AZ EN RU

Azərbaycan diplomatiya tarixinin Heydər Əliyev mərhələsi

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır”

 

Müstəqillik hər bir xalqın ən əziz nemətidir. Əsrlər boyu tarixin şahidlik etdiyi müharibələr və mübarizələrin əsası dünya xalqlarının müstəqillik istəyindən qaynaqlanmışdır. Lakin müstəqilliklə yanaşı, onu qoruyub saxlamaq da bir o qədər çətin prosesdir. Bu müqəddəs yolda xalqımız olum ya ölüm mübarizəsi verib. Bu çətin prosesdə xalqının fədaisi ümummilli lider Heydər Əliyev canı bahasına xilaskarlıq missiyasını üzərinə götürmüşdür. Bir əsrdə iki dəfə müstəqillik əldə edən mübariz xalqımız müstəqilliyin qorunub saxlanması kimi müqəddəs missiyada Heydər Əliyev dühası ilə tarix yazdı.

Xalqın xilaskar olaraq gördüyü Heydər Əliyev hələ SSRİ vaxtında mühüm dövlət vəzifələrində çalışmışdır. Heydər Əliyev 1967-ci ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilir. Xalqına xidmət etməkdən bir an belə yorulmayan dahi lider ölkənin inkişafı yolunda əvəzsiz addımlar atır. Baxmayaraq ki, SSRİ qurulduğu andan etibarən xüsusilə Azərbaycanda milli kadr potensialını hədəf alır, Azərbaycan xalqının qaymaq təbəqəsini soyqırım və deportasiyalara məruz qoyurdu. Vətən oğulları ordu sıralarına çağırılmır, xalqın sosial və siyasi inkişafı müxtəlif yollarla süni şəkildə dayandırılırdı.

 SSRİ-nin ölkəmizə yönəlmiş mənfi kadr siyasətinin kəskin vaxtında Heydər Əliyev kimi bir şəxsiyyətin vəzifəyə gəlməsi dahi siyasətçinin böyük əzmkarlığı və uzaqgörənliyinin bir daha sübutudur. Siyasi hakimiyyətinin başladığı ilk vaxtlardan açıq və ya gizli şəkildə Azərbaycan xalqının maariflənməsi, inkişafı yolunda misilsiz addımlar atmışdır.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan azad bazar iqtisadiyyatına keçid etdi. Lakin yenicə müstəqilliyinə qovuşan Azərbaycan dövləti istər daxili, istərsə də xarici siyasətdə istiqrarsızlıq və xaos yaşayırdı. Bir tərəfdən cəzasızlıq mühitindən istifadə edən Erməni birləşmələrinin Qarabağdakı özbaşınalıqları, digər tərəfdən səriştəsiz və təkistiqamətli hakimiyyət ölkəni anarxiyaya sürükləyirdi. Bu xaosun əsas səbəbi isə Rusiyanın Cənubi Qafqazdakı varlığını qorumaq təlaşından qaynaqlanırdı. Təbii ki, Rusiyanın isterikaya qapılması əbəs deyildi. İstər “meydan” hərəkatı, istərsə də “sərhəd” hərəkatı Azərbaycan xalqının polad iradəsini, sarsılmaz qətiyyətini, müstəqillik üçün can atan ruhunu nəinki Rusiyaya, eləcə də bütün dünyaya nümayiş etdirdi.

