AZ EN RU

“Azərbaycan ədəbiyyatında Şəhriyar zirvəsi” adlı tədbir keçirilib

    Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə əlaqədar “Azərbaycan ədəbiyyatında Şəhriyar zirvəsi” adlı tədbir keçirilib. 
   Ölməz şairin xatirə gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə diqqətə çatdırıb ki, qüdrətli söz ustadı Şəhriyarın ölməz irsi nəinki Şərq, həmçinin dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir. Vurğulanıb ki, poetik yaradıcılığı ilə ürəklərə yol tapan şair geniş oxucu kütləsinin sonsuz məhəbbətini qazanıb. 
    AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri,  dosent Ramiz Qasımov çıxış edərək bildirib ki, Şəhriyar yaradıcılığı həmişə tədqiqatçı alimlərin diqqət mərkəzində olub. Çıxışda akademiklər Budaq Budaqov və Bəkir Nəbiyev, ədəbiyyatşünas alim, şair Hökümə Billuri, pedaqogika üzrə fəlsəfə doktoru Əjdər Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru  Esmira Fuad və başqalarının ədibin həyat və yaradıcılığı haqqında dəyərli monoqrafiyalar qələmə aldığı nəzərə çatdırılıb. 
    Tədbirdə “Şərq qapısı” qəzetinin müxbiri Fariz Əhmədov Ümummilli Lider Heydər Əliyevin böyük şairimiz Şəhriyar irsinə böyük rəğbət göstərərək şairin 90 illiyində imzaladığı Sərəncamın ona dövlət səviyyəsində ehtiramın göstəricisi olduğunu bildirib, Ulu Öndərin müsahibələrinin birində “sevdiyiniz şair?” sualına “Şəhriyar”, – deyə cavab verdiyini tədbir iştirakçılarına xatırladıb. 
    Sonda idarənin tabeliyində çalışan əməkdaşlar şairin şeirlərindən bədii qiraət edib, səhnəciklər göstərib, musiqi nömrələri səsləndiriblər. İdeya müəllifi Fariz Əhmədov olan tədbirə videotəqdimatla yekun vurulub. 

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 14.09.2023 17:32