AZ EN RU

Azərbaycan, Azərbaycan...

Bu Vətənin əzəldən bəri sözə böyük marağı olmuşdur. İstər Qarabağ, istərsə də Şəki, Naxçıvan və Azərbaycanın başqa regionlarından sözün dəyərini bilən, yazıb-yaradaraq bu diyarı vəsf etməyi özünə borc bilən böyük sənətkarlar çıxıb.

Bu dahi sənətkarlarımızdan biri də 1906-cı ilin 27 may tarixində saza-sözə böyük marağı olan, Vaqif tək ustadları bu Vətənə bəxş edən Qazax diyarında dünyaya göz açan bir sənətkar - Səməd Vurğundur.

Səməd Vurğun, əsil adı ilə desək, Səməd Vəkilov. Şair Qazaxın Yuxarı Salahlı kəndində dünyaya göz açıb, lakin şeir və şeiriyyatla dövr edən bu diyar balaca Səməd üçün o qədər də insaflı olmayıb. Şairin 6 yaşı olarkən anası Məhbub xanım dünyasını dəyişir. Balaca yaşlardan anasızlığın nə olduğunu hiss edən Səməd Vurğun atası Yusif ağanın və ana nənəsi Ayşə xanımın himayəsində yaşayır. Şair “Acı xatirələr” poemasında uşaqlığını belə yadına salır:

Qurban bayramıydı, gülürdü dağlar,

Qonşumuz xınalı bir erkək kəsdi.

O bayram günündə anamı ağlar

Görəndə, üstümdən bir çovğun əsdi.

O gün qonşumuzun oğlu başına

Qoymuşdu bir qara, buxara papaq;

Qüruru sığmazdı uşaq yaşına.

Yanımdan keçirdi tərs-tərs baxaraq.

 Mənsə sallamışdım yerə burnumu

Baxıb köynəyimin yamaqlığına,

Deyirdim: "Dünyanın vəfası bumu?

Hamını almayır öz qılığına".

 "Uşaq əziz gündə sınmasın", - deyə

Anam cehizliyi yorğan üzündən

Mənə üst köynəyi tikdi hədiyyə.

Mən də iki dəfə öpdüm üzündən.

Ah, mehriban ana! Ah, əziz ana!

O gündən bəridir həsrətəm sana!..

Şairin həyatındakı dönüş nöqtəsi Qori Müəllimlər Seminariyasından başlayır. Azərbaycan maarifçisi Firudin bəy Köçərli tərəfindən Qori Müəllimlər Seminariyanın Azərbaycan şöbəsinin buraya köçürülməsindən sonra, həmin seminariyaya Səməd Vəkilov və qardaşı Mehdixan Vəkilov da daxil olmağı bacarırlar. Gənc yaşlarından şeiriyyata böyük marağı olan sənətkar Azərbaycan ədəbiyyatı ilə yanaşı Avropa və türk ədəbiyyatına da yaxından bələd idi. Bir müddət keçdikdən sonra, 1922-ci ildə atası Yusif ağa və bir il sonra da nənəsi Ayşə xanım dünyadan köçür. Səməd Vurğun yaşadığı böyük itkidən sonra, ona bibisi qızı qayğı göstərməyə başlayır. Seminariyada oxuyarkən o, ilk şeirlərini yazmağa başlayır. Şairin ilk çap əsəri isə 1925-ci ildə Tiflisdəki “Yeni fikir” qəzetində dərc olunan “Cavanlara xitab” şeiri idi. Şair həmin şeiri seminariyanı bitirməsi münasibətilə yazmışdı. Səməd Vəkilov xalqına və vətəninə bağlı olduğu üçün məhz elə “Vurğun” təxəllüsüylə şeiriyyata öz imzasını qoyur.

1929-cu ildə şair ikinci Moskva universitetinə daxil olur. həmin illər yazdığı şeirləri 1930-cu ildə çap olunan “Şairin andı” adlı kitabında cəmləşir. 1934-cü ildə “Şairin könül dəftəri”, 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunub. Səməd Vurğunu ədəbiyyata sevdirən və fərqləndirən cəhətlərindən biri də səlist Azərbaycan dilindən istifadə etməsidir. 1935-ci ilə çatanda dahi şair 7 poema və 100-dən çox şeir yazmışdır. Onun ədəbiyyata bəxş etdiyi, Azərbaycan xalqı tərəfindən böyükdən kiçiyə hər kəsin dilində əzbər olan “Azərbaycan” şeiri isə yaradıcılığının ən önəmli hadisələrindən biri kimi dəyərləndirilə bilər.

Şair şeir yaradıcılığı ilə yanaşı, Puşkinin “Yevgeni Onegin” kimi böyük əsərinin səlist tərcüməçisiydi. Elə məhz həmin tərcümə əsərində şair yazırdı:

Axıtdım alnımın inci tərini,.

Yanmadım ömrümün iki ilinə.

 Rusiya şeirinin şah əsərini.

Çevirdim Vaqifin şirin dilinə.

Şair bundan başqa Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin bir hissəsini, dahi Nizaminin “Leyli və Məcnun” poemasını da dilimizə tərcümə etmişdir.  Ona səs gətirən əsərlərindən biri məhz dahi şair Molla Pənah Vaqifin həyatından bəhs edən “Vaqif” dramı olur. Şair burada Vaqifin timsalında Azərbaycan torpağının ucalığını tərənnüm edərək yazırdı:

- Bəs baş əymədiniz.

- Əymədim bəli, əyilməz vicdanın böyük heykəli.

Bundan başqa şair “Ananın öyüdü”, “Şair, nə tez qocaldın sən? ”, “Ana”, “Dağlar”, “Ceyran”, “Ala gözlər”, “Yada sal məni” və b. şeirlərin də müəllifi olmuşdur.

Rafiq Təhməz

Nəşr edilib : 27.05.2024 11:45