AZ EN RU

Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

    Salam gətirmişəm sənə, ey ulu türkün yurd-yuva qurduğu qədim diyar, Azərbaycan! Salam gətirmişəm həsrətin, hicranın vüsal çələngindən, o taylı, bu taylı Azərbaycanın, min illər boyu sərvətləri yağmalanan, xalqının azadlığı, müstəqilliyi əlindən alınan, torpaqları çapılıb-talanan, milli soykökünə kölgə salınan Odlar yurdunun qəhrəmanlığından, mübarizliyindən, el atası Dədə Qorqudun xeyir-duasından, Banu Çiçəklə Beyrəyin əhdi-peymanından, Qaraca Çobanın ağasına sədaqətindən, bəy şalına bayramlıq bağlayan adaxlı qızın arzusundan, niyyətindən, illərdir, gözü yollarda qalan soydaşlarımızın “qərib Vətən” harayından. Xan Arazın nalə qoparan sükutundan, Xaqaninin Şirvanından, Nizaminin Gəncəsindən, Xan qızı Natəvanın Qarabağından, Cavanşirin, Babəkin qüdrətindən, dili bir, amalı bir, əqidəsi bir Vətən övladlarının ləblərindən süzülən kəlmələrdən salam gətirmişəm sənə. Bir də salam gətirmişəm anasından ayrı düşən biçarə övladtək çarəsizcə boylanan, baxan, əl uzadanda əli çatmayan, haray qoparanda ünü yetməyən Naxçıvanın qəlbində boğulub qalan bütöv Azərbaycan həsrətindən...

    Ey Vətən, ey əcdadlarımıza yurd-yuva olan, dostlarımıza pənah yeri, düşmənlərimizə qorxu salan qədim diyar, Azərbaycan! Köksündə böyüyüb ərlik göstərən, min illər boyu hər bir qarış torpağına, elinə, obana sahib çıxan ər-ərənlərin şah qamətindən xəbərin varmı? Hər sabahı Qapıcıq dağının fövqündən boylanan Günəşin al şəfəqləri ilə qarşılayan Nuhçıxanın, Bakın, Gəncən, Şamaxın, hər bir guşən inkişaf edib, yenilənib. Bu eldə-obada yaşayan, ömrünü zəhmətə, alın təri ilə halal çörək qazanmağa həsr edən övladların oğul-uşaq sahibi olub, hər ocaqda, hər yurd-yuvada bir igid əsgər böyüdüb, sənə, mənə, bizə, qəlbində Vətən daşı olan bütün soydaşlarımıza arxa-dayaq, ümid yeri yetişdiriblər. Böyüyəndə əcdadlarından onlara miras qalan elin, yurdun, namusunu qorusunlar deyə qulaqlarına “Polad” adı çağırılıb, düşmənə qorxu, nifrət, dosta bəxtəvərlik, ucalıq versinlər deyə adlarına “Mübariz” deyilib, başım üstə məğrur-məğrur dalğalanan bu ay-ulduzlu bayrağı özlərinə can, ruhum üçün, cismim üçün Vətən olan şəhid qoxulu torpağı müqəddəs and yeri biliblər. Düşmənin yurdumuza uzanan əllərini kəsib, məkrli istəklərini qəlblərində puç ediblər, son anlarında, son məqamlarında belə “Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan” söyləyiblər. Bir an belə olsun geri çəkilmədən, qorxmadan, çəkinmədən, “ya Qarabağ, ya ölüm!” şüarını dillərində əzbər etməklə tarix olublar, qələbəndən, müvəffəqiyyətindən, rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfərindən xəbərin varmı, Vətən?

