AZ EN RU

Azərbaycan daha bir “mümkünsüzü” mümkün etdi

Həm də vaxtından əvvəl…

Bu cür narahatlıqlar 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə hər zaman olub: Rusiya sülhməramlıları bölgəyə yerləşibsə, buradan çıxmaları çox çətin olacaq və yaxud şimal qonşumuz Cənubi Qafqazdakı bu təsir rıçaqını zamanı gəldikcə daha da uzadacaq və sair. Doğrudur, nikbin düşünənlər də az deyildi, ən azından ortada Qəbələ RLS nümunəsi var idi. Amma bütün bu narazılıqları təbii qəbul edənləri də qınamaq olmazdı. Çünki həm II Qarabağ savaşı sırasında, həm də ondan sonra bölgədə gedən proseslərdə ölkəmizə, ordumuza qarşı oynanılan çirkin oyunların çox şahidi olmuşuq. Amma bir də ortada reallıq var axı – nəyi, nə zaman edəcəyini bilən Lider reallığı.

Sülhməramlıların Azərbaycandan çıxarılmasından iki gün əvvəl Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, qatı ermənipərəst deputat Konstantin Zatulin bildirmişdi ki, “bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi sülhməramlıların geri çəkilməsi ilə bağlı məsələni ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiyadan kənarda ölkəyə vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri daha da azalıb”.

Aprelin 17-də mediada Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasının videogörüntüləri yayıldıqdan qısa müddət sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mövzu ilə bağlı Azərtac-ın sualını cavablandırması məsələyə rəsmi şəkildə aydınlıq gətirdi: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Həmin gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prosesin başlandığını təsdiq etsə də, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov operativ və daha məzmunlu şəkildə məsələyə münasibətini bildirdi. Azərbaycandakı prosesləri hər zaman obyektiv qiymətləndirməyə çalışan politoloq belə bir açıqlama verdi: “RSK-nin Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Buna görə də tərəflər arasında münaqişənin həll edilməsi zərurəti aradan qalxdı”.

Markov bunu da xatırlatdı ki, Ermənistan tərəfi dinc erməni əhalisinin Qarabağdan təxliyəsini təşkil edib: “Bir müddət RSK Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”.

Bəli, həqiqətən də verilən açıqlamalardan da göründüyü kimi 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası Azərbaycanda faktiki olaraq bitmişdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən sülhməramlıların ölkədə qalma müddətinə hələ bir ildən də artıq vaxt var idi. Amma rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə qabaqdangəlmişlik etmədi, əksinə prosesin mövcud razılaşmaların ruhuna uyğun olaraq irəliləməsinə imkan verdi. Eyni zamanda Azərbaycan bu prosesdə elə incə gedişlər etdi ki, sülhməramlıların burada görə biləcəyi heç bir iş qalmasın. Təsadüfi deyildi ki, hələ yaxın günlərədək sülhməramlıların mina axtarışlarına cəlb olunması, Qarabağdakı tikinti-quruculuq işlərində iştirakı ilə bağlı bəzi mövzular ortaya atılmışdı. Amma bütün bunların hamısı səmərəsiz yollar idi. Çünki mina axtarışlarında iştirak xüsusi təlimlər görmüş heyətlər tərəfindən aparılır, sülhməramlıların isə nə belə təcrübəsi, nə də missiyası yox idi. Quruculuq işlərində isə mülki özəl şirkətin təmsilçiləri daha çox rol alırlar. Və bu işdə Rusiya şirkətləri də təmsil oluna bilər, hansı ki, ölkəmizdə digər sahələrdə bu cür çalışan xeyli sayda Rusiyanın özəl qurumları var.

Beləliklə, artıq Rusiya da anlayırdı ki, sülhməramlıların Qarabağda işi bitib. Ukrayna ilə müharibə fonunda həm şəxsi heyət və texnikalara ehtiyac var, həm də kütləvi sanksiyaların tətbiq edildiyi, iqtisadi şərtlərin uyğun olmadığı bir dövrdə kənarda hərbi birləşmələr saxlamaq büdcə üçün əlavə yükdür. Digər tərəfdən, Moskvada da başa düşməmiş deyildilər ki, Azərbaycan ərazisində müvəqqəti də olsa Rusiya qoşunlarının yerləşdirilməsi xalqın narazılığı ilə müşahidə olunur, amma müqavilənin vaxtı bitmədiyindən bu narazılıq pik həddində deyil. Moskva isə son dövrlərdə Cənubi Qafqazla bağlı bağlı gedən çirkli oyunlarda, xüsusilə Ermənistanın açıq şəkildə onun orientasiyasından çıxması fonunda Bakı ilə münasibətləri pisləşdirmək istəməzdi. Bununla da Azərbaycan 2020-ci ildə Rusiya sülhməramlılarını Azərbaycan ərazisinə yerləşdirməklə, Qərbin bölgəyə müdaxiləsinin qarşısını aldı. Türkiyəni bölgəyə gətirməklə (Ağdamdakı monitorinq mərkəzi) isə Rusiyanın hərbi gücü qarşısında əlini gücləndirdi və hərbi-siyasi tarazlığı qorudu. Bir sözlə, düzgün hesablanmış siyasi kurs, tarixi vəziyyətin düzgün qiymətləndirilməsi və tərəfdaşlarla münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması bu prosesin də uğurla başa çatdırılmasını təmin etdi.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 18.04.2024 12:47