AZ EN RU

Azərbaycan çempionatında ilk mərhələ başa çatıb

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilkin mərhələsi başa çatıb.
    Son turdan öncə ikinci – final mərhələsinə vəsiqə qazanan üç zəka sahibinin adı məlum idi. 9-cu turdan sonra isə dördüncü və son vəsiqənin sahibi məlum olub. Belə ki, beynəlxalq ustalar İsmayıl Şahəliyev (2380) ilə Murad İbrahimlinin (2418)  görüşü “sülh”lə başa çatdıqdan sonra 4 zəka sahibi – Məhəmməd Muradlı, Eltac Səfərli, Murad İbrahimli, Əhməd Əhmədzadə turnir cədvəlində 5,5 xalla 4-7-ci yerləri bölüşdürüblər. Son turda Məhəmməd Muradlı Aydın Süleymanlı, Eltac Səfərli isə Nicat Məmmədov üzərində qələbələr qazanıb. Yarışın əsasnaməsinə əsasən xallar bərabər olan zaman əlavə göstəricilər – qələbələrin sayı, şəxsi görüş və Buhqolts əmsalı tətbiq olunur. İlk göstərici Məhəmməd Muradlı və Murad İbrahimlidə daha yüksək və Buhqolts əmsalı Məhəmməd Muradlıda yaxşı olduğu üçün o, final mərhələsinə 4-cü vəsiqəni təmin edib.
    Qeyd edək ki, ilk mərhələdən sonra Vasif Durarbəyli və Misrətdin İsgəndərov 7 xalla turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. Aydın Süleymanlı isə 6 xalla üçüncü yerdədir.
    Görüşlərdən sonra Azərbaycan çempionatının ilk mərhələsinin mükafatlandırma mərasimi keçirilib. Yarışın baş hakimi Lütfiyar Rüstəmov bu barədə məlumat verib, finalçıları təbrik edib və digər iştirakçılara karyeralarında uğurlar arzulayıb. Çempionatın əsasnaməsinə əsasən 5-10-cu yerləri tutan şahmatçılar – Murad İbrahimli, Eltac Səfərli, Əhməd Əhmədzadə, Uğur İlyaslı, Xəzər Babazadə və İsmayıl Şahəliyev pul mükafatı ilə təltif olunublar.
    Sonra 15-18 fevral tarixləri arasında keçiriləcək Azərbaycan çempionatının yarımfinal mərhələsinin püşkü atılıb. Püşkə əsasən yarımfinalda beynəlxalq usta Məhəmməd Muradlı qrossmeyster Vasif Durarbəyli ilə, beynəlxalq usta Aydın Süleymanlı qrossmeyster Misrətdin İsgəndərovla qarşılaşacaq (adları ilk qeyd olunan şahmatçılar ilk oyunda ağ fiqurlara sahibdirlər).
    Qeyd edək ki, iki klassik oyundan sonra qalib müəyyən edilməzsə, rəqiblər nəzarət vaxtı – oyunun sonuna qədər 15 dəqiqə və hər gedişə 10 saniyə əlavə olunmaqla iki oyun və əgər yenə də hesabda bərabərlik olarsa, 5'+3" nəzarət vaxtı ilə daha iki oyunda qalibi müəyyən etməyə çalışacaqlar. Sonda bərabərlik halında “Armageddon”da ağlara 5 dəqiqə, qaralara isə 4 dəqiqə nəzarət vaxtı ilə qalibi müəyyən edəcəklər; heç-heçə qaraların qələbəsi kimi qəbul olunur. 
    Yarımfinalın qalibləri finalda birinci yer, məğlub şahmatçılar 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.02.2022 19:14