AZ EN RU

Azərbaycan ədəbi-bədii fikrinin Mir Cəlalı və ya Azərbaycan ədəbiyyatının əzəmət və sənətkarlıq örnəyi

    Azərbaycan Respublikasının Prezidenti İlhаm Əlİyеv: XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev, eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.

    Azərbaycan ədəbiyyatının ideya-məzmun və bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal (1908-1978) yaradıcılığının istisnasız və özünəməxsus yeri var. XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynamışdır. Onun qələmindən çıxan zəngin yaradıcılıq nümunələri Azərbaycan xalqının müxtəlif ictimai-tarixi mərhələlərdə psixoloji-mənəvi yaşantılarını, üzləşdiyi tarixi hadisə və prosesləri və sair öyrənmək üçün qiymətli bədii məxəz rolunu oynayır. Görkəmli yazıçı “Dirilən adam” (1934-1935), “Bir gəncin manifesti” (1939), “Açıq kitab” (1941), “Yaşıdlarım” (1946-1952), “Təzə şəhər” (1948-1950), “Yolumuz hayanadır” (1952-1957) kimi sanballı romanların müəllifi olduğu kimi, “Badam ağacı”, “Vətən yaraları” kimi ciddi üslubda yazılmış hekayələrin, “Həkim Cinayətov”, “Anket Anketov”, “İclas qurusu” kimi satirik-yumoristik əsərlərin müəllifi kimi də böyük şöhrət qazanıb. Onun çoxsaylı əsərləri həmişəyaşar sənət nümunələri olaraq ədəbiyyat tariximizi və bədii söz xəzinəmizi zənginləşdirmişdir.

 Görkəmli yazıçı və əvəzsiz alim Mir Cəlal bütün ruhu ilə milli məfkurəli bir şəxsiyyət idi. Xalqının faciəli həyatını özünün şəxsi həyatında yaşayan ədib bu faciələri ədəbi yaradıcılığında mükəmməl şəkildə əks etdirmiş, onu doğuran səbəbləri tənqid və ifşa edərək xoşbəxt gələcəyini arzulamışdır. Baxmayaraq ki, sovet dövrünün ən görkəmli yazıçı və alimlərindən olan Mir Cəlalın elmi və bədii yaradıcılığında milli mündəricə başlıca yer tutur. Görkəmli ədibin milli məfkurəli bir yazıçı olması onun yaratdığı obrazların mənəviyyatında, ruhunda, ideyalarında, əxlaqı və dəyərlərində, Vətənə, xalqa, ölkəyə münasibətində, dilində, dinində, imanında özünü əks etdirirdi. Vətənə dərin məhəbbət bəsləyən böyük yazıçının “Dirilən adam”, “Açıq kitab”, “Yaşıdlarım”, “Yolumuz hayanadır” kimi romanlarında, “İnsanlıq fəlsəfəsi”, “Vicdan mühakiməsi”, “Ərik ağacı”, “Vətən yaraları”, “Badam ağacları” kimi çoxsaylı hekayələrində Vətənə və xalqa məhəbbət, onun gələcəyinə cavabdehlik, ümummilli taleyüklü mətləblər başlıcalıq təşkil edir. Böyük yazıçımızın qələmindən çıxan “Kəmtərovlar ailəsi”, “Həkim Cinayətov”, “Bostan oğrusu”, “Təzə toyun nəzakət qaydaları”, “Özündən naxoş”, “Xarici naxoşluq”, “İclas qurusu” kimi əsərləri satira və yumorun ən uğurlu nümunələrini yaratmaqla bərabər, bir sıra aktual məsələ və mətləbləri tənqid və ifşa etmişdir. XX əsrin 30-cu illərindən yeni ictimai-iqtisadi formasiya və siyasi ideologiyanın fəal həyat mövqeyi qazanması ilə əlaqədar yeni insan surəti, yeniləşdirici, qurucu insan xarakteri yaratmağa başlayan görkəmli yazıçı öz obrazlarını yaradarkən onun milli mənsubiyyətindən irəli gələn keyfiyyətləri də əks etdirməyi qarşısına məqsəd qoymuş və öhdəsindən müvəffəqiyyətlə gəlmiş, ən tipik və yaddaqalan insan xarakterləri yaratmağa nail olmuşdur. 
