AZ EN RU

Ayxan Hüseynli yazır... “Dünya qonaq evidir”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Naxçıvan Müəllimlər İnstitunun müəllimi və doktorantı, gənc şair Ayxan Hüseynlinin “Dünya qonaq evidir” adlı dördüncü kitabı işıq üzü görüb.

Bu gün Azərbaycan oxucusu söz adamlarının yazılarını diqqətlə oxuyur və mənimsəyir. Bunun üçün də ədəbiyyata yeni gələn hər bir gənc yazar nə yazacağını daha dərin düşünməli, oxucusuna hörmətlə yanaşmalıdı.

Ayxan Hüseynli istər şeirlərinin dil və üslubunda, istər poetik düşüncələrində, istərsə də obrazlılığında daima yeni nəfəs, yeni söz axtarışında olub. Hər bir vətənpərvər şair kimi o da “Zəfər marşı” şeiri ilə kitaba qədəm qoyub. Vətənə, torpağa və şəhidlərə yazdığı şeirlərdən hiss olunur ki, gənc şair sözün ağırlığının, həssaslığının və nəcibliyinin yükünü öz kürəyində daşıyır.

Kitabda “Ana”, “Ölçüsüz sevgi”, “Sevginin dili”, “Tozlu pəncərədə-ümid”, “Özümə güzgüyəm”, “Çöp adam” şeirləri ən həlim, ən incə və ülvi hisslərindən yoğrulub sərin meh kimi oxucunun qəlbindəki şamı titrədir.

Kitabda yer almış 62 şeirdə milli şüurdan, fədakar mənəviyyatdan, özünə güzgü olmaqdan, insanlığa inanmaqdan və hər anı dəyərləndirməkdən sətiraltı mənalarda geniş bəhs edir. Sabaha pozitiv düşüncə, aydın təxəyyüllə baxan Ayxan Hüseynliyə sənət yolunda günəşli günlər arzu edirik.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 16.01.2024 11:06