    Salam, Qarabağ! Ey dostunu, düşmənini hər birimizdən daha yaxşı tanıyan, qəlbi sinədəftər, ruhu da, cismi də Azərbaycan olan məmləkətim. Otuz ildir, “azad Vətən” sözünə həsrət qalan qulaqlarında bu gün “Allahu Əkbər!” sədası səslənir, o müqəddəs dinindən, imanından xəbərin varmı? Bağrında Xan qızı Natəvanın toy-büsatın quran, Üzeyir bəyin qəlblərimizi riqqətə gətirən musiqilərinə şahid olan, məmləkətim, güllələnmiş heykəllərin köksündə açılan yaralara məlhəm olmağın acısı azmı yordu səni, azmı incitdi hər birimizi? Otuz il ərzində sərvətləri talanan, maddi mədəniyyət nümunələri, bədii irsi təcavüzlərə məruz qalan bir diyarın haqq səsi olmaq, əyyaş düşmənin Cıdır düzündə at oynadıb, rəqs etməsinə şahidlik etmək yalnız sənin yox, hər bir soydaşımızın duz basılan, qaysaq bağlamayan yarasıdır. Amma belə bir deyim var, söyləyirlər ki, hər qaranlıq gecənin də bir aydın sabahı olur. Bu aydın sabahlar Azərbaycan xalqı üçün parlaq bir Günəştək doğdu. Dünyanın nizam-intizamı belədir; bir yanda Günəş çıxanda, zülmət gecələr aydınlığa qovuşanda, digər tərəfdə işıqlı səmalar qaranlığa qərq olar. Sənin də taleyindən qaranlıqlar sovuşub yerinə parlaq səhərlər gələndə, digər tərəfdə düşmənin qanlı-qadalı gecələri başladı. Bir zamanlar “dağlarda toy” edənlərə Azərbaycan Ordusu elə bir toy tutdu ki, səsi məğribdən məşriqə gedib çatdı, Qarabağ torpağında kök salmaq istəyən düşmən toysuz, düyünsüz gəldiyi yerə geri qayıtdı. Halbuki işğalçı niyyətlə yurdumuza gələndə “toy-büsatla” gəlmişdilər… Bu gün sənin qoynunda xalqımızın mərd, igid oğulları uyuyur, toy havası çalınmamış, övladından “ata” kəlməsini eşitmədən əbədiyyətə qovuşmuş, tarix olmuş, yarım qalmış həyatlar uyuyur, şəhidlər, fədailər uyuyur. Düşmənin qəlbinə dağ çəkib, dünyaya hərb dərsi verən, sözdə şücaət göstərənlər yox, elə hər kəlməsi, hər sözü, yerişi, duruşu əməldə şücaət, cəsarət olanlar uyuyur. Hər bir qarış torpağın, daşın isə bu gün oyanıb, aydın sabahlarından, gülüstanlı gün-güzəranından xəbərin varmı? 
   Salam, şəhidim! Peyğəmbər qoxulu cənnətin necədir? Öz canınla, qanınla düşmənə sinə gərib tarix yazdığın, yalnız ailənin yox, bütöv Azərbaycan xalqının başını uca etdiyin üçün Uca Yaradan əlbət ki, mükafatlandırıbdır səni? Deyirlər, şəhid cənnətinə ayaq basanda Allah bütün məhşəri qaldırar onun ayağına, hələ bu dünyadaykən sevdiyi, əziz tutduğu istəkli bəndələrini göndərər şəhidinə tərəf. Qalxın, əbədi həyatın, şəhadətin ləzzətini duyan bu gəncə ehtiram göstərin söyləyər. Bu olsa gərək ən ali mükafatın. Cənnətdəki mübarək ruhun bizləri seyr etdikcə, daim şad olsun! Hələ sağlığında yaddaşlarda buraxdığın xoş xatirələr isə kəlmələrə çevrilər, oradan da göz yaşı olub yanaqlara süzülər. Kimisi ömrünün ən gözəl çağında yolunu kəsən fələyi lənətləyər, yeri, göyü təqsirkar bilər. Kimisi səndən sonra dünyaya gələn övladına sənin adını verir, qoy atası kimi qəhrəman, igid oğul olsun söyləyir. Qara libaslara bürünən, qara şal içərisində sanki ondördgünlük ayı xatırladan bir nur üz “mənim oğlum qəhrəmandır, mərddir, igiddir, südüm ona halal olsun”, – deyər. Vaxtsız solan gül-çiçəkdən, qəlbimizdə qubar bağlayan yaralardan, nisgillə keçən günlərdən, qəm-qüssədən xəbərin varmı? Qisası qiyamətə qoymayan döyüş yoldaşlarının hünərvərliyindən, “dəmir yumruq” olub hər biri bir Polada, Mübarizə, Fəridə bərabər olan igidlərimizin ər meydanında qoç Koroğlunu xatırladan cəngindən xəbərin varmı? Bizim üçün, geridə buraxdığın ailən üçün heç darıxma, nigaran da qalma, şəhidim. Zaman gələr boş qalan qucaqlarda yenidən qəhrəman oğullar, qızlar böyüyər, bağça-bağlar bar gətirər, var yetirər. Qərib quşlar dönər isti yuvasına. Bir vaxt da gələr Qarabağda olduğu kimi, o taylı, bu taylı el-obamızın görüşünə gedərik, Zəngəzur elində bir tonqal qalayıb Oğuz elini toy-bayrama çağırarıq, ana-nənələrimiz təndir salar, çörək açar, bir ocaq başında isinər, “könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!” söylərik. 