    Görkəmli yazıçı bütün varlığı ilə millətinə bağlı ədəbiyyat nəhəngi idi və ideologiyanın tələb etdiyi insan surətlərini yaradarkən milli keyfiyyətlərə həssas münasibət göstərirdi. Yazıçının yaradıcılığında şəxsi tərcümeyi-halına yaxınlığı ilə seçilən, əsl sənətkarlıq məharəti ilə ərsəyə gələn, XX əsrin 17-20-ci illərində Azərbaycanda baş verən ictimai-tarixi hadisələrə həsr olunan və yazıçıya böyük şöhrət qazandıran “Bir gəncin manifesti” (1938) əsərində ədibin çox böyük ustalıqla yaratdığı Bahar surəti nəinki Azərbaycan ədəbiyyatı tarixində, həm də dünya ədəbiyyatında yaradılmış uşaq obrazları arasında öz estetik təsiri ilə qəlbləri fəth edən əbədiyaşar bir surətdir. Bu əsərin digər tərəfdən əhəmiyyəti ondadır ki, Mir Cəlal əsərdə həmin dövrlə əlaqədar bir sıra gerçəkləri əks etdirmiş, faciəvi həyatı ilə ürəkləri göynədən talesiz Bahar surəti ilə milli dövlətçilik tarixində xüsusi yeri olan, Şərqdə ilk demokratik, respublika tipli müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq nakam taleyi və yaddaşlardakı həzin izlərini əks etdirmişdir. Fikrimizcə, adından tutmuş yaşı və taleyinə qədər Bahar surəti cəmi 23 aylıq qısa bir “bahar ömrü” yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyini, Azərbaycan xalqının qəlbinə çəkilən müstəqillik duyğularının solan aqibətini əks etdirir. Sətiraltı məna və metaforik obrazlardan məharətlə istifadə edən görkəmli yazıçı Mir Cəlal “Bir gəncin manifesti” əsəri olmaqla bir sıra irili-xırdalı əsərlərində “qadağan olunmuş duyğuları” ifadə etməyə, milli kimliyi eybəcərləşdirən sovet maşınının mənfi tərəflərini tənqid etməyə müvəffəq olmuşdur. 
    Görkəmli ədibin yaradıcılığında sovet ictimai-tarixi inkişafının anti-milli siyasəti və vurduğu zərərlər konkret və cəsarətlə əks və ifşa olunmuşdur. Yazıçı konkret düşüncələrini uğurla təqdim etməklə cəmiyyət üçün ciddi təhlükə mənbəyi olan insan xarakterlərini, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olmuş, dövrün çox dolğun xarakterlər panoramını əks etdirmişdir. Əgər diqqətlə fikir verilsə, ədibin konkret ictimai-tarixi şəraitdə psixoloji-mənəvi eybəcərlik kimi təhlil və təqdim etdiyi bürokratçılıq, inzibatçılıq və sair kimi xarakter xüsusiyyətlərini ümumiləşdirdiyi “Gəldiyevçilik” fəlsəfəsi və xarakteri, ümumiyyətlə, sovet ideologiyasının – “sovetizm”in tipikliyi kimi nəzərə çarpır. Bütün həyati məsələləri, hətta ailə-məişət məsələlərini inzibatçılıqla həll və idarə etməkdən zövq duyan sosial-psixoloji xəstələr – psixopat “iclas quruları” (“İclas qurusu”) mətnaltında fikirlərini uğurla nümayiş etdirməyə müvəffəq olan Mir Cəlal yaradıcılığında dövrün ideoloji inkişaf tezisinin yaratdığı ictimai-mənəvi naqislik kimi səciyyə tapır. “Təzə toyun nəzakət qaydaları” əsərində yazıçı “Məhv olsun köhnə qaydalar!” şüarı ilə milli davranış, xarakter, adət-ənənə, hətta ana dilinin daşlaşmış ifadələrinə qarşı amansız və kor-koranə mübarizə səylərini yanğı ilə ifşa və tənqid etmişdir. “Allah sizdən razı olsun” yerinə “Təbiət sizdən razı olsun”, ümumən “Allah”ın əvəzinə “təbiət”, “təbiətin gizli qüvvələri” ifadəsinin işlənməsi, habelə milli adət-ənənələrə zidd davranışların “təzə nəzakət qaydaları” olaraq kodekslərə çevrilməsi milli ruhlu yazıçı tərəfindən ikrahla qarşılanmış, yeni qurulmuş Şura cəmiyyətinin yeni dəbi “təzə toy” olaraq adlandırılmış və bu “yeniliklər”in gətirəcəyi mənəvi eybəcərlik dilimizdəki “toy tutmaq” anlamında mənalandırılmışdır. Ümumiyyətlə, həmişə öz estetik idealına sadiq sənətkar sovet cəmiyyətinin ictimai eybəcərliyi olan ideoloji robotluğa tənqidi münasibət bəsləmiş, bunu bədii problem səviyyəsinə qaldırmağa nail olmuşdur. 
