AZ EN RU

Azərbaycan dilçilik elminə yeni töhfə

Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan dilçi alimlərimiz bu elmin inkişafına öz töhfəsini verirlər. Onlardan biri də AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi dosent Zülfiyyə İsmayıldır.

Zülfiyyə İsmayılın yenicə işıq üzü görmüş “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabı müasir dilimizlə bağlı problemlərin həllinə yönəlmiş məsələləri özündə ümumiləşdirir, dilçilik elmimizdə faydalı və gərəkli elmi tədqiqat  əsərlərinin təhlilindən bəhs edir.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçilər dosent Aytən Cəfərova və dosent F.Rzayevdir. Əsər Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə ithaf olunub. Və kitabın ilk səhifəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan türklərinin dilinin möhtəşəmliyini ifadə edən dəyərli kəlamları təqdim olunur: “Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilmiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır”.

“Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının III cildini müəllif haqlı olaraq “Heydər Əliyev və Azərbaycan dili məsələləri” başlıqlı giriş xarakterli məqaləsi ilə başlayır. Məqalədə müəllif Ulu Öndərin Azərbaycan dilinin qorunması, inkişafı ilə bağlı olan dəyərli kəlamlarının liderimizin bu istiqamətdə gördüyü işlərdə də mükəmməl şəkildə gerçəkləşməsindən geniş şəkildə bəhs edir.

Kitabın ilk bölməsi “Ədəbi dil və bədii düşüncə” adlanır. Bu bölmədə müəllif Naxçıvan ədəbi mühitinin istedadlı simalarının ədəbi yaradıcılıqlarının dil və üslubi xüsusiyyətlərini araşdırır, həmin müəlliflərin əsərlərinə əsl vətənpərvər dilçi nöqteyi-nəzərindən yanaşaraq təhlilə cəlb edir. Belə təhlillərindən birində də Naxçıvan və Qərbi Azərbaycanla doğmalıqla bağlı olan həm istedadlı alim, həm də lirik duyğuların əsrarəngiz ifadəçisi kimi zəngin məna və mətn tutumuna malik şeirlər müəllifi, pedaqoq, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın əsərlərinin dil-üslub imkanlarının zənginliyini bir daha ortaya qoyur. Onu da vurğulamaq istərdim ki, ədəbi şəxsiyyətin yaradıcılığını onun sələfinin yaradıcılığı ilə müqayisəsini Zülfiyyə İsmayıl qədər araşdıran Zülfiyyə İsmayıl kimi mütəxəssis, demək olar ki, azdır. Zülfiyyə İsmayıl Mahirə Nağıqızının şeir yaradıcılığının dil-üslub imkanlarından “Sözün daş nağılı və daş ağırılığı” başlıqlı məqaləsində geniş danışır. Hiss olunur ki, müəllif onun şeirlərinin hər birini mütaliə edib.

Müəllif digər bir tədqiqatını isə Z.İsmayıl “Unudulmayan alimin xatirəyə dönən şair ömrü” adlı yazısının tərkibində gerçəkləşdirir. Ümumiyyətlə, Zülfiyyə İsmayıl doğma el-obasına o qədər bağlı, qəlbində o qədər böyük bir sevgi bəsləyən insandır ki, onun alimlik istedad və bacarığı yüksək vətənpərvərlik sevgi və ideyaları ilə möhkəm çulğaşaraq apardığı tədqiqatları, elmi araşdırmaları onun istedad və intellektual təfəkkürünün zənginliyi kimi ərsəyə gəlir, formalaşır. Müəllif çalışır ki, elinin-obasının elmi və bədii yaradıcılıqla məşğul olan bütün insanların fəalyyətinə öz dəyərli rəyini versin. Belə yazılardan biri də Sədərək elinin yetirməsi türkoloq alim, şair Cəfər Cəfərovun həm elmi, həm də bədii yaradıcılığı ilə bağlı apardığı dərin araşdırmanın nəticəsi olan məqaləsidir. Bu məqalədə Z.İsmayıl Cəfər Cəfərov yaradıcılığını sanki yenidən dirçəldir, az qala “sandıq ədəbiyyatı”na çevrilməkdə olan bu yaradıcılıq örnəklərinin dil-üslubi xüsusiyyətlərinə işıq salır. Z.İsmayıl C.Cəfərov şəxsiyyətindəki yüksək insani keyfiyyətləri, onun dünyayabaxış istiqamətlərini o qədər aydın və dəqiqliklə xarakterizə edir ki, bu, sözün əsl mənasında, insanda heyrət doğurur. Mən C.Cəfərovun övladı olaraq buna doğrudan da, heyrət edirəm. Tədqiqatçı alim Cəfər Cəfərov şəxsiyyətinin Vətən eşqi, xoşbəxt gələcəkli Vətən arzularını onun misraları vasitəsilə olduqca mükəmməl şəkildə aşkarlayır: “C.Cəfərov şeirlərində Vətən və yurd sevgisi kimi poetik  düşüncələri yüksək şeiriyyətlə qələmə almışdır. Təəssüf ki, qanlı-qadalı 90-cı illərdə “Azərbaycan torpağıdır Qarabağ!” – deyən ziyalımız dünyanı lərzəyə gətirən “Qarabağ Azərbaycandır!” şüarının 44 gündə həsrətə son qoyan reallığını görmədi... 22 bəndlik şeirin növbəti bəndləri də dövrün reallıqlarını əks etdirmək baxımından olduğu qədər, deyim və duyum tərzi, bədii-məcazi imkanlarından istifadə baxımından da səciyyəvidir”.

