AZ EN RU

Azərbaycan Avropanın etibarlı “yaşıl enerji” tərəfdaşına çevrilir...

Bu tərəfdaşlığın möhkəmləndirilməsində Naxçıvanın da xüsusi payı olacaq

    Dövlət başçısı cənab İlham Əliyevin keçirdiyi görüşlər, etdiyi səfərlər, apardığı danışıqlar Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun, iqtisadi qüdrətinin daha da artırılmasına, tərəfdaşlıqların etibarlığına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfələr verir. Bu baxımdan mayın 31-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –  “Caspian Power” sərgilər də ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsi yolunda atılan uğurlu addımlardan xəbər verdi...

    Sərgilərin rəsmi açılış mərasimində iştirak edən ölkə Prezidenti çıxışında 1994-cü ildə ilk neft-qaz sərgisinin keçirilməsinə, həmin il ölkəmizdə vəziyyəti kökündən dəyişən, xarici sərmayələrin cəlbinə geniş imkanlar açaraq iqtisadi sabitliyin təmin olunmasına səbəb yaradan “Əsrin müqaviləsi”nə toxundu, Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətə malik olduğunu vurğuladı: “...eyni zamanda onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır – ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır”. Avropa İttifaqı ilə Azərbaycan arasında ötən ilin iyulunda imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumuna, Cənub Qaz Dəhlizinin siyasi-iqtisadi çəkisinə, roluna diqqəti çəkən ölkə­mizin başçısı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının müsbət məqamlarından, “BP” şirkəti ilə reallaşdırılan qaz hasilatı layihələrindən, enerji mənbələrindən, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi proseslərindən, nüfuzlu xarici sərmayədarların ölkə iqtisadiyyatına cəlbindən, Avropa ölkələri ilə əməkdaşlıq əlaqələrindən söhbət açdı. Qısa, lokanik, eyni zamanda dərin məzmun kəsb edən nitqdə diqqətçəkən mühüm məqamlardan biri də son illərdə ölkəmizin reallaşdırılması labüd, prioritet iqtisadi layihələrindən hesab olunan “yaşıl enerji” ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, ötən ilin dekabr ayında Buxarest şəhərində “yaşıl enerji”yə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada “yaşıl enerji”yə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Sitat: “Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik ki, bu da bizim əlavə töhfəmiz olacaq”.
    Şübhəsiz ki, ölkəmizin “yaşıl enerji” potensialı, alternativ enerji mənbələrindən geniş istifadə, ixrac imkanlarının artırılması barədə danışdıqda Naxçıvan Muxtar Respublikasının bu sahədəki töhfələrini dəyərləndirməmək mümkünsüzdür. Cari il aprelin 5-də Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanovun Naxçıvana səfəri zamanı “Şərq qapısı” qəzetinə müsahibəsində də qeyd etdiyi kimi, burada bəzi illərdə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisi ənənəvi mənbələrdən əldə edilən elektrik enerjisini keçib. Dünya üzrə baxsaq, bu, inanılmaz dərəcədə gözəl göstəricidir. Almaniya kimi ölkədə bu, 40 faizdir, amma Naxçıvanda bunun 60 faizə çatdığı illər olub. Düzdür, indiki quraqlıq bu rəqəmi dəyişdirir, amma Naxçıvandakı Günəş radiasiyası dünyada mövcud olan ən yaxşı radiasiyalarla müqayisə oluna bilər...
    Ölkə Prezidenti cənab İlham Əliyev də çıxışlarında dəfələrlə bu məqama toxunub, Naxçıvanın “yaşıl enerji” zonasına çevirmək planlarının olduğunu, burada Su, Günəş Elektrik stansiyalarının tikintisi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Dövlətimizin başçısı cari il martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bu barədə deyib: “Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”. Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, ölkə rəhbərinin tapşırığına əsasən ötən dövrdə Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” konsepsiyasının tətbiqi, muxtar respublikanın elektroenergetika və qaz təchizatı sistemlərinin ölkə sistemlərinə inteqrasiyası və aidiyyəti digər məsələlər ilə bağlı müvafiq araşdırmaların aparılması və təkliflərin hazırlanması məqsədilə işçi qrupu yaradılıb, qısa və uzun dönəmli planlar hazırlanıb, müəyyən istiqamətlər üzrə bir sıra tədbirlər reallaşdırılıb. İlkin olaraq Naxçıvanda görüşlər keçirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə tapşırıqlar verilib. Sonra investorlar, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən tanınmış, dünya səviyyəli