1990-cı ildə dahi siyasətçi qanlı yanvar hadisələrinə görə SSRİ hakimiyyətinə kəskin etirazını bildirir və may ayında Azərbaycana qayıdır, siyasi fəaliyyətini Naxçıvanda davam etdirir. Xalqın israrlı təkidi və tələbi ilə 1993-cü il 15 iyununda Bakıya qayıdır. Bu tarix sadəcə təqvim deyil, Azərbaycan xalqının qurtuluşunun tarixçəsidir. Bu tarixdə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilir, həyati risq və təhlükələrə baxmayaraq xilaskarlıq missiyasını böyük əzmkarlıqla yerinə yetirir.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın yerləşdiyi geostrateji ərazini nəzərə alaraq özünəməxsus siyasi dəsti xətt seçmişdir. Heydər Əliyevdən əvvəlki hakimiyyətlər xarici siyasətdə daha radikal mövqedə duraraq diplomatik təfəkkürdən uzaq olan emosional və təkyönlü siyasət seçmişdilər. Bu siyasət 1990-1993-cü illərdə yaşanmış qarışıqlıqların, siyasi istiqrarsızlıqların əsas səbəblərindəndir. Rusiyanın Cənubi Qafqaza qarşı “arxa bağça” siyasətini həmin ərəfədə göz ardı etmək mümkün deyildi. Həmçinin də İranın türk dünyası ilə bağlı qorxuları, “Turançılıq” ideologiyası bu ölkəni Azərbaycana qarşı əks siyasət yürütməyə sövq edirdi. Hər iki dövlətlə üst-üstə düşməyən milli maraqlar Azərbaycanın daxilində yeni çaxnaşmalar yaradır, hakimiyyət uğrunda mübarizələr daha da qızışırdı. Bütün bu siyasi xaos və anarxiyanı görən ziyalılar və xalq xilaskarını hakimiyyətə dəvət edir. Xalqın təkidi və tələbi ilə dahi şəxsiyyət öz millətinə və dövlətinə sahib çıxır. Çünki xalq çox yaxşı bilirdi ki, bu siyasi qarışıqlığın öhdəsindən yalnız Heydər Əliyev kimi düha gələ bilərdi

Uzaqgörən siyasətçi 1993-cü il oktyabrın 3-də Prezident seçilir. Beləliklə 1990-1993-cü illər ölkədə baş verən siyasi hərc-mərclik və anarxiya Heydər Əliyevin səyləri ilə səngidi. Heydər Əliyev iqtidara gəldiyi gündən çoxşaxəli diplomatiya həyata keçirdi, eyni zamanda ölkə daxilində qarışıqlığa son verərək mərkəzləşdirilmiş dövlət yaratmağa müvəffəq oldu.

1993-cü ilin ikinci yarısında ölkənin siyasi fəaliyyətində və xarici siyasətində köklü dəyişikliklər yaşanmağa başladı. Dahi siyasətçi dövrün ən düşünülmüş siyasətini –balans siyasətini həyata keçirirdi. Nəzərə alaq ki, Cənubi Qafqazda Qərbin və Rusiyanın maraqları hər zaman toqquşur. Azərbaycan Rusiyanın bölgəyə təsir gücünü hər zaman azaltmağa çalışıb. Bunun üçün qərb ölkələri ilə iqtisadi və siyasi əlaqələri qoruyub möhkəmləndirməyə və inkişaf etdirməyə üstünlük verib.

Heydər Əliyev hakimiyyətinin qarşısında duran ən ümdə vəzifələrdən biri Azərbaycanın Beynəlxalq münasibətlər sisteminə inteqrasiyası və Qarabağ problemi idi. Azərbaycan tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı və beynəlxalq sistemin dəstəyini qazanmağı əsas məqsədlərindən biri hesab edirdi. Çünki, Azərbaycanın ərazi bütövlüyünə qəsd olunmuş, ərazilərinin 20 faizi işğal edilmiş, insan hüquqları ciddi şəkildə pozulmuşdu. Həm də dövlətimizin suveren hüquqları tapdalanmış və müstəqilliyimizə qarşı təhdidlər, risqlər yaranmışdı.

 Heydər Əliyev bütün bu faktları nəzərə alaraq qətiyyətli siyasi dəsti xətt seçdi. Enerji amilindən də istifadə etməklə dünyanın aparıcı ölkələri ilə siyasi, iqtisadi və mədəni əməkdaşlıq platforması yaratmağı vacib şərt hesab edirdi. Nefti vasitə olaraq istifadə etməklə dünyanın böyük dövlətlərinin, beynəlxalq təşkilatların, iri kommersiya şirkətlərinin diqqətini regiona çəkməklə, eyni zamanda Ermənistan üzərində təsir mexanizması formalaşdıracaqdı. Avropanın alternativ enerji axtarışı onu Azərbaycanla əməkdaşlığa sövq edəcək və nəticədə böyük dövlətlər Azərbaycanın təhlükəsizliyində maraqlı olacaqlardı.

