AZ EN RU

Aydın sabahlara uğurlu addımlarla

Gəncliyimiz, gələcəyimiz

    Artıq bir təhsil ilini də başa vurmuşuq. Hər il olduğu kimi, bu il də bir çox gəncimiz gərgin zəhməti, çalışqanlığı, elm, təhsil yolundakı yorulmaz addımları ilə yüksək nəticə toplayaraq tələbə adı qazanmağın bir addımlığında dayanıb. İllərin zəhmətinin, yuxusuz gecələrin şirin nəticələrini topladıqları yüksək balda görən məzunlarımız həm müəllim və valideynlərinin, həm də Vətənimizin fəxri, başucalığıdırlar. Həmin gənclərimizdən biri də Babək rayon Zeynəddin kənd tam orta məktəbinin məzunu, lV ixtisas qrupu üzrə muxtar respublika birincisi olan Fuad Məmiyevdir. Hələ uşaqlıq illərindən dəqiq fənlərə maraqgöstərən qəhrəmanımızın fikirlərini, qazandığı uğurun əsas səbəblərini, həmyaşıdlarına bu haqda tövsiyələrini, əziz oxucularımızla da tanış etmək qərarına gəldik.

     “Yeganə məqsədim gələcəkdə savadlı həkim olmaq, bu yolla az da olsa, Vətən borcumu yerinə yetirməkdir”, – deyən müsahibimiz özü haqqında məlumat verərək söhbətə başladı:
    – 2005-ci ildə Zeynəddin kəndində anadan olmuşam. 2011-ci ildə Babək rayonunun Zeynəddin kənd tam orta məktəbinə daxil olmuş, 2022-ci ildə həmin məktəbi “Qızıl” nişanla başa vurub məzun adını qazanmışam. Məktəb illərində dəqiq fənlərə böyük marağım var idi. İxtisaslar içərisində diqqətimi çəkən tibb sahəsinə insanlara, Vətənimə xidmət göstərməyin bir yolu, vasitəsi kimi baxmışam, bu ixtisasa qəbul olmağı qarşıma məqsəd qoymuşdum, necə deyərlər, gecəmi gündüzümə qatmışdım. Hədəfimə çatmaq üçün çoxlu kitablar oxuyur, vaxt bölgüsünü düzgün müəyyənləşdirməyə, asudə vaxtdan səmərəli istifadə etməyə diqqətlə yanaşır, sosial şəbəkədə yalnız maraqlı, faydalı videomateriallar izləyirdim. Aşağı siniflərdən artıq bir çox olimpiadalara qatılır, intellektual yarışlarda iştirak edirdim. Həmin yarışlar içərisində fizika fənni üzrə rayon və muxtar respublika birinciliklərini qazanmışam. Bu uğurlarımı qəbul imtahanında da doğrultmağa nail oldum. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının birinci mərhələsində maksimum 300 baldan 281 bal, ikinci mərhələsində isə maksimum 400 baldan 395 bal toplayaraq, ümumilikdə, 676 bal nəticə ilə IV ixtisas qrupu üzrə muxtar respublika birinciliyini qazanmışam. Özüm haqqında onu da qeyd edim ki, tibb ilə yanaşı, musiqiyə də uşaqlıqdan maraq göstərmişəm. Xatırlayıram ki, Naxçıvan Uşaq Filarmoniyasının məktəbimizə gələn nümayəndə heyəti tərəfindən seçilərək bir çox yarışmalara da cəlb edilmişdim. Hətta Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsində ikinci yerin qalibi olmuşdum.
    Bu da bir təcrübədir ki, adətən, uğur qazanmaq, bir sahədə özlərini təsdiq etmək üçün o yolları qət etmiş insanlarla söhbət daha maraqlı olur, onların fikirlərini öyrənmək arzusu yaranır. Bu, bir çox sahələrdə belədir, eynilə təhsil sahəsi kimi... Mövzumuzun gənc qəhrəmanı Fuad da çoxsaylı oxucu kontingentinə malik həmyaşıdlarına, bu yolun gələcək yolçularına tövsiyələrini verməyi unutmadı:
    – Hər bir insan, ələlxüsus da, gənclər öz potensiallarına çox yaxşı bələd olurlar, güclərinin hansı nöqtəyə çatacağını yaxşı bilirlər. Savad, intellekt, elmə olan maraq da insana hələ körpəlikdən aşılanır, onun şüuruna həkk olunur. Hərdən valideynlər deyir ki, uşağın düşdüyü mühitdir onu formalaşdıran. Düzdür, mühitin bizim həyatımızda rolu əvəzolunmazdır, amma bu bütün məsuliyyəti cəmiyyətin üzərinə yükləmək anlamına gəlmir. Daxilən sakittəbiətli, hörmətli ailədə böyümüş uşaq gələcəkdə bunları mütləq həyatında əks etdirir. Hesab edirəm ki, bu mövzuda müasir gəncliyin bəxti gətirib. Bu gün gənclərimizin istənilən sahədə özünü doğrultması üçün hər bir şərait var. Gözəl məktəb binaları, işıqlı sinif otaqları, zəngin kitabxanalar və bunun kimi çoxsaylı təhsil-mədəniyyət ocaqları qurulub-yaradılaraq bizim ixtiyarımıza verilib. Bir şagirdin Vətən qarşısındakı yeganə borcu ona layiq vətəndaş olmaqdır. Biz bu torpaqda böyümüşük, bu yurdun havasını udub, çörəyindən yemişik, ona borcumuzu mütləq ödəməliyik. Bu məqamda mərhum şairimiz Musa Yaqubun orta məktəbdə əzbərlədiyim, həmişə sevə-sevə qiraət etdiyim misraları düşdü yadıma:

            Bəlkə də, borcundan çıxmadım, Vətən
            Ömür bahar deyil, bir də qayıtsın,
                Ölsəm də qoynunda qoy ölüm ki, mən,
                Çürüyüm, bir ovuc torpağın artsın.

    Hər bir gəncin formalaşmasında, ailənin rolu böyük olduğu kimi, cəmiyyətdə də müəllimin rolu əvəzolunmazdır, inkaredilməzdir. Bilikli şagird qürur, fəxr deməkdir, gələcəyə nurlu baxış deməkdir. Hər bir müəllim illərdir, göstərdiyi pedaqoji fəaliyyətinin, necə deyərlər, daxili hesabatını verərkən həmin uğurlu şagirdləri ilə öyünür, onları xatırladıqca qəlbindəki fəxr hissi daha da pərvazlanır. Elə Zeynəddin kənd tam orta məktəbinin direktoru, uzun illərdir, məktəbdə riyaziyyat fənnini tədris edən Raifə Əsgərova kimi. Raifə müəllimə də Fuadla bağlı fikirlərini bizimlə bölüşdü. Diyarımızda yaradılan yüksək təlim-tədris şəraitindən söhbət açan müsahibimiz dedi: – Muxtar respublikamızın uğurlu inkişaf siyasəti gənclərimizin təhsil səviyyəsinin yüksəldilməsinə, dünyagörüşlərinin formalaşmasına hərtərəfli şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitab”ın təsis edilməsi, gənclərə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Müxtəlif sahələrdə fərqlənən gənclərin istedadlarının qiymətləndirilməsi, onların fəxri diplomlarla, nominasiyalarla, hədiyyələrlə mükafatlandırılması muxtar diyarın gənclərinin öz üzərlərində daha böyük səy və məsuliyyətlə çalışmalarına təkan verir. Belə gənclərimizdən biri də bu il məktəbimizi ən yüksək nəticə ilə başa vuran Fuad Məmiyevdir. Fuad öz davranışı, yüksək intellekti ilə həmişə yaşıdlarından seçilib. Onun bu cür nailiyyət qazanacağına, yüksək nəticə toplayacağına bütün müəllim kollektivi, valideynləri tam əminliklə inanırdı. Bilirdik ki, Fuadı gələcəkdə həkim simasında görəcək, bununla qürur duyacağıq. Belə gənclərimizlə duyduğumuz qürur hissini ifadə etməkdə, həqiqətən, sözlər aciz qalır. Arzu edirəm ki, bütün gənclərimiz gələcəkdə əsl vətəndaş kimi formalaşsınlar. Bütün məzun adını qazanmış şagirdlərimizə tələbəlik həyatı arzu edirəm. 
    Bu gün gənc qəhrəmanımız Fuadın timsalında neçə-neçə savadlı gəncimiz məktəb həyatını bitirməklə həyat məktəbinin bir addımlığında, astanasında dayanıblar. Artıq təhsil illərindən qayğısız günlər də geridə qalıb. Tutduqları bu uğur yolunun onları nurlu gələcəyə aparacağına valideynləri, müəllimləri qədər biz də inanırıq. Arzu edirik ki, Fuadın timsalında bütün zəkalı gənclərimiz gələcəkdə özlərinə layiqli yer tutsunlar, Vətənimizə layiqli şəxsiyyət olub, ölkəmizi, xalqımızı dünyada qürurla təmsil etsinlər.

    Bülbül Quliyeva
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 14.07.2022 19:27