    Görkəmli yazıçı Mir Cəlalın ədəbi tənqiddə “həqiqətin üzünə dik baxan əsər” (akademik Məmməd Cəfər) kimi yüksək qiymətləndirilən “Açıq kitab” (1941) romanında müəllif çox uğurla yaradılmış “Əzməsən, əziləcəksən, ayaqlamasan, ayaqlanacaqsan… Güzəran, mənsəb cəhənnəmin təkində də olsa, enməyi bacar” kimi həyat fəlsəfəsi ilə yaşayan Gəldiyev obrazı və onun kimi insanların varlığı fonunda əslində “ali insan” yaratmaq əvəzinə “naqis insan” yaratmış konkret ideologiyanın ortaya çıxardığı ictimai-mənəvi naqisliyi, şikəstliyi təqdim və tənqid edir. İctimai mühitdə Gəldiyevlərin var olması nəhəng yazıçı tərəfindən həm də ən qorxulu hal olan mövcud ictimai tərbiyə qanunlarına münasibəti ifadə edirdi. Çünki Kəmtərovlar ailəsini, Anket Anketov, Qədir, Kərim Gəldiyev kimi “ideorobotları”, dayaz adamları və ailələri mövcud cəmiyyətin özü, onun tərbiyə və təlim dəyərləri, ideoloji tələbləri yaradırdı. Bununla da Mir Cəlal, əslində, müasir cəmiyyətin tərbiyə maşınının yaratdığı şil-şikəst, inzibatçı, hissiz, duyğusuz, altruist “sovet insan tipi”nə qarşı tənqidi münasibəti ifadə edir, Gəldiyev kimi insanların baş alıb getməsini cəmiyyət üçün ciddi təhlükə hesab edir, belə insanları yetirməkdə olan sovet cəmiyyətinin özünü isə “eybəcərlər anası” kimi qiymətləndirirdi. Akademik Məmməd Cəfər yazırdı: “Açıq kitab” canlı bir insan kimi dilə gəlib var səsilə və ən gözəl bədii əsərlərə xas olan coşqun bir həyəcanla oxucularını xəbərdar edir: Gəldiyevləri tanıyın, bizim azad həyatımızı və mədəniyyətimizi bu canavarlardan qoruyun, Gəldiyevlərə hər zaman, hər yerdə amansız olun, mərhəmətsiz olun!” 
    Milli ruhlu yazıçının əsərlərində xalq həyatı və milli mənəviyyatı, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini tapmaqla Azərbaycançılıq mövqeyini qətiyyətlə nümayiş etdirirdi. Totalitar sovet rejiminin milli xarakterə zidd, assimilyator xüsusiyyətləri nəhəng söz ustadının böyük ustalıqla yaratdığı Sona ana (“Bir gəncin manifesti”), Qədir (“Dirilən adam”), Vahid (“Açıq kitab”), Qocaman müəllim (“Xoşbəxtlik barəsində”) və başqa milli xarakterlər işığında təkzib olunurdu. Dövrün tərbiyə edib ortaya çıxardığı Kərim Gəldiyev obrazının simasında yazıçı bu cür insanları yaradan və hər yerdə onların dayaz fikirlərini, duzsuz çıxışlarını, mülahizələrini təqdir edən, Kərim Gəldiyev, Verdiyev və Qədir Qurd oğlu kimi sırtıq, dayaz ictimai “qurdlar”ı rəhbərliyə gətirən və onların əlilə baş kəsən, taleləri həll edən tipləri göstərməklə qorxunc ictimai-siyasi qüvvəni təqdim etmişdir. Mir Cəlal öz sənətkar ustalığı ilə bu mənfi tendensiyanı, zərərli tərbiyəni, “37-ci il patalogiyasını” ortaya çıxaran tendensiya olaraq təqdim edərək cəmiyyətə ciddi xəbərdarlıq ünvanlamışdır. Böyük yazıçı, fikrimizcə, yaradıcılığında zahiri planda sovetizmin tələblərinə xoş gələn ideoloji məsələləri qaldırsa da, alt planda daha çox özünəməxsus millilik amilini irəli çəkmişdir. Bu mənada, milli hissiyyatlı yazıçımız kosmopolit sovet xarakterini darmadağın edərək milli insan xarakterini təqdir etdiyini öz əsərlərinin mətnaltı anlamında ifadə etmişdir. 
