AZ EN RU

AZAL: "Bakı-Naxçıvan reyslərinə tələbat tam ödənilir"

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı və Naxçıvan arasında reyslərə sərnişinlərin tələbatını tam ödəyir.

Bu barədə  AZAL-dan bildirilib.

"Tam əminliklə bildirik ki, bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb. Əks təqdirdə sərnişinlərdən AZAL-ın callcenter@azal.az elektron ünvanı vasitəsilə müraciət etmələrini xahiş edirik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar.

Aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirir və gündəlik 2 minə yaxın sərnişin daşıyır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.

Lakin mövcud narahatlığı nəzərə alaraq, yaxın zamanda biletlərin satışı aviaşirkətin rəsmi www.azal.az saytı üzərindən tam onlayn şəkildə həyata keçiriləcək. Onlayn satışa keçidin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq.

Hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur. Sərnişinlərdən mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün diqqətli olmalarını xahiş edirik", - deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 20.06.2023 17:03