AZ EN RU

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Mayın 1-də Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadənin Belarus Parlamentinin Təhsil, mədəniyyət və elm komissiyasının sədri İgor Marzaliukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət zamanı Azərbaycanla Belarus arasında mövcud dostluq əlaqələrindən, müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Tərəflər ölkələrimiz arasında parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsi, deputatların dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı faydalı əməkdaşlığı ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkili qeyd olunub. Forumda səmərəli müzakirələrin keçirildiyi bildirilib. Regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərin önəmi vurğulanıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Nəşr edilib : 01.05.2024 19:58