    Salam, ey ana Vətənim, Azərbaycan! Yenə qəlbim sözlərlə, xoş arzularla, niyyətlərlə doludur, bu şad halımdan xəbərin varmı? Yenə işıqlı sabahından, uğurlarından, hər günü bir tarixə bərabər olan nailiyyətlərindən yazmaqla fəxr edir, öyünürəm. Axı necə öyünməmək olar? Mənim millətlər içində millətim, dövlətlər içində dövlətim, xalqımın, Azərbaycanımın imzalar içində imzası, adlar içində adı var: Azərbaycan! Hər daşına, torpağına, hər ləçəyi asimana, Tanrı dərgahına duaya qalxan xarıbülbülün o qəlbə şəfqət verən adına qurban olum. Qaytara bilərəmmi bununla sənə borcumu? Çürüsəm, bir ovuc torpağın artsa mənə, bizə, bütün soydaşlarımıza göstərdiyin o nəvazişin əvəzi olarmı? – Yox! Olmaz! Vətən anadır, Vətən namusdur. “Ana haqqı – Tanrı haqqıdır”, – deyib Dədə Qorqud. Bu haqq ödənməz, ödənə bilməz! Ey ana Vətənim, ey ruhumun sevgi dolu titrəyişi, hər anım, hər dəqiqəm səninlə keçir. Sənsiz bir anımız olmasın, arzularımız, ümidlərimiz Azərbaycansız Xaliq dərgahına ucalmasın, budur sənə ən saf niyyətim, budur ən gözəl sözüm. Bir söyləsənə mənə, ən ülvi duamdan, istəyimdən xəbərin varmı? Mən sənin nurunun, aydın, süd kimi ağ işığının cazibəsinə sevdalanmış eşq pərvanəsiyəm, təmənnasız sevgimdən xəbərin varmı? Yurdunun hər qarış guşəsində böyütdüyün övladların bu gün “Vətən”, – deyir, ölənlərimiz əvəzinə, qalanlarımız “Vətən”, – deyir. Beşikdən məzaracan hər anımız “Vətən”, – deyir, “Vətən” söyləyir.
     Ey qara donlu, dinsiz düşmən! Eşit və agah ol ki, azad, müstəqil Şuşamızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Qəhrəman oğullarımızın ayaq basdığı o torpaqlar günü-gündən müasirləşir, abadlaşır, inkişaf edir. Bir zamanlar köməksiz halda yurdundan, yuvasından didərgin saldığın soydaşlarımız yenidən qayıdır ata-baba yurdlarına. Xocalıdan, Xankəndidən, Ağdərədən, Ağdamdan “Azad Azərbaycan” şüarı səslənir. Bu səslər sənin qəlbinə hələ neçə illər dağ çəkəcək, yurduna od salıb, yuvanı viran qoyacaq. Ey mənfur düşmən, eşit və agah ol ki, dağlardakı toy-büsatın cəmi 44 günün içində yasa dönüb, matəmindən xəbərin varmı? Keçilməz dediyin sədlərin, istehkam məntəqələrin bir anın içində od olub başına yağdı, külündən xəbərin varmı? Fəxr edib, öyündüyün, döyüş meydanında qorxaq, hiyləgər tülkünü xatırladan ordun pərən-pərən düşdü, itkinindən, ötkünündən xəbərin varmı? Cəbrayıldan İrəvana “çəkdiyin yolunda” ot bitib, tikanlar göyərib, aciz halından xəbərin varmı? Qürrələndiyin millətin, dırnaqarası xalqın Azərbaycan əsgərinin köməyinə, bir içim suyuna, çörəyinə möhtac qaldı, dilənçindən, ac-yalavacından xəbərin varmı? Ey dinsiz, huşsuz düşmən, eşit və agah ol ki, nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı da var olacaqdır. Nə qədər ki Azərbaycan xalqı var, Şanlı Ordumuz böyük qələbələrə imza atacaq, böyük zəfərlər qazanacaqdır. Bir sözlə, bil və agah ol ki, “dəmir yumruq” hələ də öz yerində, öz məqamında dayanıb! 
    …Aman Allah! Yalvarıram sənə. Görülməmiş bir möcüzə göstər. Qaldır bir anlığa Xanı məzardan ölüylə-dirini üz-üzə gətir, qurtarsın yatanın canı məzardan. İxtiyar vaxtında, qoca yaşında, papaq başında. Görsün ki, Qarabağı necə azaddır, ellər tamaşası necə azaddır...

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 14.11.2023 18:08