AZ EN RU

Azadlıq zirvəsinə gedən yolun cəngavərləri

    Müstəqilliyimiz üçün canlarını qurban verən günahsız insanlarımızın vətənpərvərliyi bu gün də hər birimizi düşündürür. Onlar azadlığa qovuşmaq yolunda şərəf və ləyaqət zirvəsinin cəngavərləri oldular. 
    İllərin əsarət zəncirini tamamilə qıran Azərbaycan şanlı müstəqillik tarixini həmin yanvar şəhidlərinin qanı ilə yenidən yazdı. Elə azadlığımızı bizə bəxş edən də canını düşünmədən meydana axışan bacı-qardaşlarımız oldular. Babam hər zaman bu haqda danışardı. Böyüdükcə kitab və televiziyadan öyrəndiklərim məndə ifadəsi olmayan hisslər buraxıb. Bu faciə Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. Eyni zamanda həmin gün hər bir azərbaycanlı üçün qəhrəmanlığı ehtiva edən tarixdir.
    20 Yanvar hadisəsi xalqımızın sonrakı taleyində dönüş anı oldu. Həmçinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərməklə yanaşı, dövlət müstəqilliyinin bərpa edilməsində böyük rol oynadı. Lakin bu millətin arxalandığı bir rəhbər var idi: Ümummilli Lider Heydər Əliyev! 20 Yanvar hadisələrinə düzgün və obyektiv, hüquqi-siyasi qiymət verilməsi də məhz onun adı ilə bağlıdır. Həmin çətin günlərdə faciə ətrafındakı xəyanət sükutunu ilk yaran dahi şəxsiyyətin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Ulu Öndərin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə etiraz səsi ucaldı. 
    Bu gün artıq Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, dövlətimiz dünya miqyasında tanınır, daim irəliyə doğru addımlayır, xalqın həyat səviyyəsi getdikcə yüksəlir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərliyi məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev edir. 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycanın əzəli və əbədi torpaqlarına qovuşması xalqın Liderinə etimadını doğruldub. Əminliklə deyə bilərik ki, 20 Yanvar şəhidləri cəsarətlə Vətənimizin müdafiəsinə qalxdıqları kimi İkinci Qarabağ müharibəsinin şəhid və qaziləri də başda olmaqla bütün döyüşçülərimiz eyni ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Azərbaycan deyən hər bir vətənpərvərin şəhadətə yüksəlməyi özünə amal seçərək irəlilədiyi yolda yalnız bir nəticə ola bilər. Bugünkü tam ərazi bütövlüyü olan azad Azərbaycan. Bu böyük zəfəri qəhrəmanlıqları sayəsində bizə bəxş edən vətənsevər insanlarımızdır. 20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır. 

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 20.01.2024 15:28