AZ EN RU

Azərbaycan addım-addım növbəti siyasi qələbəni – sülhü yaxınlaşdırır

“Ən böyük müdafiə hücumdur” tendensiyası idmanda, hərbdə, diplomatiyada, bir sözlə, həyatın bütün sahələrində özünü doğruldub. Otuz illik müdafiə xarakterli danışıqların nəticəsizliyindən sonra əks-hücumla başlatdığı 44 günlük Vətən müharibəsi, 24 saata yaxın antiterror tədbirləri ilə müzəffər Azərbaycan Ordusu əzəli torpaqların azadlığını, ölkənin suverenliyini təmin etməklə bu amilin həqiqiliyini bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyevin siyasi qətiyyəti, iradəsi ilə diplomatiya sahəsində daim hücumda yer alan Azərbaycan artıq addım-addım növbəti siyasi qələbəni–sülhü yaxınlaşdırır. Ölkə başçısı mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında müharibədən sonra regionda yaranmış vəziyyəti şərh edərkən də bu faktı diqqətə çəkdi. Sitat: : Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı.

Xatırladaq ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etdiyi forum adından da göründüyü kimi, sülh və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunub. Üç gün davam edəcək forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir... Açılış mərasimində iştirak edən ölkəmizin başçısı dərinməzmunlu nitqində bölgənin sülh və təhlükəsizliyinə dair bir sıra məqamlara aydınlıq gətirdi, regionda qarışıqlıq yaratmaq istəyən qüvvələrə növbəti tutarlı siyasi mesajlar verdi. Sülhün əsas açarı sayılan sərhədlərin delimitasiyası, demarkasiya işlərinə toxunan Prezident bu prosesin artıq başladığını diqqətə çatdırdı. Heç kimə sirr deyildir ki, 30 illik sülh danışıqları sırf keçmiş münaqişənin dondurulmasına yönəldilmişdi və bu prosesdə xüsusilə Fransanın canfəşanlığı nəzərə çarpırdı. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə Ermənistandakı revanşist, vandalizmə meyilli qüvvələrə deyil, bu dar düşüncəlilərə dəstək göstərənlərə də layiqli hərbi-diplomatik dərs keçdi. Müharibədən dərhal sonra yenidən tərəfləri köhnə, mənasız danışıqlar masasına çəkməyə çalışanların məkrli planları Qalib Lider tərəfindən fiaskoya uğradıldı. Ölkəmiz bir neçə il ərzində bütün cəbhələrdə inamla, qətiyyətlə savaşdı və qalibiyyətin zirvəsini yaşadı. Öz hərbi-siyasi gücü ilə ərazi bütövlüyünü, suverenliyini təmin etməklə yanaşı, ötən günlərdə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Qazaxın 4 kəndinin geri qaytarılması ilə artıq vasitəçilik missiyasına da birdəfəlik son qoymuş oldu. Ölkə başçısı forumda bu məsələyə də diqqətləri yönəldərək qeyd etdi ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik...

Tanınmış Livan yazıçı və tənqidçisi Mixail Nüaymə deyirdi ki, o xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu gün bəzi Qərb ölkələri, o cümlədən də Fransanın yanlış mövqe seçiminin də məhz bu amildən irəli gəldiyinə heç bir şübhə yeri yoxdur. Demokratiya, insan azadlıqları və sülh prosesində özünü dırnaqarası nümunə göstərməyə çalışan, “tarixi işğalçılıq” tamaşasının baş aktyoru nə qədər əldən-ayaqdan getsə də, Azərbaycanı bu yalançı səhnələrin sehrinə sala bilməyəcək. Ən əsası ona görə ki, Azərbaycan artıq 90-cı illərin əvvəlindəki Azərbaycan deyil, ölkəni idarə edən hərtərəfli siyasi biliyə, praqmatik düşüncəyə, sarsılmaz qətiyyətə malik Liderdir. Ölkə həm siyasi gücü, həm də iqtisadi qüdrəti ilə onunla hesablaşmağa vadar edir, sözünü keçirməyi yaxşı bacarır. Və bu bacarıq sayəsində təkcə müharibədə deyil, bütün istiqamətlərdə qalibiyyət qazanıb, Qoşulmama Hərəkatına bir neçə il sədrlik edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilib, Cənub Qaz Dəhlizinin əsas tərəfdaşına çevrilib, neft, qaz, yaşıl enerji sahələrində beynəlxalq layihələrə imza atıb. Ən nəhayət, bu il dünyanın çox böyük və mühüm dövlətlərarası tədbirlərindən COP29-a ev sahibliyi edir. Bütün bunların fonunda son günlər baş verən hadisələr göstərir ki, artıq Ermənistan da Azərbaycanla hesablaşmaqdan başqa alternativ yol tapa bilmir və Fransanın cəhdlərinin mənasız olduğunu yavaş-yavaş dərk edir...

Ölkə başçısının forumda da qeyd etdiyi kimi, otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Bəli, ümidvarıq ki, Ermənistan artıq yalançı havadarlarının oyununa getməyəcək, keçmişdəki səhvlərdən dərs çıxararaq sülhdən başqa yolunun olmadığını anlayacaq. Azərbaycanı yenidən anlatmağa vadar etməyəcək...

Nail ƏSGƏROV

Nəşr edilib : 01.05.2024 16:56