Ümummilli Liderimizin siyasi səriştəsi nəticəsində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. 822 nömrəli qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 853 nömrəli qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. 874 nömrəli qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (31 avqust) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı. 884 nömrəli qətnamə ilə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılırErmənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

Bu qətnamələrin icrası böyük güclərin ikili standartlarla yanaşması nəticəsində 2020-ci ilin sentyabrına qədər kağız üzərində qaldı. Qüdrətli Azərbaycan dövlətinin müzəffər ordusu və dahi diplomat Heydər Əliyevin siyasi dəsti-xəttinin davamçısı Cənab prezidentimiz İlham Əliyevin çevik və uzaqgörən siyasəti nəticəsində “Vətən müharibəsində” qətnamələr icra olundu.

Dahi diplomat Heydər Əliyevin misilsiz səyləri nəticəsində qəbul edilmiş bu qətnamələr həyati əhəmiyyət kəsb edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini nəzərə alsaq, xüsusilə Fransanın tarix boyu ermənipərəst mövqedə olması, islamafobiyanın, antitürk siyasətinin açıq və qabarıq şəkildə həyata keçirilməsi qəbul edilmiş qətnamələrin əhəmiyyətini bir daha sübut edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi ərəfəsində Rusiya və Fransanın bu qətnamələri qüvvədən salacaq yeni qətnamənin qəbulu ilə bağlı səyləri Cənab prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində uğursuzluqla nəticələnir.

Hər nə qədər dünya dövlətləri regional sülh və təhlükəsizlik məsələsinin önəmini vurğulasalar da Ermənistanın təxribatlarını, Azərbaycanın suverenliyinə olan təhdidlərini görməzdən gəlirdilər. 1997-ci ildə dəyəri 1 milyard ABŞ dollarından çox olan müasir silah və sursatın qeyri-qanuni yollarla Rusiya tərəfindən Ermənistana verilməsi məsələsi ortaya çıxmışdır. Hətta Azərbaycan ərazilərinin işğalında bu silahlardan istifadə edilməsi Beynəxalq hüququn kobud şəkildə pozulduğuna nümunədir.

1994-cü il 12 may tarixində Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır. Bundan sonra isə Qarabağ probleminin diplomatik qaydada, beynəlxalq hüquqa uyğun həlli istiqamətində aramsız danışıqlar başlayır.

Ardınca isə 1994-cü il 20 sentyabr tarixində Bakıda Gülüstan sarayında “Əsrin müqaviləsi” adlı meqa lahiyə imzalanır. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli yataqlarının ortaq işlənməsi və pay bölgüsü ilə bağlı bu lahiyəni ABŞ “Əsrin müqaviləsi” olaraq adlandırmışdır. Bu məlumat Ümummilli liderimizin ABŞ prezidenti Bill Klintona yazdığı məktubunda da öz əksini tapmışdır.

Ümumi dəyəri 8 milyard dollar olan bu meqa layihə Heydər Əliyevin enerji diplomatiyasının əsasını qoydu. 1994-2003 cü illərdə Şahdəniz yatağının da aid olduğu daha 22 müqavilə imzalanmışdır. Şahdəniz yatağını digər yataqlardan fərqləndirən əsas məsələ 400 m2 milyard qaz ehtiyatı ilə Azərbaycanın bölgədə Rusiya və İrana rəqib olması idi. Dahi şəxsiyyət Heydər Əliyevin diplomatik səriştəsi nəticəsində imzalanan bu müqavilələr Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. Ölkəmiz həm iqtisadi cəhətdən güclənir, həm də dünya ölkələri arasına söz sahibi olurdu.

Azərbaycanın enerji siyasətinə öz töhfəsini verən Heydər Əliyevin daha bir uğuru “21-ci əsrin layihəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhandır. 1998-ci ilin 29 oktyabr tarixində Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan belə bir layihənin önəmini vurğulayan Ankara bəyannaməsini imzalayırlar. 1999-cu ilin 18 noyabr tarixində Azərbaycan, Türkiyə və Gürcüstan arasında ATƏT-in İstanbul sammitində ilkin razılaşmalar əldə olunur. 2002-ci ilin 18 sentyabr tarixində Bakıda, Səngəçal terminalında təməl atma mərasimi olur. Açılış mərasimində Ümummilli lider Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti haqında belə deyir: “2005-ci ildə hamımız Ceyhana gedəcəyik. Bu xəyal deyil, bir həqiqətdir”.