Naxçıvan ədəbi mühitinin orta nəsil nümayəndələrindən olan Hüseyn Razi yaradıcılığını da Zülfiyyə İsmayıl həm Vətən-xalq-xalqın ziyalısı istiqamətində, nöqteyi-nəzərindən araşdırır.

XX əsrin II yarısından sonrakı Azərbaycanda mənzum dramaturgiyasının banisi kimi tanınan, Naxçıvan torpağının yetirməsi, şairə-dramaturq Kəmalə Ağayevanın yaradıcılığı da Zülfiyyə İsmayılın tədqiqində yenilənir, dil və bədii xüsusiyyətləri peşəkarlıqla onun qələmi vasitəsilə bir daha aşkara çıxarılır. Bu barədə “Kəmalə yaradıcılığının dil-üslub xüsusiyyətləri” başlıqlı yazıda geniş bəhs olunur.

Naxçıvan ədəbi mühitinin müasir dövrünün nümayəndələrindən olan Alməmməd Eldaroğlu və Qafar Qəribin də şeir yaradıcılıqlarının dil-üslub xüsusiyyətləri Zülfiyyə İsmayıl qələminin təhlil süzgəcindən keçir, müəllif hər iki şairin dünyagörüşünə məxsus fəlsəfi yanaşmalarını onların şeirlərinə əsaslanaraq şərh edir, həmin şeirlərin dil və üslubi ifadə imkanları barədə geniş məlumat verir.

“Dilçilik elmimiz: ustadlar və yeni nəsillər” adlı II bölmədə müəllifin Azərbaycan dilçilik elminin ustad səviyyəsinə yüksəlmiş görkəmli şəxsiyyətlərinin, eləcə də bu elmə yenicə gələn tədqiqatçıların sözügedən elm sahəsindəki əsərləri barədə maraqlı fikirləri özünə yer alıb.

Dilçilik elmimizin görkəmli simalarından olan, bu elmə zəngin töhfələr bəxş etmiş professor Əbülfəz Quliyevin elmi yaradıcılığı ilə bağlı məsələlər “Əbülfəz Quliyevin tərcümə əsərlərinə dair” başlıqlı yazıda öz əksini tapır. Bu məqalədə Z.İsmayıl alimin dilçilik elminin əsas istiqamətlərindən olan tərcüməçilik fəaliyyətindən bəhs edir. O, Ə.Quliyevin tərçüməçilik fəaliyyətinin ən dəyərli töhfələrindən olan Ruminin “Məsnəvi” əsərinin, Ədib Əhməd Yügnəkinin “Atabətül-həqaiq” əsərinin, Taylan Sorqunun “İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş” adlı xatirələr kitabı haqqında ətraflı məlumat verir.

Professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycandakı paleotoponimlər” adlı monoqrafiyası haqqında öz fikirlərini “Qərbi Azərbaycandakı paleotoponimlər etnoyaddaşın abidəsi kimi” başlıqlı yazısında təqdim edən Z.İsmayıl bu əsəri “Qərbi Azərbaycana qayıdış istiqamətində aparılan siyasətə dəstək xarakteri daşıyan çox əhəmiyyətli mənbə” adlandırır.

Dilçi alim, professor Nadir Məmmədlinin “Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” adlı əsəri adlı monoqrafiyası haqqındakı fikirlər Z.İsmayıl tərəfindən yüksək peşəkarlıqla şərh edilir. Z.İsmayıl əsəri belə qiymətləndirir: “Məzhər üt-türki” üç əsr əvvəl Cənubi Azərbaycan ərazisində  işlək olan Səfəvi və Əfşar türkcəsinin təbliği, tədqiq baxımından dəyərli və çox əhəmiyyətlidir”.

Professor İbrahim Bayramovun “Azərbaycan dialektologiyası” əsərinin dilçilik elminə böyük töhfə olduğu vurğulayan Z.İsmayıl bu əsərin Azərbaycan dilçilik elmi üçün çox əhəmiyyətli mənbə rolu kəsb etdiyini söyləyir. Bu monoqrafiyada “Qərbi Azərbaycan şivələrinin tədqiq tarixi” adlı bölmə özünə yer alıb. Bu istiqamətdə son ildə əsərləri çap olunmuş Almaz Bədəlovanın “Qərbi Azərbaycan şivələri lüğəti”, Əlvan Cəfərovun “Qərbi Azərbaycan və Şərqi Anadolu dialektlərinin etnolinqvistikası” haqqında da maraqlı məlumatlar verən Z.İsmayıl bu əsərləri də Qərbi Azərbaycana qayıdış istiqamətində aparılan siyasət üçün əhəmiyyətli dəstək hesab edir.

Eləcə də alim Elbrus Vəliyevin “Qrammatik məfhumların tədrisində bədii ədəbiyyatlardan istifadə” dərsliyi, Elnarə Niftəliyevanın “Azərbaycan dilində enontiosemiya hadisəsi”, İsrafil Babayevin “İngilis və Azərbaycan dillərində zərf və onun funksiyaları” adlı əsərləri haqqında öz fikirlərini bölüşür.

Kitabın sonunda “İstifadə edilmiş ədəbiyyat siyahısı” təqdim olunub.

Dilçi-alim, dosent Zülfiyyə İsmayılın “Ədəbi dil və dilçiilik araşdırmaları” kitabının III cildi də elmə yeni, dəyərli töhfədir. Müəllifi uğurlu əsər münasibətilə təbrik edir, tükənməz elmi yaradıcılıq uğurları arzulayırıq!

Aytən CƏFƏROVA

AMEA Naxçıvan Bölməsi

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 08.05.2024 14:52