AZ EN RU

Axura kəndində rabitə infrastrukturu yenilənir

    Muxtar respublikada bütün sahələrdə olduğu kimi, rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Əhaliyə nümunəvi rabitə və internet  xidmətlərinin göstərilməsi diqqətdə saxlanılır. 
    Şərur rayonu da göstərilən bu diqqət və qayğıdan kənarda qalmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə cari ilin  yanvar ayında Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evinin istifadəyə verilməsi görülən işlərin məntiqi davamıdır. Rayonun bütün yaşayış məntəqələrində əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet və bir sıra telekommunikasiya xidmətləri göstərilir. Müasir tələblərə cavab verən yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır, mövcud avtomat telefon stansiyalarının  nömrə tutumları  artırılır, rabitə xətləri yenilənir, fiber-optik xətlər çəkilir.
    Rayonun dağ yaşayış məntəqəsi olan Axura kəndində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində rabitə xətt təsərrüfatında da yenilənmə işləri görülür, müasir rabitə infrastrukturu yaradılır. Kənd sakinlərinin müasir telekommunikasiya xidmətlərindən istifadə etmələri məqsədilə Rabitə Evində yenidənqurma işləri həyata keçirilir. Həmçinin bəzi küçələrdə kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltına köçürülür. Yeni dəmir dirəklər basdırılır, yararsız taxta rabitə dirəkləri çıxarılır, 7000 metrdən artıq müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə əvəzlənir, o cümlədən 20 ədəd yeni abonent qutusu əlavə edilməklə abonentlərin mənzillərinədək olan məsafədə yararsız kabellər yenilənir və rabitə xətlərindəki nasazlıqlar aşkar edilərək bərpa edilir. 
    Həyata keçirilən tədbirlər, yeni nəsil telekommunikasiya sisteminin qurulması sakinlərin müasir rabitə xidmətlərindən yararlanmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və 
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.08.2022 18:35