AZ EN RU

Aydın Mehdiyev: “Naxçıvanın təbiətində elə simalar var ki, onların hər birini sanki heykəltəraş işləyib”

Azərbaycan Fotoqraflar Birliyinin təmsilçisi, tanınmış fotoqraf, professor Aydın Mehdiyev Naxçıvan Muxtar Respublikasına gəlib. O, “Şərq qapısı” qəzetinə müsahibəsində gəlişinin məqsədi barədə, gələcək planlarından danışıb: – Novruz bayramı ilə əlaqədar Naxçıvandayam. Məqsədim burada keçirilən bayram tədbirlərini fotoaparatımın yaddaşına köçürməkdir. Ata evim Ordubad rayonundadır, uşaqlıq illərim orada keçib. Bildiyimiz kimi, bu il muxtar respublikanın 100 yaşı tamam olur. Mən də fevral ayında ölkəmizin bu qədim diyarının yubileyi ilə bağlı “Sehrli Ordubad” adlı sərgi keçirdim. Məni buraya çəkib gətirən digər bir səbəb isə sevə-sevə təsvir etdiyim Batabat, Göygöl, Əshabi-kəhf və Xaraba Gilandır.  Buranın təbiətində elə simalar var ki, onların hər birini sanki heykəltəraş işləyib. Naxçıvanın təbiət möcüzələrini saymaqla bitməz, hər biri bir sirdir. Ən maraqlısı isə Göygöldən aşağı doğru enən hissə, Pəzməri şəlaləsidir. Buranın dağlarındakı sima, gözəllik heç harada yoxdur. Naxçıvanda enerji bir formadan başqa formaya keçir, itmir.

Aydın Mehdiyev qeyd edib ki, muxtar respublikanın 100 illiyi ilə bağlı Naxçıvan şəhərində və Ordubadda sərgi açmaq istəyir: – Bu torpaqda böyüyən biri kimi həmişə buranın gözəlliklərini dünyanın hər yerində tanıtmaq üçün əlimdən gələni əsirgəmirəm. Naxçıvanın təbiəti müxtəlif beynəlxalq serftifikatlar qazanmağıma vəsilə olub. May ayında 10 tanınmış fotoqrafla birgə Naxçıvanın füsunkar təbiətini lentə almağa gələcəyik.

Bülbül QULIYEVA

Nəşr edilib : 15.03.2024 17:47