xarici şirkətlərin yerli nümayəndəliklərinin rəhbərləri muxtar respublikaya gələrək kameral araşdırmalar aparıblar. Təxminən, 8 min hektardan çox ərazinin bərpa olunan enerji mənbələri stansiyalarının tikilməsi üçün bugünkü gündə tam şəkildə yararlı vəziyyətdə olduğu müəyyənləşib. Artıq bu istiqamətdə işlər məntiqi sonluqla nəticələnmək üzrədir. İyunun 3-də Bakı Enerji Həftəsinin sonuncu günü Naxçıvanda “Naxçıvan və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı” mövzusunda xüsusi sessiyanın keçirilməsi, sessiya çərçivəsində imzalanan memorandumlarla dövlətimiz muxtar respublikanı “yaşıl enerji” zonasına çevirmək məqsədinə bir addım daha yaxınlaşdı. Sessiyada muxtar respublikanın elektrik enerjisi tələbatının üçdəbirinin bərpa olunan enerji hesabına ödəndiyini qeyd edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Naxçıvanda 1500 MVt gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılmasının hədəfləndiyini bildirdi: “Bu gün burada “TotalEnergies” və Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan Günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq”. Onu da qeyd etmək yerinə düşər ki, iyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlayıb. Ümumilikdə, bu günədək muxtar respublikada elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası, o cümlədən 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 4,5 meqavat gücündə Heydər Əliyev su anbarı üzərində Su Elektrik Stansiyası, Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə “Biləv” Su Elektrik stansiyası, Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndi ərazisində 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası, Kəngərli rayonunda 5 meqavat gücündə, Şərur rayonunda 8 meqavat gücündə Günəş Elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0,3 meqavat gücündə Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib. Hazırda tikilməkdə olan su elektrik stansiyalarının layihə gücü 51,6 meqavat təşkil edir... 
    İyunun 5-də ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən muxtar respublikanın iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından, tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılmasına, iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, maddi rifahın yüksəlməsinə təkan verəcək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, həmin mühüm əhəmiyyətli dövlət sənədində enerji təhlükəsizliyinin təminatı, bərpa olunan mənbələr hesabına ixrac imkanlarının genişləndirilməsi də prioritet istiqamətlər sırasında yer alıb. Belə ki, Dövlət Proqramının “Mövcud çağırışlar” hissəsində Naxçıvanda elektrik enerjisinin istehsalı və ixracı üzrə mövcud potensialdan istifadə etməklə yeni bərpa olunan enerji (əsasən, günəş) stansiyalarının, həmçinin istilik elektrik stansiyalarının tikintisi və eyni zamanda tezlik tənzimlənməsinin dayanıqlığının təmini, mövcud elektrik stansiyalarının və şəbəkəsinin təmiri, avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması vəzifələri qarşıya qoyulub. Dövlət sənədinin “Prioritet 6. Elektrik enerjisi istehsalının və ixracının artırılması” hissəsində qeyd olunur ki, Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi imkanı, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyə Respublikasının enerji sistemi vasitəsilə aparılması və Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcəkdir. Əminliklə demək olar ki, Dövlət Proqramında energetika sahəsində müəyyənləşdirilən strategiyaların, qarşıya qoyulan vəzifələrin sistemli şəkildə uğurlu icrası Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi prosesinə daha təsirli təkan verəcək...
    Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi enerji təhlükəsizliyi siyasəti çərçivəsində son illərdə Avropanın bir sıra ölkələrinə enerji ixracatı ilə bağlı əldə olunan razılaşmalar, xüsusilə də ötən il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” ölkəmizin yaxın gələcəkdə “yaşıl enerji” sahəsində Avropanın daha böyük, etibarlı tərəfdaşı olacağını deməyə əsas verir. Təbii ki, Şərqi Zəngəzur, Qarabağla yanaşı, güclü bərpa olunan enerji mənbələri potensialı, Avropa enerji sisteminə inteqrasiya olunmuş Türkiyə bazarına birbaşa çıxış imkanı ilə Naxçıvan da bu tərəfdaşlığa mühüm töhfələr verəcək.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 04.06.2023 11:39