Dahi siyasətçi xarici siyasətdə region ölkələri ilə yanaşı dünyanın aparıcı dövlətləri ilə münasibətlərə xüsusi diqqət etmişdir. Hələ Naxçıvanda Ali Məclisin Sədri olarkən ABŞ prezident seçkilərində qalib gələn Bill Klintona təbrik məktubu göndərmişdir. Məktubda Azərbaycan-ABŞ münasibətlərinin normallaşacağından, həmçinin də Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınmasına ABŞ-ın icazə verməyəcəyinə dair dərin inancını bildirmişdir. Heydər Əliyev malik olduğu böyük idarəçilik qabiliyyəti, siyasi təcrübəsi harada olmasından asılı olmayaraq lazımı və düzgün qərarlar verməsinə imkan yaradırdı. Hər zaman bu uzaqgörənlik xalqımızın və dövlətimizin təhlükəsizliyinə hesablanırdı.

4 fevral 1993-cü ildə isə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Richard Miles Naxçıvana səfər etmiş, Heydər Əliyev ilə görüşündə ABŞ dövlət başçısı Bill Klintonun yaşanan bu hadisələrdən məyus olduğunu bildirmişdir. Eyni zamanda Azərbaycan-Ermənistan məsələlərindən, Naxçıvanın blokadaya alınmasından, bu blokadanın yaratdığı çətinliklərdən geniş söz açılmışdır. Səfir Bill Klintonun Naxçıvana humanitar yardımla bağlı məktubunu Heydər Əliyevə təqdim etmişdir. ABŞ-ın Azərbaycana qarşı hər cür yardımı yasaxlayan 907-ci maddəyə (1992-ci ildə ABŞ-dakı erməni lobbisinin konqresdəki aktiv fəalliyyətindən Azərbaycana qarşı qəbul edilmiş Azadlığı müdafiə aktının 907-ci maddəsi) baxmayaraq tezliklə Naxçıvana humanitar yadım göndərilmişdir. Dahi siyasətçinin bu addımı Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıcı sayılır.

1997-ci il 27 iyul-7 avqust tarixlərində ABŞ dövlət başçısı Bill Klintonun dəvəti ilə Heydər Əliyev ABŞ –a rəsmi ziyarətə getmişdir. Bu ziyarət Heydər Əliyev diplomatiyasının ən böyük uğurlarındandır. Bu ziyarəti bütün dünya medyası yaxından izləmişdir. Bu tarixi ziyarət Azərbaycanın beynəlxalq sistemə inteqrasiyasını daha da sürətləndirmiş, həmçinin də tarixi səfər nəinki Qafqazda, eləcə də Orta Asiyada mövcud situasiyanı dəyişdirmişdir. Heydər Əliyevin tarixi səfəri ABŞ-ın ikili münasibətlərə, eləcə də Qarabağ məsələsinə mövqeyini də dəyişdirmişdir. Hətta ABŞ Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımağa başlamışdır. Heydər Əliyevin aramsız diplomatik təmasları nəticəsində 2002-ci ilin yanvarında Azadlığı müdafiə aktının 907-ci maddəsi dayandırılmışdır.

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin misilsiz, analoqu olmayan diplomatiyasını, liderlik və qərar qəbuletmə qabiliyyətini Azərbaycanın müzəffər oğlu, Ali baş komandanı İlham Əliyev qətiyyətlə həyata keçirir. Dövlət idarəçiliyi, ordu quruculuğu diplomatik səriştə və qloballaşan dünya siyasətinə sürətli inteqrasiya nəticəsində Azərbaycan Beynəlxalq münasibətlərin əsas aktorları sırasındadır. Ölkəmiz müasir dövrün dəyişən qüvvələr balansında özünəlayiq mövqe qazanmışdır.

Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixində dünya hərb tarixini yenidən, qızıl hərflərlə yazdı. Dünya dövlətlərinə müasir müharibənin qaydalarını göstərdi. Heydər Əliyevin mirasını Azərbaycanın mərd oğulları canları bahasına qorudular. Şanlı qələbə təkcə döyüş meydanında deyil, müzəffər Ali baş komandanın dəmir iradəsi ilə informasiya müharibəsində, diplomatiya sahəsində də yaşandı. Xalq dəmir yumruq olub liderinin ətrafında birləşdi.

8 Noyabr 2020-ci ildə Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunması münasibəti ilə Ölkə başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən hislərini belə ifadə etmişdir: xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Nazlı YAQUBOVA

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər”

kafedrasının müəllimi, Siyasi elmlər üzrə dissertant

Nəşr edilib : 05.05.2023 15:44