AZ EN RU

Azərbaycan Cüdo Federasiyasının prezidenti idmançılarla görüşüb

    “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində muxtar respublikamızda davamlı tədbirlər həyata keçirilir. Əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 


    Naxçıvanda idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən federasiyalar tərəfindən mütəmadi olaraq seminarlar, təlim-məşq toplanışları keçirilir, uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsi təmin olunur. Bu tədbirlər sırasında cüdo idman növünün diyarımızda daha da inkişaf etdirilməsi və kütləviliyinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən də davamlı təlim-məşq toplanışları, seminarlar, təcrübəli məşqçilərin muxtar respublikaya dəvəti təşkil olunur. 
    İyul ayının 21-də Azərbaycan Cüdo Federasiyasının prezidenti  Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasında olub. Səfər çərçivəsində federasiya prezidenti Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalovla görüşüb. Görüş əsnasında bu növün muxtar respublikada kütləvi hal alması, gənclər arasında təbliği üçün fikir mübadiləsi aparılıb.
    Daha sonra qonaqlar Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində olub, keçirilən məşq prosesini izləyiblər. Məşqdən sonra məşqçi və idmançıların fikirlərini dinləyən Rəşad Nəbiyev muxtar respublikamızda cüdonun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib. Rəşad Nəbiyev Naxçıvanda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayıb.
    Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov Olimpiya İdman Kompleksində keçirilən digər idman növləri üzrə məşqləri izləyiblər.
    Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasına müasir tələblərə ca­vab verən 1 dəst tatami hədiyyə olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.07.2022 20:55