AZ EN RU

Azərbaycan dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi sırasında

Bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanı dünyanın ən cəlbedici investisiya ölkəsi kimi ilk yeddiliyə daxil edib. Fondun 2024-cü il hesabatında əks olunan bu məlumat hər birimiz üçün qürurvericidir, eyni zamanda Azərbaycanın dünya ölkələri sırasında nüfuzunun göstəricisidir. Bəs BVF hansı kriteriyalara görə Azərbaycanı dünyada 7 ən cəlbedici investisiyaya malik ölkələr sırasına daxil edib?
Xatırladaq ki, ölkəmiz Beynəlxalq Valyuta Fonduna 1992-ci il sentyabrın 18-də üzv olub. Ötən illər ərzində BVF Azərbaycanda yoxsulluğun azaldılması, iqtisadi inkişaf, infrastruktur quruculuğu, müxtəlif layihələrin maliyyələşdirilməsi ilə bağlı çoxsaylı  proqramlar həyata keçirib. Ötən ilin sonundan isə fond Azərbaycanda fəaliyyətini dayandırmışdı və bu qərarını ölkə­mizin artıq güclü iqtisadiyyata və böyük maliyyə ehtiyatına malik olması ilə izah etmişdi. Amma bununla bərabər, BVF ölkə­mizlə bağlı əlaqələrini davam etdirəcəyini, Azərbaycanın gələcək inkişaf strategiyası üçün dəstəyini əsirgəməyəcəyini, ehtiyac yaranarsa müxtəlif  texniki yardımlar da göstərəcəyini bildirmişdi. Fondun Azərbaycanı dünyanın cəlbedici 7 ən böyük investisiya ölkəsi kimi 2024-cü ilin hesabatına daxil etməsi də mövcud əməkdaşlığın davam etdiyini göstərir. 
Hamımıza məlumdur ki, xarici investorlar üçün ilk sırada fəaliyyət göstərəcəyi ölkələrin ictimai-siyasi stabilliyi və maliyyə sabitliyi dayanır. Azərbaycan nadir ölkə­lərdəndir ki, ötən əsrin 90-cı illərindən 2021-ci ilədək faktiki müharibə vəziyyətində olsa da, bu amil heç bir xarici investoru ölkəyə sərmayə yatırmaqdan çəkindirməyib. Çünki Azərbaycan investorların marağını ən yüksək səviyyədə təmin edib. Digər tərəfdən, ölkəmizdə bütün investorlar üçün bərabər şərait yaradılıb. Ölkə başçısının sözləri ilə desək, biz heç kimdən xahiş etmirik ki, iqtisadiyyatımıza investisiya yatırsınlar. Biz, sadəcə, ölkəmizdə bütün səviyyədən olan investorlar üçün bərabər investisiya mühiti yaradırıq. Bunu görüb dəyərləndirən investorlar isə Azərbaycana özləri gəlirlər. 
Azərbaycan hökuməti ötən dövrdə investisiyaların təşviqi istiqamətində də mühüm işlər görüb. Belə ki, müvafiq qaydada investisiya təşviqi sənədini əldə edən investorların aldıqları texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumundan azaddır və onların gəlirinin, habelə əldə etdikləri mənfəətin 50 faizi də eyni müddətə vergidən azad olunur. İnvestisiya təşviqi sənədi almış investor, həm də aldığı texnikanın, texnoloji avadanlıqların və qurğuların idxal əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən də 7 il müddətinə azad edilirlər. Təbii ki, bütün bunlar xarici investorlar üçün çox mühüm və cəlbedicidir.
Azərbaycanın investisiya cəlb­ediciliyini yüksəldən səbəblərdən biri, qeyd etdiyimiz kimi, ölkədə maliyyə sabitliyinin olmasıdır. Hamımıza məlumdur ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə makroiqtisadi problemlər, devalvasiya, inflyasiya mövcuddur. Bizdə isə bu sahədə vəziyyət stabildir. Buna görə də investisiyaları cəlb edə bilirik. Son illərdə qeyri-neft sektoruna xeyli həcmdə investisiyaların cəlbi də bunu təsdiq edir.  
Xarici investorların Azərbaycana marağını təmin edən amillərdən biri də ölkənin iqtisadi yeniliklərə açıq olmasıdır. Məsələn, Azərbaycan ənənəvi kənd təsərrüfatı, neft və qaz sahələri ilə yanaşı, “yaşıl enerji”, “ağıllı” yaşayış məntəqələri və sair kimi layihələrə də investisiyaları təşviq edir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya şirkətləri ilə “yaşıl enerji” istehsalı və ixracı sahəsində görülən işlər digər xarici investorları da bu sahəyə həvəsləndirir. Artıq  bu istiqamətdə sərmayə yatırtmaq istəyən investorların da sayı çoxalıb. 
Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkəyə çevrildiyini xarakterizə edən göstəricilərdən biri də son 20 ildə ölkəyə qoyulan xarici investisiyaların həcmidir. Statistikaya nəzər salsaq görərik ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici sərmayə yönəldilib. Diqqətçəkən məqamlardan biri odur ki, ölkə iqtisadiyyatına cəlb edilmiş xarici investisiyaların üçdə ikisinin və ya 200 milyard dollara yaxın məbləğinin iqtisadiyyatın real sektoruna yönəldilməsidir. Təkcə elə ötən il ölkə iqtisadiyyatına birbaşa xarici sərmayələrin həcmi 6,7 milyard dollar təşkil edib ki, bu da son 5 il üzrə ən yüksək göstərici hesab olunur. 
Azərbaycanın investisiya perspektivinə müsbət təsir göstərən amillərdən biri Azərbaycanın xarici dövlət borcunun az olmasıdır. Hazırda belə borcumuz 6 milyard dollardan bir qədər çoxdur ki, bu da ümumi daxili məhsulun cəmi 9-10 faizini təşkil edir. Bu həm də dünya ölkələri arasında ən aşağı səviyyədir. Belə ki, ölkəmiz bu göstəriciyə görə dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında da ən az xarici dövlət borcu olan məhz Azərbaycandır. Bütövlükdə isə ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çoxdur. Buna görədir ki, artıq Azərbaycan borc alan yox, donor dövlətdir. 
Sonda qeyd edək ki, Azərbaycan ötən dövrdə həm də özünə etibarlı dövlət imici formalaşdırıb: Azərbaycanın sözü imzası, imzası isə sözü qədər etibarlıdır. İstər xarici investorlarla razılaşmalarda, istərsə də dövlətlərarası müxtəlif layihələrin həyata keçirilməsində Azərbaycan hər zaman layiqli tərəf kimi çıxış edib. İllərlə qazanılmış bu etibar və nüfuz isə Beynəlxalq Valyuta Fondu kimi mötəbər qurumun hesabatlarında zaman-zaman öz əksini tapıb. Bu baxımdan Azərbaycanın ən cəlbedici investisiya ölkələri sırasına salınması nəinki təsadüfi deyil, hətta gözlənilən idi.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 23.04.2024 10:19