AZ EN RU

Azərbaycan çempionatının qalibi Məhəmməd Muradlı

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
    Azərbaycan çempionatının final görüşündə beynəlxalq usta Məhəmməd Muradlı (2528) ilə qrossmeyster Misrətdin İsgəndərov (2566) üz-üzə gəliblər. Rəqiblərin ilk gündə keçirilən görüşündə ağ fiqurlarla mübarizə aparan Məhəmməd qalib gəlib. İkinci gündə keçirilən görüş daha gərgin xarakter daşıyıb. Burada da üstünlüyü ələ alan Məhəmməd Muradlı qalib gələrək Azərbaycan çempionu adına layiq görülüb. 
    Üçüncü yer uğrunda görüşdə isə qrossmeyster Vasif Durarbəyli (2615) qrossmeyster Aydın Süleymanlı (2530) ilə qarşılaşıb. Hər iki görüşü qələbə ilə başa vuran ötən ilin çempionu Vasif cari ildə çempionatı üçüncü pillədə başa vurub.
    Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan 4 zəka sahibi mart ayında Sloveniyada keçirilən kişilər arasında Avropa çempionatına ezam ediləcək.
    Sonda qalib şahmatçılar diplom, medal və pul mükafatı ilə təltif ediliblər.
    Tədbir başa çatdıqdan sonra Azərbaycan çempionatının qalibi, beynəlxalq usta Məhəmməd Muradlının fikirlərini öyrəndik: “Çempionatdan öncə final mərhələsinə rahat şəkildə vəsiqə qazanacağımı düşünürdüm, lakin çempionatın gedişatı belə göstərmədi. Ölkə birinciliyinə istədiyim kimi başlaya bilmədim və ilk 7 turdan sonra 3,5 xalla turnir cədvəlinin orta pillələrində qərarlaşmışdım. Ancaq məşqçimin də köməkliyi və dəstəyi ilə sonrakı oyunlarda özümü toparladım və final mərhələsinə vəsiqə qazandım. Bu mərhələyə düşdükdən sonra artıq birinci mərhələdəki bütün uğursuzluqlarımızı unutmağa çalışdım və birgünlük istirahətdə yalnız buna kökləndim. Final mərhələsinə də uğursuz başladım. Vasif Durarbəyli ilə görüşdə 20 gedişlik məğlubiyyətlə üzləşdim. Ancaq özümü itirmədim və geri dönüş edə bildim. Final oyunu da çox maraqlı alındı.  Hər ikimiz üçün də şans var idi, ancaq sonda mən daha diqqətli oyun göstərə bildim və qələbə qazandım. Çempionatın Naxçıvanda keçirilməsi mənim üçün düşərli oldu. Şahmatçılar üçün hər şey yüksək səviyyədə təşkil olunmuşdu və özümüzü burada çox rahat hiss edirdik”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.02.2022 21:49