AZ EN RU

Aydın hədəf, planlı şəkildə çalışmaq, bacaracağına inanmaq – onların uğurunun sirri

    Müasir dövrdə hər bir sahədə inkişafın açarı güclü təhsil sayılır. Ölkəmizdə müasir təhsil sisteminin qurulması, dövrün tələblərinə uyğun inkişaf etdirilməsi bu sahədə uğurların qazanılması ilə nəticələnib. Hər il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında qazanılan nailiyyətlər belə uğurlar sırasındadır. Muxtar respublikamızda dövlət qayğısı hesabına təhsilin bütün pillələri üçün yaradılan şərait hesabına naxçıvanlı məzunlar hər il yüksək nailiyyətlər göstərirlər. Azərbaycan Respublikasının elm və təhsil nazirinin 21 iyul 2023-cü il tarixli əmrinə əsasən muxtar respublikadan 20 şagird “Qızıl”, 24 şagird isə “Gümüş” nişanla təltif olunub. Bu sırada Ordubad rayonundan olan məzunlar da vardır. Onlarla həmsöhbət olduq: 

    İbrahim İsmayılov 25 mart 2007-ci ildə Ordubad şəhərində anadan olub. Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə oxuyub, ümumi orta təhsili fərqlənmə attestatı ilə bitirib. Onun dedikləri: – Rayon miqyaslı imtahanlarda həmişə yüksək bal toplamışam. 2022-ci il muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə II, Amerikan riyaziyyat olimpiadasında III yerə çıxmışam, “SASMO” riyaziyyat və məntiq olimpiadasında sertifikat almışam, “Hippo” ingilis dili olimpiadasında da yüksək nəticə əldə etmişəm. Dərsdən əlavə, idmana marağım olub, məktəbdə futbol, voleybol və basketbol üzrə yarışlarda iştirak edib məktəbimizin adını yüksəltmişəm. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən “Qızıl” nişana layiq görülmüşəm. 
     I ixtisas qrupu üzrə qəbul imtahanında 622 bal toplayan İbrahim dedi: – Bu uğura çatmağımda məktəbimizin müəllimlərinə, maddi və mənəvi dəstəyini əsirgəməyən ailəmə borcluyam. Onu da qeyd etməliyəm ki, dərslərimə həmişə səylə çalışmışam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasını seçəcəyəm. Səbəbi isə texnologiyaların artıq hamı üçün əvəzedilməz olması və həyatımızın hər hissəsində ona ehtiyac duymağımızdır. Gələcək məzunlara tövsiyələrim isə dərslərinə səylə çalışmaları, özlərinə düzgün rejim qurmalarıdır. Beləliklə, vaxtlarına qənaət edib həm dərslərinə çalışıb, həm də başqa maraqları üzrə hərəkət edə bilərlər.

    Firuzə Məmmədli 29 iyun 2006-cı ildə Ordubad şəhərində anadan olub. Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin şagirdidir. Onun dedikləri: – Məktəbdaxili keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edirdim. Komandamızla birgə “Xəmsə” intellektual oyununda I yerə çıxmışıq. Həmçinin tez-tez televiziyada “Əlaçı” intellektual oyununa baxır, internet üzərindən bilik yarışlarına qoşularaq test həll edir, maraqlı məlumatları araşdırırdım. Əlbəttə ki, bunların da mənə faydası oldu. 
    IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 607 bal toplayan, məktəbi gümüş nişanla bitirən Firuzə dedi: – Uşaqlıqdan bəri xəyalım həkim olmaq idi. Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti arasında seçim edəcəyəm, Müalicə işi ixtisası üzrə təhsilimi davam etdirmək istəyirəm. Uğur qazanmaq üçün fikrimcə, qarşıya yüksək hədəflər qoymaq, nizamlı, əzmlə, inadkarlıqla, planlı şəkildə çalışmaq lazımdır. Bacaracağına inanmaq da uğurun yarısıdır.

    Nəzrin Hüseynli Ordubad şəhər tam orta internat məktəbinin şagirdidir. O dedi: – Məktəbdə oxuduğum müddətdə fizika və riyaziyyat fənləri üzrə olimpiadalarda iştirak edib uğurlar qazanmışam. Nailiyyətlərimə görə məktəbimiz tərəfindən dəfələrlə diplomla təltif olunmuşam. Məktəbi gümüş nişanla bitirmişəm. Boş vaxtlarımda bədii kitablar oxumağı, dostlarımla vaxt keçirməyi sevirəm. I ixtisas qrupu üzrə qəbul imtahanında 583 bal toplamışam. İnformasiya texnologiyaları ixtisası (tədrisi ingilis dilində ) üzrə ADNSU-da təhsil almaq qərarına gəlmişəm. Abituriyentlərə tövsiyəm odur ki, heç vaxt məqsədinizdən dönməyin və bu yolda əlinizdən gələni edin, dərslərinizə məsuliyyətlə yanaşın. 
    Biz də artıq tələbə adına layiq görülmüş bütün gənclərimizə daha böyük nailiyyətlər qazanmağı, ölkəsinə, xalqına faydalı olmağı arzu edirik.

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 07.08.2023 19:24