AZ EN RU

Azərbaycan dövləti vətəndaşını məhkumluğa alışdırmır, islaha sövq edir

“Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”, ideyasının müəllifi Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə demokratik dəyərlərin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmini istiqamətində ciddi islahatlar həyata keçirib. Azərbaycanın məhkəmə, hüquq sistemi uzun yol qət etsə də, ən təkmilləşdirilmiş ədalət prinsiplərini məhz Ulu Öndərin sayəsində qazanıb. Dahi şəxsiyyətin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Görkəmli dövlət xadimi tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs cəzadan azad edilib. Hətta Ulu Öndər böyük humanistlik göstərərək əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb. Məhz görkəmli dövlət xadiminin insan hüquq və azadlıqlarına verdiyi qiymətin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.

Ulu Öndər ideyalarını yeni müstəvidə uğurla reallaşdıran ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşlara qayğının əsas təzahürü kimi ötən illərdə dəfələrlə məhkum olunmuş bir sıra şəxslərin əfv olunması barədə sərəncamlar imzalayıb. Dövlət başçısı adətən bu humanist addımları xalqımız üçün əziz olan bayramlarda, əlamətdar tarixi günlərdə atır ki, bu həm də çoxəsrlik milli-mənəvi dəyərlərimizə hörmətin  ən ali ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 2018-ci il 24 may tarixli əfv sərəncamı 634 məhkuma şamil edilib. Ötən il Ümummilli Liderimizin anadan olmasının 100 illiyi ilə əlaqədar əfv sərəncamı isə Azərbaycan tarixində ən çox insanın azadlığa buraxıldığı sərəncamı kimi tarixə düşüb. Belə ki, sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Əfv sərəncamlarında ən çox diqqətçəkən amillərdən biri də heç şübhəsiz dünyəviliyin qorunması, xalqlar, millətlər arasında ayrıseçkiliyə yol verilməməsidir.  Bu baxımdan  ötən il əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunub. Ən böyük amnistiya qərarı isə 2021-ci ildə qəbul edilib. Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya hesab edilir.

Bu il Müstəqillik Günü ərəfəsində imzalanan əfv sərəncamı sayca 70-cidir və ümumilikdə, 154 məhkuma şamil edilib. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var. Belə ki, sərəncama əsasən, 8 əcnəbi əfv edilib ki, onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır.

 Sərəncam Naxçıvanda bir nəfərə şamil olunub. Qeyd edək ki, uzun illərdir Prezidentin əfv sərəncamına əsasən muxtar respublikada azadlığa çıxan olmayıb. Ötən il Ümummilli Liderimizin anadan olmasının 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamı ilə bir məhbusun cəza müddəti yarıya endirilib. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, cəzaçəkmə müəssisələrində məhbusların istedadlarının üzə çıxarılması və gələcəkdə cəmiyyətə adaptasiyası üçün müvafiq tədbirlər də reallaşdırılır. Məhbuslar təlimlərə, kurslara cəlb olunur, onların əl işləri festivallarda, bayram konsertlərində nümayiş olunur, məşğulluqlarının təmini istiqamətində addımlar atılır.

Ümumilikdə, ölkə Prezidentinin imzaladığı əfv sərəncamları ilə hər il onlarla insanın azadlığa çıxması belə deməyə əsas verir ki, Azərbaycan dövləti vətəndaşını məhbusluğa alışdırmır, onu islaha sövq edir. Dövlət başçısının bu addımları Ulu Öndərin nəcib təşəbbüslərinə, humanizm ənənəsinə sadiqliyin göstəricisi olmaqla insan amilinə verilən dəyərin təzahürü, hüquq və azadlıqların təmini ilə bağlı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq təşkilatların fəaliyyətinə dəstək rolu oynayır. 

Nail ƏSGƏROV

Nəşr edilib : 27.05.2024 13:59