AZ EN RU

Avtomobilin icbari sığortasında sığorta haqlarının hesablanması və zərərlərin tənzimlənməsi qaydalarında edilən dəyişikliklər günün tələbidir

    Bildiyimiz kimi, Mərkəzi Bank sığorta bazarının inkişafı, şəffaflığı, sığorta sahəsində vətəndaş məmnunluğunu prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Sığorta sahəsində aparılan islahatlar, sığorta haqlarının hesablanması üzrə təsdiq edilən yeni qaydalar da bunun əsas göstəricilərindəndir.

    2022-ci il oktyabr ayının 1-dən etibarən yeni “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortahaqqı məbləğlərinin hesablanması Qaydası”nın tətbiqinə başlanılacaq. Bu qaydada sığortahaqqı sürücülərin daşıdığı risk səviyyəsinə görə müəyyənləşdirilir. Belə ki, sürücünün yaşı və sürücülük təcrübəsi, nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı, idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyi, nəqliyyat vasitəsinin istismar müddəti, sürücünün səbəb olduğu sığorta hadisələri əsas meyar kimi qiymətləndirilir.
    Sığortahaqqının hesablanmasında baza sığortahaqqı əvvəlki qaydada, 50 manat olaraq qalır. Avtonəqliyyat vasitəsinin növünə görə tətbiq edilən əmsallar da olduğu kimi saxlanılır. Yəni mühərrikin həcmi, sərnişin yerlərinin sayı, yük avtomobillərinin çəkisi və sair nəzərə alınaraq xüsusi əmsal (0.5-5 aralığında) tətbiq edilir. 
    Yeni qayda ilə sığortalının sürücülük təcrübəsi və yaşına görə baza sığortahaqqına 1-1.35 aralığında əmsal tətbiq olunur. Qaydaya görə, sürücülük təcrübəsi az (0-2 il) olanlar daha artıq, çox (10 ildən yuxarı) olanlar isə daha az sığortahaqqı ödəməli olacaqlar. Həmçinin ortayaşlı sürücülər digərləri ilə müqayisədə aşağı sığortahaqqı ödəyəcəklər. Məsələn, 30-65 yaş arası sürücülər 1 illik təcrübəyə malikdirlərsə, 1.30 əmsal (1.30 x 50 manat=65 manat),         7  ildən çox sürücülük təcrübəsinə malikdirlərsə, 1 (1 x 50 manat=50 manat) əmsal tətbiq ediləcək və sair. 
    Son dövrlərdə, xüsusən böyük şəhərlərimizdə avtomobillərin sayında artım müşahidə olunur. Təbii ki, bu artım qəzaların, sığorta hadisələrinin sayının çoxalmasına birbaşa təsir göstərir. Bunlar nəzərə alınaraq nəqliyyatın sıx olduğu ərazilərdə avtomobil idarə edən şəxslər üçün yüksək, intensivliyin aşağı olduğu ərazilərdə isə aşağı sığortahaqqı tələb olunacaq. Bakı şəhəri yüksək risk qrupuna aid edildiyindən  –  1.1 əmsal (50 manat x 1.1=55 manat), Sumqayıt şəhəri və Abşeron rayonu – 1.05 əmsal, Naxçıvan Muxtar Respublikası və Gəncə şəhəri – 1.0 əmsal, digər şəhər və rayonlar isə aşağı risk qrupuna aid olduğundan – 0.95 əmsalla sığortahaqqı hesablanılacaq.
    Bundan başqa, avtonəqliyyat vasitəsinin istismar müddətinə görə də sığorta haqlarında fərqlər olacaq. Köhnə avtomobil sahibləri yenilərlə müqayisədə daha artıq sığortahaqqı ödəməli olacaqlar. 0-10 il istifadədə olmuş avtomobil üçün baza sığortahaqqı 1 əmsala (50 manat x 1=50 manat), 11-20 il 1.05 əmsala, 20 ildən yuxarı 1.1 əmsala vurulacaq.
    Avtomobili idarə edən şəxslərin sayına uyğun olaraq nəqliyyat vasitəsini bir şəxs idarə etdikdə 1 əmsal, iki və ya daha çox şəxs idarə etdikdə (etibarnamə əsasında) 1.15 əmsal tətbiq ediləcək.
    Yeni qaydalarda bonus-malus sisteminə (sığortalının hadisə törədib-törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) də dəyişikliklər edilib. Əvvəlki qaydada köhnə ildə baş verən sığorta hadisələrinin statistikası əsasında bonus-malus əmsalı hər il yanvar ayının 15-də hesablanırdı. Artıq bu əmsal real vaxt rejimində hesablanacaq. Yəni zərərvuran qismində bu günədək baş verən sığorta hadisəniz müqavilə bağlanarkən sığortahaqqının hesablanmasında nəzərə alınacaq.
    Mərkəzi Bank sığorta haqlarının hesablanması qaydaları ilə yanaşı, sığorta hadisəsi zamanı zərərlərin tənzimlənməsi qaydalarını da yeniləmişdir. Bilirik ki, avtomobilin icbari sığortası növü nəqliyyat vasitəsi sahiblərinin digər şəxslərin əmlakına, səhhətinə vurduqları zərərlərin ödənilməsini nəzərdə tutur. Sığorta hadisəsi zamanı zərərçəkən tərəf zərərvuranın sığorta şirkətinə müraciət edərək sığorta ödənişi tələb edir. 
    2022-ci il 1 noyabr tarixindən tətbiq ediləcək olan “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”ya görə, zərərçəkən şəxs ödəniş almaq üçün zərərvuran şəxsin sığortaçısına deyil, öz sığorta şirkətinə müraciət edəcək. Bu da avtonəqliyyat vasitələri istifadəçiləri arasındakı münasibətlərdə əhəmiyyətli rahatlıq və müəyyənlik mühiti yaradacaq. 
    Beynəlxalq təcrübələrdən faydalanaraq hər iki qaydada edilən dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin öz sığortalılarına (müştərilərinə) daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə avtonəqliyyat sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına xidmət edəcəkdir.

Nərgiz ALLAHVERDİYEVA
Azərbaycan Respublikası Mərkəzi 
Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı 

 

Nəşr edilib : 21.09.2022 20:27