AZ EN RU

Azərbaycan-BMT əlaqələrinin inkişafı davamlı xarakter daşıyır

    Çoxsaylı ölkələri özündə birləşdirən Birləşmiş Millətlər Təşkilatı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatıdır. Azərbaycan 1992-ci il martın 2-də bu təşkilata üzv seçilmiş, ölkəmizin dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılmış, may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. Bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması demək idi. Ümummilli liderimiz Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə bu məsələ ilə bağlı demişdir: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”.

    Azərbaycan BMT-yə 1992-ci ildən üzv olsa da, bu sahədə uğurlu əməkdaşlığın əsası bir il sonra –  xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. Məhz BMT ilə əlaqələrin sistemli şəkildə qurulması bu nüfuzlu qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək mümkün olmuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da ümummilli liderimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir. Ölkəmizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş və bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını bir daha təsdiq edərək işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələbini irəli sürmüşdür. 
    Xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyev BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayaraq onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını irəli sürmüşdür. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra Baş Məclisin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilmişdir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasının gündəliyində iyirminci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Dövlət başçısı 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltmişdir. Ölkə rəhbəri Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, işğal zamanı xalqımıza məxsus tarixi və mədəni abidələrin vəhşicəsinə dağıdıldığını bildirmişdir. BMT Baş Assambleyasının 2017-ci il sentyabrın 20-də Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında dövlət başçısının dərin məzmunlu çıxışı da xarici siyasət sahəsində dövlətimizin qəti mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirmişdir. 
    Təəssüflər olsun ki, dünya ölkələrini bir çətir altında birləşdirən BMT kimi nüfuzlu təşkilatın qəbul etdiyi qətnamələr ikili standartlar səbəbindən uzun illər yerinə yetirilməmişdir. Yalnız 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində ölkəmiz işğal olunmuş ərazilərini ordusunun gücü ilə azad edərək həmin qətnamələrin yerinə yetirilməsini praktik olaraq özü icra etmiş, Azərbaycanın daim dünya ölkələri ilə sülh və dostluq şəraitində əməkdaşlığa böyük önəm verdiyini təsdiqləmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında müharibənin başlanmasından bir müddət sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul edilməsinə nail olmaq istəyərkən, Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı Daimi Nümayəndəsi çevik və prinsipial mövqe nümayiş etdirərək ədalətin bərqərar olmasına kömək etmişdir.
    Azərbaycan həqiqətlərinin dünya birliyinə tanıdılmasında yüksək tribuna rolunu oynayan BMT ilə əlaqələrin inkişafında son onillikdə daha böyük uğurlar əldə olunmuşdur. 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2011-ci ilin oktyabrında keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın 155 səs toplaması, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi tarixə düşməsi bunu bir daha təsdiq edir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik... Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir”. Ölkəmiz 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik etmişdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail olmuşdur. Bu gün Azərbaycan BMT-nin müxtəlif orqanları – Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsi, İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı ilə əlaqələrini yüksək səviyyədə davam etdirir.
    BMT ilə əlaqələr 2020-ci ildə də uğurla davam etdirilmişdir. 21 sentyabr 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev videoformatda çıxış etmişdir. Dövlət başçısı çıxışında BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırmış, təşkilatın qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsini vurğulamışdır. Dekabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilmiş, Prezident cənab İlham Əliyev sessiyada videoformatda çıxış etmişdir. 
    Ötən il BMT ilə əməkdaşlıq özünün yeni mərhələsinə qədəm qoymuşdur. Belə ki, mart ayının 1-də BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021 - 2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalamışlar. Sayca beşinci olan Əməkdaşlığa dair Çərçivə dörd prioritet sahəni müəyyən edib: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət. Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış etmişdir.
    BMT-nin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri də davamlı xarakter daşıyır. 1997 və 2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Naxçıvana səfər edərək burada görüşlər keçirmiş, muxtar respublikanın blokada şəraiti, iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən işlər və digər məsələlər barədə müzakirələr aparmışlar. Ötən dövrdə muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə layihələri icra olunmuş, 2016-cı ildə Naxçıvan Dövlət Universitetində “BMT Modeli” konfransı keçirilmiş, 2017-ci ilin oktyabrında Naxçıvan Biznes Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsinin iştirakı ilə “Sığınacaqla bağlı müraciətlərin yönləndirilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda regional təlim təşkil olunmuşdur. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirməsi həm də BMT-nin dünyada sülhün və təhlükəsizliyin təmin olunması işinə töhfə kimi dəyərləndirilmişdir. 2019-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olmuşdur. Həmçinin Naxçıvan Biznes Mərkəzində əsas icraçı tərəfdaşı BMT-nin İnkişaf Proqramı olan və Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin konfransı keçirilmişdir. Ümumilikdə, indiyədək bu beynəlxalq qurum tərəfindən muxtar respublikada çoxsaylı layihələr təşkil edilmişdir. Ötən ilin oktyabrında Naxçıvan Biznes Mərkəzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə aidiyyəti dövlət təşkilatlarının əməkdaşları üçün “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim olmuşdur.
    Bu gün Azərbaycanın bütün parametrlər üzrə Cənubi Qafqazın lider ölkəsi olmasını inkişaf etmiş dünya ölkələri də etiraf edirlər. Ölkəmizin beynəlxalq şərq-qərb nəqliyyat və ticarət əlaqələrinin inkişafına, qlobal enerji bazarına, ekologiyanın qorunmasına, habelə terrorizmə, irqi və dini ayrı-seçkiliyə qarşı mübarizəyə verdiyi böyük töhfə, günü-gündən genişlənən sıx əlaqələri onun BMT-də nüfuzlu ölkə kimi tanınmasının bir daha sübutudur. 

“Şərq qapısı”

Nəşr edilib : 01.03.2022 23:45