AZ EN RU

Ayxan Hacızadə: Ermənistanın qondarma rejimi təbliğ edən açıqlamaları onların əsl niyyətindən xəbər verir

Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi, digər kobud pozuntu və təxribatlar törətməsi, eləcə də qondarma rejimi təbliğ edən açıqlamaları barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir.

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, Ermənistanın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir. Ermənistan tərəfinin daim istinad etdiyi Alma-Ata Bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.

Nəşr edilib : 07.03.2024 16:34