanda, Ağdamın ağ günləri qaraya bürünəndə, Şuşada tikdirdiyin məscidlər dağıdılanda bu xalqın ürəyi yanırdı, bilirdik, sənin də ruhun narahatdır. Səbir edib, güc toplayıb tarixi ədaləti bərpa edəcəyimiz günə az qalırdı, axır ki, vaxt gəldi yetişdi. Tanrı da haqqımızı haqq elan etdi. 29 il düşmən tapdağında qalan Şuşa bu gün azaddır! Bu gün ruhun şaddır. Çünki Vətənin azaddır. Heç şübhəsiz, ruhun şaddır ki, bu il 190 illiyini azad Vətənində qeyd edəcəksən. Təkcə sən yox, bütün Azərbaycan xalqı buna sevinir. Sevinir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamına əsasən 190 illik yubileyin qeyd edilir. 
    İllərlə narahat ruhun Şuşanın, Ağdamın dumanlı səmasında dolaşmaqdan yorulmuşdu.  Bu gün o azad göylərdə üçrəngli, ay -ulduzlu Azərbaycan bayrağı dalğalandıqca, Şuşanın azadlığı uğrunda canından keçən igid oğulların ruhu ağ göyərçinə dönüb qanad çaldıqca sənin də ruhun sevinir. Xalq bunu görür və əmindir ki, bu əbədi zəfərdir. Hələ bundan sonra çox üfüqlər doğulacaq Şuşa səmasında, günlər, illər keçəcək, bu xalq Xan qızını, gözəl şairini, vətənpərvər xanımı da, Vətəni uğrunda canından keçib bizi yenidən gözəl yurdumuza qovuşduran igid oğullarını da unutmayacaq. Sevimli Şuşan da, son mənzilin Ağdam da əbədiyyən əsl sahibinin olacaq. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 21.12.2022 20:15