    Realizmin nəhəng tədqiqatçılarından olan və böyük ədəbiyyatşünas alim kimi geniş şöhrət qazanan Mir Cəlal satirik-yumoristik nəsrin inkişafında böyük xidmətlər göstərmiş, “İclas qurusu”, “Həkim Cinayətov”, “Anket Anketov” və başqa əsərlərilə bədii nəsrdə gülüşün yeni məzmunda zənginləşməsi və ictimai mübarizə qüdrəti qazanmasına öz töhfələrini vermişdir. Adından tutmuş ideyasına, surətlərindən tutmuş dilinə qədər ən incə şəkildə ictimai-tənqidi gülüş yaradan qüdrətli sənətkar ciddi ictimai əhəmiyyət kəsb edən mətləbləri əks etdirmişdir. Özünəməxsus ciddiyyəti ilə tanınan “Bir gəncin manifesti” əsərində Misterin timsalında Azərbaycanın sərvətlərinə göz dikmiş işğalçı qüvvələrin mənfur niyyətləri yazıçı yumoru ilə tənqid və ifşa olunmuşdur. Qüdrətli yazıçı işğalçıları xalqın ən adisinin vətənpərvərliyi və qətiyyəti qarşısında acız və xəcalətli qoyur. Misterin həm sürücü tərəfindən ələ salınması, həm də Sona arvad tərəfindən bazarda qətiyyətlə rədd edilməsi kasıblığa və gözüqıpıqlığa məhkum edilməsinə baxmayaraq, Azərbaycan insanının vətənpərvərliyi, oyanıqlığı, cəsarəti və yadellilərə qarşı nifrəti kimi təcəssümünü tapmışdır. Ondan son və ən qiymətli mirası olan “Yusif-Züleyxa” xalçasını hər nə yolla olursa-olsun, almaq istəyən yadelliyə qarşı “İtə ataram, yada satmaram”, – deyən Sona məğrur və qeyrətli ana azərbaycanlı anaların ümumiləşmiş, əzəmətli obrazı olaraq xarici işğalçılığa qarşı qətiyyətlə dayanan əsl vətənpərvər bir sima kimi canlanır. Fikrimizcə, yazıçı məharətlə davranaraq xalçanı “Yusif-Züleyxa” adlandırmaqla xalqın milli-mənəvi dəyərləri və mirasına möhtəşəm əhd-peymanı, sədaqəti və qoruyuculuğu mənalandırmışdır.  
    Ana dilini mükəmməl bilən və onun zənginliyinə arxalanan sənətkarın olduqca sadə, yığcam, dolğun və təsirli dili var. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və Azərbaycançılıq amilini həmişə izləmiş, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs etmiş, ana dilinə məhəbbət hisslərini geniş anlamda ifadə edərək xalqına ləyaqətlə xidmət etmişdir. 
    Bir sözlə, Mir Cəlal səmimi sevgi ilə sevilən, oxunan və həmişə təsiri duyulan bir sənətkardır. Onun sənətkarlığı bədii təhlilə sığmayacaq dərəcədə zəngin və peşəkar, inadla təsdiqini tapacaq qədər dəqiq və danılmazdır. Mirzə Cəlil məktəbini özünün məharətli yazıçılıq qabiliyyəti və sənətkarlığı ilə inkişaf etdirən böyük yazıçımız Mir Cəlal həm də Azərbaycançılıq ideyalarına uğurla xidmət göstərmiş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini həmişə uca tutmuşdur. Onun əsərləri Azərbaycan xalqına sevgini və Azərbaycançılığı təlqin və təbliğ etdiyinə görə Azərbaycançılığın açıq kitabı olaraq gələn nəsillər tərəfindən sevilərək oxunacaqdır.

Ramiz QASIMOV 
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
 filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 26.01.2023 17:13