AZ EN RU

Azadlıq mücadiləsinin qəhrəmanlıq salnaməsi – Kəlbəcər

    Tarixboyu zəngin təbiəti, milli-mənəvi dəyərləri, yeraltı və yerüstü sərvətləri ilə seçilən, dünyada tayı-bərabəri olmayan yurdumuzun və ona xüsusi özünəməxsusluq qazandıran, taleyinə həkk olan xalqımızın qəhrəmanlığı, mətinliyi, mübarizliyi haqqında çox deyilib, çox yazılıb. O xalq ki ərazisini, ovuc-ovuc qurub-yaratdığı torpağını, qəhrəman övladlarına isti qucaq, doğma ocaq olan səfalı yerlərini düşmənə pay etməmək üçün savaşıb, şəhidlər verib, lakin geri çəkilməyib, sınmayıb. Bu diyarın hər qarış torpağının ayrıca bir tarixçəsi var, qəhrəmanlıq tarixçəsi, şərəf tarixçəsi... 

    Bolşevik qüvvələrinə təslim olmayan Bakısı, Mart soyqırımlarının açdığı yaralara baxmayaraq, ümidi sınmayan, əqidəsindən dönməyən, daha da mətinləşən Qubası, hər çalxantılara, xəyanətlərə məruz qalan, çapılıb-talanan, Turan türk elinə açılan qapı olan Naxçıvanı və doğma Qarabağına ad-san qazandıran, 30 il düşmən tapdağı altında əzilən, işğallara məruz qalan Qarabağ adlı azadlıq mücadiləsinin Şuşa, Ağdam, Qubadlı, Zəngilan, nəhayət, bir güllə belə atmadan üçtərəfli Bəyanatla düşmənin batinindəki rəzil xislətini dünyaya çatdıraraq öz azadlığına qovuşan, günü-gündən çiçəklənən, Gülüstana çevrilən, müasirləşən Kəlbəcər zəfəri...

Dağ üstə qərar tutan dağlar gözəlim mənim

Əzəli-əbədi türk yurdumuz olan Kəlbəcər rayonu zəngin təbii sərvətləri ilə sayılıb-seçilir. Hündürlüyü üç mindən artıq olan sıra dağları, münbit torpağı, zümrüd kimi yaşıl, gözoxşayan meşələri, cana məlhəm, ruha şəfa olan “İstisu”yu və saymaqla bitməyən, tükənməyən dəyərləri bu diyara başqa bir lətafət verib. Kəlbəcər həm də ən qədim insan məskənlərindən hesab olunur. Tarixçilərin qənaətinə əsasən deyə bilərik ki, bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycan ərazisində gün üzünə çıxan ibtidai insan icmasının ilkin həyat rüşeymləri Qarabağda, həmçinin Kəlbəcər rayonu ərazisində mövcud olmuşdur. Qarabağın qərbində yerləşən yurdumuzda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Elə bu məqamda demək yerinə düşər: Bütün tarixi isbatları bir kənara buraxsaq, təkcə gil lövhələr üzərində ilkin türk əlifbası ilə həkk olunmuş yazılar bir daha sübut edir kimin kim, nəyin nə, yurdun kimə mənsub olduğunu…

Düşmən süngüsünə keçən Kəlbəcər

Mənfur düşmənlərimizin torpaqlarımıza olan əsassız iddiaları ötən əsrin 80-ci illərində geniş vüsət almağa başladı. Qısa zaman ərzində havadarlarının köməyi ilə güclənən erməni ordu birləşmələri doğma yurdumuzun üzərinə işğalçı niyyətlə gəldilər, heç bir savaş qanunlarına sığmayan, hədəfi südəmər körpələr, əlsiz-ayaqsız qocalar olan zəlil niyyətlə... 1992-ci ildə Xocalı, Şuşa, Laçın və digər yaşayış məntəqələrinin insanlığa sığmayan vəhşiliklə bir-birinin ardınca işğalı,  paytaxt Bakıda “masabəylik” edən dövrün dırnaqarası siyasətçilərinin yarıtmaz ideyaları Qarabağın işğalına mane ola bilmədi. Bu qanlı müsibətlərin hədəfinə Kəlbəcər də tuş gəldi.
    1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itirmiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyəsinə nail olmuşdu. Lakin heç bir silah-sursatı olmayan, pərakəndə mübarizə aparan qəhrəmanlarımız düşmənin güclü qüvvəsi qarşısında tab gətirə bilmədi. Qarabağın bir guşəsi də 1993-cü il aprelin 2-də işğal olundu. Zəngin təbiəti, tarixi abidələri, milli-mənəvi dəyərləri düşmən tərəfindən tar-mar edildi. Bir zamanlar xalqımızın gözü kimi qoruyub saxladığı bu diyar düşmən vandalizmi nəticəsində dağıdıldı. Kəlbəcərin işğal altında olduğu illəri ürək yanğısı ilə dilə gətirən ümummilli lider Heydər Əliyev bir zamanlar deyirdi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

Azadlığın mübarək, qəhrəman Kəlbəcər

    2020-ci il 27 sentyabr tarixindən etibarən şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi tarixi Zəfərlə yekunlaşdı. Mübariz və qəhrəman ordumuz cəmi 44 gün ərzində ermənilərin keçilməz hesab etdiyi istehkamları bıçaq yağı kəsər kimi kəsib keçdi, qısa zaman ərzində Qarabağın yaşayış məntəqələri, habelə rayonlarımız düşmən işğalından azad olundu. Başına aldığı dəmir yumruğun zərbəsindən şüurunu itirmiş, düçar olduğu ağır məğlubiyyətin acısından yanıb kül olmuş düşmən rüsvayçılığını bir daha dünyaya çatdırdı. Bir-birinin ardınca kəndlərimizdə, qəsəbələrimizdə, azadlıq və müstəqilliyin simvolu olan Şuşamızda üçrəngli bayrağımız dalğalandı. Üçtərəfli bəyanata əsasən  Kəlbəcərin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Türkün ədalətinə sığınan erməni qəsbkarları bu möhlətə humanizm deməyi alçaq xislətlərinə sığışdırmayıb səbəb kimi ərazi relyefinin mürəkkəb olmasını bəhanə gətirdi. Düşmən məğlubiyyətlə barışa bilmədiyindən yenə də məkrli niyyətlərinə sadiq qalaraq böyük terror aktı həyata keçirmişdi, meşələri qırmış, ev-eşiklərə od vurmuş, mal-qaranı zəhərləyib tələf etmişdi. Nəhayət, 25 noyabr 2020-ci il tarixdə noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edildi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 il sonra rayona daxil oldu, uzun illərdir, yad səslərin hakim kəsildiyi bu diyarda azan səsi azad Vətən səmasına ucaldı, üçrəngli bayrağımız qürurla, fəxrlə dalğalandı. 

Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra tez bir zamanda Ali Baş Komandanın göstərişi ilə rayonlarda tikinti-quruculuq, abadlıq, yenidənqurma işlərinə başlanıldı. Ərazilərin bərpasına verilən önəmin göstəricisidir ki, Prezident cənab İlham Əliyev Böyük Qələbədən ötən iki il müddətində azad edilmiş rayonlarımıza bir çox tarixi səfərlər edib. Özü də heç biri adi səfər olmayıb, iri yenidənqurma layihələrinin, hava limanlarının, bir çox xidmət məntəqələrinin istifadəyə verilməsi, gələcək perspektivlərin reallaşması ilə yadda qalıb. Ötən zaman müddətində ölkə Prezidentinin Kələbəcərə etdiyi səfərlərində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa edilən 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində çəkilən 3,4 kilometrlik tunellərin bünövrəsini qoydular, “Kəlbəcər-1” Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olmuş, “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etmişlər. Bu layihələrin böyük bir qismi artıq yekunlaşıb, Kəlbəcərimiz müasirliyə qovuşmaqdadır.  Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılış mərasimində söylədiyi: “Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik” yüksək fikirlər daim öz tarixi aktuallığını qoruyacaq. Bu gün xalqımızın dəmir iradəsi, Azərbaycan Ordusunun şücaətilə bütün rayonlarımız hər ötən gün inkişaf yolunda daha da irəliləyir. Çünki Vətən öz sahiblərinin əlində olduqda dirçələr, güllük, gülüstanlıq olar. Elə Ali Baş Komandanın Kəlbəcərə etdiyi tarixi səfərdə dediyi kimi: “Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.11.2022 20:21